Accessibility links

Xocalı faciəsinin 19 ili tamam olur


Xocalı faciəsinin 19 ili tamam olur
Xocalı faciəsinin 19 ili tamam olur

Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev bildirib ki, istintaq zamanı 366-cı alayın hərbi qulluqçularının və digər şəxslərin Xocalı soyqırımında iştirakı tam sübuta yetirilib. Xocalıya edilən hücumun iştirakçıları barədə məhkəmələr tərəfindən həbs qətimkan tədbiri seçilib və beynəlxalq axtarışların həyata keçirilməsi üçün müvafiq sənədlər İnterpolun Azərbaycan Milli Bürosuna göndərilib.

Fevralın 26-da Xocalı faciəsinin 19 ili tamam olur. Bir qayda olaraq faciə dövlət səviyyəsində qeyd edilir. Ölkənin bütün yaşayış məntəqələrində faciənin qurbanlarının xatirəsi yad edilir, məscidlərdə dualar oxunur. Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində anım mərasimləri təşkil edilir, diaspor təşkilatlarının təmsilçiləri yaşadıqları ölkələrin, parlamentlərinə və hökumətlərinə müraciətlər qəbul edir.

Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev Faciənin baş vermə səbəbləri və istintaqın gedişi ilə bağlı bu gün rəsmi Azərbaycan qəzetində çıxış edib. O deyib ki, "Xocalı soyqırımı Azərbaycan Cinayət Məcəlləsinin 16-cı fəslində nəzərdə tutulmuş sülh və insanlıq əleyhinə cinayətlərə aiddir. Beynəlxalq hüquq normalarına uyğun soyqırım, deportasiya, işgəncə və digər epizodlar üzrə hərtərəfli istintaq işləri aparılıb, nəticədə 1 yanvar 2011-ci il tarixədək sülh və insanlıq əleyhinə müharibə cinayətləri törətmiş 239 nəfər, habelə ümumi cinayətlər kateqoriyasına aid banditizm, qəsdən adamöldürmə və digər cinayətlər törətmiş 48 nəfər, cəmi 287 nəfər barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə qərarları çıxarılıb."

Hərbi prokurorun sözlərinə görə, cinayət işi üzrə keçirilmiş kompleks ekspertiza Xocalı şəhərinin işğal edilməsi nəticəsində Azərbaycan dövlətinə və vətəndaşlarına 140 milyon manatdan və ya 170 milyon ABŞ dollarından artıq ziyan vurulduğunu müəyyən edib.

Cənab Vəliyev bildirib ki, istintaq zamanı 366-cı alayın hərbi qulluqçularının və digər şəxslərin Xocalı soyqırımında iştirakı tam sübuta yetirilib. Xocalıya edilən hücumun iştirakçıları barədə məhkəmələr tərəfindən həbs qətimkan tədbiri seçilib və beynəlxalq axtarışlarının həyata keçirilməsi üçün müvafiq sənədlər İnterpolun Azərbaycan Milli Bürosuna göndərilib.

Hərbi Prokurorun dediyinə görə, istintaqla müəyyən edilib ki, 25 fevral 1992-ci il tarixdə, saat 22 radələrində erməni silahlı birləşmələri keçmiş SSRİ Müdafiə Nazirliyinin 366-cı motoatıcı alayının komandir heyəti və hərbi texnikası ilə birgə Xocalı şəhərinə hücuma keçib. Hücumda 366-cı alayın komandiri Zarviqorov Yuri Yureviç və mayor Ohanyan Seyran Muşeqoviçin komandanlığı altında alayın 2-ci batalyonu, Nabokix Yevgeni Aleksandroviçin komandanlığı altında 3-cü batalyonu, həmçinin 1-ci batalyonun qərargah rəisi Çitçiyan Valeriy İsakoviç, habelə alayda xidmət edən 50-dən çox zabit və gizirlər iştirak edib. Eyni zamanda, hücum zamanı 90-dan çox tank, piyadaların döyüş maşını, top, D-30 qaubitsası və digər müasir hərbi texnikadan istifadə olunub.

Azərbaycan rəsmilərinin məlumatına görə Xocalı faciəsi zamanı şəhər əhalisindən 5379 nəfər qətliamdan qurtulmaq üçün qış şəraitində şəhəri tərkedib, 613 nəfər, o cümlədən 63 nəfər azyaşlı uşaq, 106 nəfər qadın qətlə yetirilib, 8 ailə bütünlüklə məhv edilib, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Ermənistan hökumətinin Xocalı faciəsi barədə hansısa bir bəyanatı barədə indiyə qədər Amerikanın səsinə məlumat daxil olmayıb.

XS
SM
MD
LG