Accessibility links

Azərbaycan XİN: ABŞ-ın Azərbaycanın daxili işlərinə qarışmaq cəhdləri qəbuledilməzdir


Azərbaycan Xarici İşlər Nazirliyi

Azərbaycan Xarici İşlər Nazirliyi

Amerika Birləşmiş Ştatlarının davamlı şəkildə Azərbaycanın daxili işlərinə qarışmaq cəhdləri tamamilə qəbuledilməzdir. Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsünün 15 oktyabr tarixli açıqlamasına cavab olaraq, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə Azərbaycanda qanunun aliliyi və məhkəmə-hüquq sisteminin müstəqilliyi tam təmin olunub. “ABŞ-ın bu kimi əsassız müdaxiləsi qanunun aliliyinin və ABŞ-ın öz üzərinə götürdüyü öhdəliklərinin kobud şəkildə pozulmasıdır. İnsan hüquqlarının xarici siyasət aləti edilərək, siyasi təzyiq göstərmək məqsədilə istifadə olunması cəhdləri artıq çoxdan özünü nüfuzdan salıb. İnsan hüquqlarına siyasi mülahizələr, seçimli və ikili standartlar baxımdan yanaşmaq yolverilməzdir”.

Hacıyev deyib ki, insan hüquqlarının “carçısı” qismində çıxış edən dövlətlərin və konkret bu halda, ABŞ-ın Ermənistanın işğalı nəticəsində ən ibtidai hüquqlardan belə məhrum olmuş azərbaycanlı məcburi köçkün və qaçqınların hüquqlarına və Azərbaycanın işğal olunmuş ərazilərində törədilmiş qanlı etnik təmizləmə hallarına diqqətlə yanaşması daha təqdirəlayiq olardı.

Xatırladaq ki, oktyabrın 15-də ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki Azərbaycan hökumətindən QHT fəallarının həbsi ilə bağlı bəyanatla çıxış edib.

Leyla və Arif Yunusların sağlamlıq durumunu xüsusi olaraq qeyd edən rəsmi Vaşinqton İlham Əliyev hökumətini öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərə uyğun olaraq vətəndaşlarının hüquqlarına hörmət etməyə çağırır. "Vətəndaşlarının hüquqlarına, ləyaqətinə, azadlıqlarına hörmət etmək ilk növbədə Azərbaycanın maraqlarındandır", deyə bəyanatda qeyd olunur.

XS
SM
MD
LG