Accessibility links

Azərbaycan XİN: Münaqişənin həlli üçün Ermənistan qoşunları Azərbaycan ərazilərindən çıxarılmalıdır


Azərbaycan Xarici İşlər Nazirliyi

Azərbaycan Xarici İşlər Nazirliyi

Azərbaycan Xarici İşlər Nazirliyi açıqlama yayıb

Ermənistan-Azərbaycan cəbhəsində son günlər gərginliyin artması, Ermənistan tərəfinin bəyanatları ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Sənəddə deyilir:

“Son günlərdə Ermənistan tərəfindən Azərbaycana qarşı çoxsaylı təxribat əməllərinin törədilməsi və atəşkəs rejiminin intensiv şəkildə pozulması nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabiti kapitan Elnur Cəfərov snayper atəşi ilə qətlə yetirilmiş, bir nəfər mülki şəxs yaralanmış, dərs saatlarında orta məktəb binası atəşə tutulmuş və cəbhə bölgəsinə yaxın ərazilərdə yaşayan mülki əhalinin evləri və şəxsi təsərrüfatları kütləvi atəşə məruz qalmışdır.

Təxribat xarakterli əməllərini davam etdirərək və hədələrlə dolu bəyanatlarla çıxış edərək, məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirən Ermənistanın indi “etimad quruculuğu tədbirlərindən və “sülh”-dən danışması yalnız beynəlxalq ictimaiyyəti və Ermənistan cəmiyyətini cəbhə xəttində baş verən hadisələr barəsində aldatmaq və hadisələrin həqiqi mahiyyətindən yayınmaq məqsədi daşıyır.

Cəbhə xəttində yaşanan gərginliyə görə bütün məsuliyyət Azərbaycan Respublikasının ərazisini işğal edən və Azərbaycana qarşı təcavüz siyasəti yürüdən dövlət kimi, bilavasitə Ermənistanın üzərinə düşür. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, BMT Nizamnaməsinə və beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq, Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarının işğalını davam etdirməsi əsas gərginlik mənbəyi olaraq, münaqişənin sülh yolu ilə həllinə və regionda sülhün bərqərar olmasına başlıca maneədir.

Münaqişənin həlli ilə əlaqədar Azərbaycanın mövqeyi tam şəkildə aydındır. Bu beynəlxalq hüququn norma və prinsiplərinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanır. Münaqişənin həllinə nail olmaq üçün ilk növbədə Ermənistanın silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır. Bu regionda sülh və sabitliyin bərqərar olunması üçün ən qısa və səmərəli yoldur”, açıqlamada qeyd edilir.

Xatırladaq ki, son günlər Ermənistan-Azərbaycan cəbhəsi boyu atışmalar davam edir. Azərbaycan tərəfi yüzlərlə dəfə Azərbaycan Ordusunun mövqelərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşə tutulduğunu bildirir.

Bununla yanaşı, Ermənistan Xarici İşlər Nazirliyi bildirir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlaması iki ölkə xarici işlər nazirlərinin fevralın 24-də Parisdə keçirilən danışıqlarındakı müzakirələri əks etdirmir.
XS
SM
MD
LG