Accessibility links

Xocalı faciəsinin 21-ci ildönümü [Video & Fotoqalereya]


Prezident Əliyev və dövlət rəhbərləri, deputatlar, siyasi partiya liderləri, yüz minlərlə ictimaiyyət nümayəndəsi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib

Azərbaycanda Xocalı soyqırımının 21-ci ildönümü qeyd edilir.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağın ikinci böyük yaşayış məntəqəsi olan Xocalı şəhəri keçmiş Sovet Ordusunun 366-cı motoatıcı alayının hərbiçiləri və döyüş texnikasının fəal iştirakı ilə erməni separatçıları tərəfindən işğal edilib.
Bu gün prezident İlham Əliyev və dövlət rəhbərləri, hökumət üzvləri, parlamentin deputatları, yüz minlərlə ictimaiyyət nümayəndələri paytaxtın Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə gül qoyub və həlak olanların xatirəsini yad ediblər. Abidənin bünövrəsində həlak olanların adları həkk olunub.
İşğalçılar şəhəri ələ keçirərək, qadınlar (o cümlədən hamilə qadınlar), uşaqlar və qocalar da daxil olmaqla, yüzlərlə insanı vəhşicəsinə qətlə yetiriblər. Dinc əhalinin qətlə yetirilməsi daha bir neçə gün davam edib, azğın işğalçılar əsirlərə işgəncə verib və onları öldürüb, qadınları və uşaqları zorlayıb, hərbi əsirlərin başlarını kəsib və asıblar.
Ümumilikdə 600-dən çox silahsız insan qətlə yetirilib, onların 106 nəfəri qadın, 83 nəfəri uşaq idi. Minlərlə insan müxtəlif dərəcəli əlil olub (76 nəfəri yetkinlik yaşına çatmayanlardır), 1275 nəfər əsir götürülüb. Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil.
Xocalı faciəsinin dəhşətləri yerli və xarici jurnalistlər tərəfindən çəkilmiş foto və videokadrlarda əksini tapıb.

İnsanlığa qarşı bu cinayətləri törədən erməni separatçıları və rus zabitlərinin adları müəyyən edilib. Onlar hamısı hələ də azadlıqdadırlar və Rusiya, Ermənistan və Qarabağda yaşayırlar.

Azərbaycan hərbi prokuroru Xanlar Vəliyevin dünən verdiyi məlumata görə, Xocalıda soyqırımla əlaqədar 287 nəfər barəsində axtarış elan edilib.

Azərbaycan Milli Məclisi bir neçə dəfə dünya ictimaiyyəti, hökumətlər və parlamentlərin ünvanına Ermənistan rəhbərlərinin təşkilatçısı olduğu Xocalı soyqırımını tanımaq və pisləmək çağırışı ilə xüsusi bəyanatlar qəbul edib.

Çoxsayli sənədli faktlar, o cümlədən yerli və əcnəbi jurnalistlər tərəfindən çəkilmiş foto və videomateriallar, şahidlərin dəlilləri kütləvi qətllərin Xocalı şəhərinin özündə və ermənilərin nəzarəti altında olan ərazilərdə baş verdiyini sübut edir. Əsir və girov götürülmüş xocalılara qarşı işgəncələri də təkzib etmək mümkün deyil.

Beynəlxalq konvensiya və beynəlxalq humanitar hüquq normaları pozulmaqla, əsirlər görülməmiş vəhşiliklərə məruz qalıblar. Onların başının dərisi soyulub, qulaqları, burunları, cinsiyət orqanları kəsilir, erməni məzarlarında Azərbaycanlıların başı “qurban” kimi kəsilib.

İldən-ilə bütün dünya Xocalı soyqırımı haqqında daha çox həqiqətləri öyrənir. Bütün dünyada azərbaycanlıların çoxsaylı diaspora və tələbə təşkilatları dünya ictimaiyyətindən Xocalı soyqırımını tanımaq və pisləmək tələbi ilə aksiyalar keçirir. Bu aksiyalarda iştirak edən başqa dövlətlərin vətəndaşları getdikcə artır.

Xocalı faciəsinin növbəti ildönümü ərəfəsində Çexiya parlamentinin xarici işlər komitəsi, Amerikanın Arkanzas və Nyu-Meksiko ştatlarının qanunverici orqanları bu hadisələri kütləvi qətl və insanlığa qarşı cinayət kimi tanıyıblar. Bundan əvvəl isə Meksika parlamentinin Senatı və Nümayəndələr Palatası, Pakistanın parlament komitəsi Xocalı soyqırımını tanıyıb.

XS
SM
MD
LG