Accessibility links

Azərbaycan Xarici İşlər Nazirliyi Böyük Britaniya nazirinə cavab verib


Azərbaycan Xarici İşlər Nazirliyi
Azərbaycan Xarici İşlər Nazirliyi

Nazir Liqinqton hüquq müdafiəçisi Həsən Hüsenliyinin həbsini pisləyən bəyanatla çıxış edib

Azərbaycan Xarici İşlər Nazirliyi Böyük Britaniyanın Avropa işləri üzrə naziri David Lidinqtonun açıqlamasını qətiyyətlə rədd edir və cavab olaraq bildirir ki, Azərbaycanda heç kim siyasi baxışlarına və fəaliyyətinə görə təqib və ya mühakimə olunmur.

Bu sözlərlə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Böyük Britaniya nazirinin Gəncədə həbs edilən hüquq müdafiəçisi Həsən Hüseynli ilə bağlı bəyanatına cavab verib.

İyulun 17-də Böyük Britaniyanın Avropa işləri üzrə naziri Devid Lidinqton hüquq müdafiəçisi Həsən Hüsenliyinin həbsini pisləyən bəyanatla çıxış edib.

“Mən Gəncədə QHT rəhbəri Həsən Hüseynlinin xuliqanlıq ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilməsindən çox məyus oldum.

Son illər Britaniyanın Bakıdakı səfirliyi cəmiyyətdə qadınların rolunun gücləndirilməsi və vətəndaşların sosial fəallığının artırılması üzrə layihələrin həyata keçirilməsində onunla sıx əməkdaşlıq edib.

Hüseynli uzunmüddətli həbs cəzasına məhkum edilmiş növbəti vətəndaş fəalı oldu.

Mən bir daha Azərbaycan hakimiyyətini siyasi motivli həbslərin artması təmayülü ilə bağlı çoxsaylı çağırışlara və narahatlıqlara reaksiya verməyə çağırıram”, deyə Lidinqtonun bəyanatında qeyd edilir.

Azərbaycan Xarici İşlər Nazirliyi bildirir ki, britaniyalı nazirin öz məsuliyyətsiz mülahizələri ilə Azərbaycan məhkəmə instansiyalarına təzyiq etməsi cəhdi onun və təmsil etdiyi Britaniya hökumətinin qanunun aliliyinə olan münasibətin göstəricisidir. “Qanunun aliliyinin tam təmin olunduğu ölkə kimi Azərbaycanda hər hansı siyasi fəaliyyət heç kimi qanun qarşısında məsuliyyətdən azad etmir.

Avropa məsələləri üzrə nazirin hazırda Avropanın qarşılaşdığı real problemləri kənarda qoyub, cinayət əməli məhkəmə qaydasında sübuta yetirilmiş şəxsdən bəhs etməsi Azərbaycana təzyiq etmək üçün bəhanə kimi qiymətləndirilir və təbii ki, bu cür cəhdlər uğursuzluğa məhkumdur.

Ermənistan təcavüzü nəticəsində Azərbaycanda qaçqın və məcburi köçkünə çevrilmiş 1 milyonadək şəxsin məruz qaldığı kəskin məhrumiyyətlərə göz yumaraq, özünü Avropada insan hüquqlarının carçısı kimi qələmə verməyə çalışan nazirin bu bəyanatı siyasi ikiüzlülükdən başqa bir şey deyildir. Lidinqtonun sonuncu dəfə nə zaman Azərbaycan xalqının bu ağrılı məsələlərinə toxunduğunu xatırlamaq belə mümkün deyil”, mətbuat xidmətinin rəhbəri bildirir.

Xarici İşlər Nazirliyi Britaniya Hökumətini Azərbaycanın daxili işlərinə yersiz müdaxilələrdən çəkinməyə və öz vaxtını və resurslarını öz ölkəsində insan hüquqlarının ümumi vəziyyətinin yaxşılaşdırılmasına həsr etməyə çağırır.

“Hesab edirik ki, nazir Lidinqton beynəlxalq təşkilatların Böyük Britaniyada çoxsaylı insan hüquqları pozuntuları ilə bağlı tənqidlərini qəbul edərək, ölkəsinin bu sahədəki problemlərinin həllinə öz töhfəsini versə daha faydalı olardı. Britaniyalı nazirə xatırlatmaq istərdik ki, onun demokratik dəyərlərlə manipulyasiya edən hökuməti dəfələrlə ölkədə azad məhkəmələrin fəaliyyəti üçün şəraitin yaradılmamasına, işgəncələr və alçaldıcı rəftara, qanunverici orqanlarda müstəqilliyin və şəffaflığın təmin olunmamasına, xüsusi xidmət orqanları tərəfindən kütləvi şəkildə vətəndaşların internet fəaliyyətinin izlənməsi və telefon danışıqlarının dinlənməsi, ifadə azadlığının pozulması, şəxsi həyatın toxunulmazlığının pozulması , quldarlıq, irqi ayrıseçkilik, immiqrasiya qanunvericiliyi çərçivəsində insan hüquqlarının pozulması və digər insan hüquqlarını məhdudlaşdıran əməllərə görə dəfələrlə tənqid olunmuşdur”, sənəddə qeyd olunur.

XS
SM
MD
LG