Accessibility links

Azərbaycan XİN ABŞ Dövlət Deparlamentinin açıqlamasını şərh edib


Azərbaycan Xarici İşlər Nazirliyi
Azərbaycan Xarici İşlər Nazirliyi

Azərbaycan Xarici Işlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ABŞ Dövlət Departamentinin Azərbaycan ilə əlaqədar açıqlamasını şərh edib.

Şərhdə deyilir:

“ABŞ Dövlət Departamenti regionda baş verən bir sıra narahatlıq doğuran halları, o cümlədən dinc nümayişçilərin qəddarcasına döyülməsi və həbsləri kimi kobud insan hüquqları pozuntularını görməməzliyə vuraraq, konkret cinayət tərkibi daşıyan hər bir halı siyasiləşdirməklə, Azərbaycanın daxili işlərinə qarışmaq məqsədi güdən “dərin narahatlığı” ikili standartların növbəti bariz nümunəsidir.

Demokratik dövlət olan Azərbaycanda qanunun aliliyi tam surətdə təmin edilib və heç kim siyasi fəaliyyətinə və baxışlarına görə təqib olunmur. Məhkəmənin qərarı olmadan hər hansı cinayət tərkibli hala münasibətdə bu cür qərəzli mülahizələr onun işinə yersiz və uğursuz müdaxilədən başqa bir şey deyildir.

Qəribədir ki, Ermənistanın təcavüzü nəticəsində fundamental hüquqlarından məhrum olmuş bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının kütləvi pozulması ABŞ Dövlət Departamentinin “dərin narahatlığı” sırasında heç vaxt yer almır.

ABŞ-ın insan hüquqları üzrə universal bəyannamədən irəli gələn və beynəlxalq təşkilatlar, o cümlədən ATƏT çərçivəsində üzərinə götürdüyü öhdəliklərinə məhəl qoymayaraq bütün ölkəni bürümüş polis zorakılığı və sistematik irqi-ayrıseçkilik halları, Quantanamo həbsxanasındakı mühakiməsiz uzunmüddətli həbs və işgəncələr, ölkə daxilində və hətta ən yaxın müttəfiqlərinə qarşı qlobal səviyyədə aparılan gizli dinləmə əməliyyatları, digər ölkələrin suverenliyini pozaraq, pilotsuz uçan aparatları ilə həyata keçirilən mühakiməsiz qətllər və digər bu qəbildən olan çoxsaylı problemlərin fonunda özünü insan hüquqlarının “qlobal himayədarı” kimi qələmə verməsi yalnız və yalnız istehza doğurur”, deyə şərhdə qeyd edilir.

Xatırladaq ki, ABŞ Dövlət Departamentinin Mətbuat İdarəsi iyulun 29-da Azərbaycanda jurnalistlərin qohumlarına qarşı təzyiqlər barədə Amerikanın Səsinin sorğusuna cavab olaraq bəyanatla çıxış edib.

Bəyanatda Azərbaycanda jurnalist və sivil cəmiyyət fəallarının həbslərindən dərin narahatlıq keçirildiyi bildirlir. Azərbaycan hökumətinə təkid edilir ki, öz vətəndaşlarının universal hüquqlarına hörmət etsin, vətəndaşların ədalətli mühakimə hüquqlarını təmin etsin və onlara öz baxışlarını sərbəst ifadə etməyə imkan versin.

Dövlət Departamentinin mətbuat idarəsi bildirir ki, ötən günlərdə "Azərbaycan Saatı" proqramının aparıcısı Qənimət Zahid və Meydan TV-nin rəhbəri Emin Millinin qohumları müxtəlif qeyri-siyasi maddələrlə həbs olunublar.

“Cənab Zahid və Milli bu həbsləri özlərinin jurnalist fəaliyyəti ilə əlaqələndirir. Azərbaycanda müstəqil jurnalistlər və siyasi fəallar mütəmadi qaydada qeyri-siyasi maddələrlə həbs olunurlar. Bu sırada "narkotik maddə gəzdirmək", "xuliqanlıq" və "vergidən yayınma" ittihamları geniş yer alır”, sənəddə qeyd edilir.

XS
SM
MD
LG