Accessibility links

Azərbaycan XİN: Həmsədrlər cəbhə xəttində Ermənistan tərəfdən atəş açılmasını qeyd etməkdən yayınıb


Azərbaycan Xaric İşlər Nazirliyi bildirir ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfərlərinin yekunlarına dair bəyanatlarında cəbhə xəttində onların monitorinqi zamanı Ermənistan tərəfdən atəş açıldığını qeyd etməkdən yayınıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bəyanatında deyilir ki, ATƏT Minsk Qrupunun həmsədrləri oktyabrın 27-də Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttini keçiblər və Azərbaycan ordusunun nəzarətində olan əraziyə keçiblər.

ATƏT-in Minsk qrupunun həmsədrləri cəbhə xəttində (Foto Ceyms Uorlikin Twitter səhifəsindən götürülüb)
ATƏT-in Minsk qrupunun həmsədrləri cəbhə xəttində (Foto Ceyms Uorlikin Twitter səhifəsindən götürülüb)

“Tərtər və Ağdərə arasındakı yolda qoşunların təmas xəttində ATƏT-in hazırki sədrinin şəxsi nümayəndəsinin öz sahə köməkçiləri ilə birgə həyata keçirdiyi növbəti monitorinq həmsdərlərin səfəri ilə eyni vaxta təyin edilmişdi.

ATƏT nümayəndələrinin təhlükəsizliyinin təmin edilməsi üzrə əvvəlcədən razılıq olmasına baxmayaraq, Ermənistan tərəfi Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri istiqamətində atəş açıb.

Atəş ATƏT-in monitorinq heyətini müdafiə axtarışında Azərbaycan ordusunun mövqelərində sığınacaq tapmağa məcbur edib.

Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələrinin göstərişlərinə əsasən, atəş açılarkən hadisə yerində olan ATƏT nümayəndə heyəti atəşin kəsilməsi və təkrar atəş açılmasına yol verilməməsi barədə zəmanətin yenilənməsi məqsədilə qarşı tərəflə əlaqə yaradıb.

Atəşin mənbəyinin və istiqamətinin aydın olmasına baxmayaraq, həmsədrlərin 29 oktyabr 2015-ci il tarixli bəyanatında təmas xəttində atəşkəs rejiminin pozulmasının təqsirkarının adını açıqlamaması faktı təəssüf doğurur”, Azərbaycan XİN-in mətbuat xidmətinin bəyanatında deyilir.

ATƏT-in Minsk Qrupunun həmsədrləri hələ Azərbayxan Xarici İşlər Nazirliyinin bu bəyanatına münasibət bildirməyib.

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfərlərinin yekunu ilə bağlı oktyabrın 29-da yaydığı birgə bəyanatda isə deyilir ki, həmsədrlər tərəfindən təmas xəttinin ənənəvi keçilməsindən dərhal sonra müəyyənləşdirməyin mümkün olmadığı tərəfdən davamlı atəşin açılması ATƏT-in monitorinq xidmətinin əməkdaşlarını gizlənməyə məcbur edib.

“Tərəflər monitorinq heyətinin təhlükəsizliyini təmin etmək öhdəliyini üzərlərinə götürüblər. Bu hadisə sülh yolu ilə həll üçün əldə olunmuş nailiyyəti sarsıtmaq üçün qəsdən edilmiş səyi əks etdirir. Bu, həmçinin ATƏT-in atəşkəs rejiminin pozulmasını araşdırmaq imkanı əldə etməsinin vacibliyini göstərir", sənəddə qeyd edilir.

XS
SM
MD
LG