Accessibility links

Xose Manuel Barrozu: Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir


Xose Manuel Barrozu: Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir

Xose Manuel Barrozu: Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir

Avropa Komissiyası və Azərbaycan “Şərq Tərəfdaşlığı” Proqramı, Avropa Qonşuluq siyasəti və Azərbaycanda demokratiyanın inkişafı prosesləri, Nabucco layihəsi, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparıb

Brüsseldə səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Xose Manuel Barrozu görüşlərinin yekunları ilə bağlı birgə mətbuat keçirib.

Azərbaycan prezidentinin rəsmi internet saytı bildirir ki, cənab Barozzu bildirib ki, görüşdə “Şərq Tərəfdaşlığı” Proqramı, Avropa Qonşuluq siyasəti və Azərbaycanda demokratiyanın inkişafı prosesləri ilə bağlı müzakirələr aparılıb. “Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir”, - deyə o qeyd edib.

APA agentliyinin məlumatına görə isə Joze Manuel Barrozu Azərbaycan prezidenti ilə görüşün məhsuldar keçdiyini bildirib. “Bu, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin səviyyəsini əks etdirir. Bu gün biz münasibətlərinin bir neçə istiqaməti, o cümlədən bir il əvvəl başlamış assosiativ sazişlə bağlı danışıqların yekunlarını müzakirə etdik. Hesab edirəm ki, danışıqlar prosesini sürətləndirə və sazişin imzalanması istiqamətində irəliləyə bilərik. Ümidvaram ki, Azərbaycanla viza rejiminin sadələşdirilməsi və readmissiya barədə danışıqlara bu il başlaya biləcəyik”.
Azərbaycan və Avropa Komissiyası prezidentlərinin görüşündə “Cənub” qaz dəhlizi layihəsi də müzakirə olunub. Cənab Barrozu bildirib ki, bu layihənin reallaşması Avropa İttifaqı və Azərbaycan üçün strateji əhəmiyyət daşıyır. “Bu layihə Xəzər hövzəsindən daşımalarda bizə alternativ marşrut əldə etməyə imkan verəcək. Bu gün işi davam etdirmək və bu dəhliz ideyasını reallığa çevirmək barədə razılığa gəldik”.
Joze Manuel Barrozu Azərbaycan təmsilçilərinin “Eurovision” müsabiqəsində qələbə qazanması faktını da dəyərləndirib. “Azərbaycan bu il beynəlxalq birliyin diqqət mərkəzində olacaq, əminəm ki, siz bu vaxtdan ölkənizin Avropa dəyərlərinə nə qədər bağlı olduğunu nümayiş etdirmək üçün istifadə edəcəksiniz”.

O Ermənistan Azərbaycan münaqişəsindən danışarkən deyib ki, baza prinsiplərinə dair sazişin başa çatdırılması üçün əlavə səylər göstərmək vaxtıdır. “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar iki gün sonra bərpa olunacaq.
Ümidvaram ki, hər iki tərəf irəli doğru addım ata biləcəklər. Əvvəllər dediyim kimi status-kvo variant deyil”, - deyə APA agentliyi cənab Barrozuya istinadən qeyd edir

Azərbaycan prezidenti bildirib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında fəal dialoq mövcuddur. “Biz ölkəmizdə hüququ və siyasi islahatları davam etdiririk. Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir”, - deyə Azərbaycan prezidentinin rəsmi internet saytı xəbər verir.

Prezident Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü çərçivəsində həll edilməsinin vacibliyini bildirib. “Qaçqın və məcburi köçkünlər tezliklə evlərinə qayıtmalıdır”. Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu deyən cənab Əliyev görüşdə enerji siyasəti məsələlərinə də geniş yer ayrıldığını bildirib.

XS
SM
MD
LG