Accessibility links

ABŞ səfiri “Xocalının anım günü” ilə bağlı bəyanat verib


Amerikanın Azərbaycanda səfiri Riçard Morninqstar

Amerikanın Azərbaycanda səfiri Riçard Morninqstar

“Yalnız uzunmüddətli və dinc həll yolu regiona sabitlik, rifah və barışıq gətirə bilər”, səfir qeyd edib.

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar “Xocalının anım günü” ilə bağlı bəyanatla çıxış edib.

Sənəddə deyilir:

“Biz Xocalı faciəsinin bütün azərbaycanlılar üçün böyük ağrı-acı olduğunu anlayırıq. İstənilən insan itkisi faciədir və Ermənistanla Azərbaycan arasında müharibədə hər iki tərəfdə baş vermiş insan itkiləri Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həll edilə bilməyəcəyini bizə bir daha xatırladır. Yalnız uzunmüddətli və dinc həll yolu regiona sabitlik, rifah və barışıq gətirə bilər. Amerika Birləşmiş Ştatları Minsk Qrupunun həmsədri kimi sülhə nail olmaq üçün tərəflərlə birgə işələməyə sadiqdir”, bəyanatda qeyd edilir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi (Stepanakert) şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərinə hücum edib. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artileriyadan şiddətli atəşə tutulub.

Rəsmi məlumatlara görə, işğal nəticəsində 1992-ci il fevralın 25-26-da Xocalıda 613 nəfər dinc sakin qətlə yetirilib. 1275 nəfər əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 1000-dən çox dinc sakin əlil olub. Hadisələr zamanı 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
XS
SM
MD
LG