Accessibility links

Elmar Məmmədyarov: Xəzərin mərkəzində və cənubunda delimitasiyasının ən tez zamanda nizamlanmasına ümid edirik


Xəzər regionu

Xəzər regionu

Xəzəryanı dövlətlərin başçılarının növbəti sammiti keçirilənədək Konvensiya layihəsinin bütün razılaşdırılmamış müddəalarının nizamlanması vacibdir. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin iyulun 13-də Astanada keçirilən görüşündəki çıxışında bildirib. Məlumatı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

“Biz Azərbaycan, Qazaxıstan və Rusiya arasında Xəzər dənizinin delimitasiyası üzrə sazişlərə xüsusi əhəmiyyət veririk və Xəzər dənizinin mərkəzi və cənub hissələrində dibin delimitasiyası məsələlərinin ən tez zamanda nizamlanmasına ümid edirik”,nazir vurğulayıb.

“Azərbaycan hesab edir ki, Xəzər dənizinin hüquqi statusu ilə bağlı bütün məsələlər Xəzəryanı dövlətlərin suveren hüquqlarına hörmət və qarşılıqlı faydalı tərəfdaşlıq ruhunda, həmçinin tərəflər arasında, xüsusən regional sabitlik, təhlükəsizlik və Xəzər hövzəsində iqtisadi və elmi-tədqiqat fəaliyyəti ilə bağlı məsələlərdə inam və etibarın möhkəmləndirilməsi yolu ilə həll olunmalıdır. Xəzər dənizində sabitliyin möhkəmləndirilməsi bütün tərəflərin maraqlarının nəzərə alınmasına, eləcə də bir-birlərinin təhlükəsizliyinə zərər vurmaması, Xəzəryanı dövlətlərin suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinə hörmət göstərilməsi və bir-birlərinin daxili işlərinə qarışmamasına əsaslanmalıdır”, nazir bildirib.

E.Məmmədyarovun sözlərinə görə, beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi, enerji resurslarının əldə olunması və beynəlxalq bazarlara nəqli ilə bağlı investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz əlaqələrin yaradılması, yüksək gəlirli və ekoloji cəhətdən təmiz texnologiyanın cəlb olunması ilə bağlı məsələlər Xəzəryanı dövlətlərin vacib prioritetləri olaraq qalır.

Nazir bildirib ki, Bakıda Xəzərin dəniz ətrafı mühitinin müdafiəsinə dair Çərçivə Konvensiyasının 6-cı Tərəflər Konfransının keçirilməsi nəzərə tutulub.

“Əsas məqsədlərdən biri Çərçivə Konvensiyasının daimi Katibliyinin açılması olacaqdır. Azərbaycan tərəfi Katibliyin Bakı şəhərində yerləşməsi ilə bağlı Saziş layihəsini hazırlayıb və həmin layihəni bütün Xəzəryanı ölkələrə baxılması üçün təqdim edib”, o qeyd edib.

XS
SM
MD
LG