Accessibility links

Xoşbəxt Yusifzadə: Hazırda bütün diqqət adamların axtarışına və yanğının söndürülməsinə yönəlib [Videolar]


Dəniz platformasında yanğın

Dəniz platformasında yanğın

ARDNŞ rəsmiləri baş vermiş qəza ilə bağlı mətbuat konfransı keçirib

Dekabrın 6-da Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) və Fövqəladə Hallar Nazirliyinin rəsmiləri “Günəşli” yatağındakı 10 saylı Dərin Dəniz Özülündə baş vermiş yanğın və qəza ilə bağlı mətbuat konfransı keçirib.

ARDNŞ-nin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib ki, indiki anda bütün diqqət adamların axtarışına və yanğının söndürülməsinə yönəlib. Platformada 63 nəfər olub. Hazırda 29 nəfər itkin düşmüş hesab olunur.

X.Yusifzadənin sözlərinə görə, qəzaya uzun müddət (27 saat) davam edən külək (saniyədə 38-40 metr) səbəb olub. Dalğanın hündürlüyü 8-10 metrə çatıb.

Yüksək təzyiqli qaz kəməri dalğanın zərbəsinə davam gətirməyib və yanğın baş verib. Yanğın quyulardan birinə keçib. Dərhal platformaya elektrik enerjisinin verilməsi dayandırılıb, qalan quyuların alova bürünməməsi üçün tədbirlər görülüb.

Təhlükəsizlik qaydalarına görə, personal qayıqlara minib – bir qayıqda 26, digərində 34 nəfər olub. Dalğa çox hündür olduğundan qayıqlar suya buraxılmayıb.

Xilasedicilər güclü külək səbəbindən platformaya yaxınlaşa bilməyiblər. Qayığın birini bağlayan ip gecə qırılıb və qayıq dənizə düşüb. Bu qayıqdan 3 nəfər xilas edilib.

Bundan əlavə, başqa qayıqdan 26 nəfər və platformada qalan digər üç nəfər təxliyə edilib.

Hazırda 29 nəfərin axtarışı davam edir. Azərbaycan Türkmənistanın və İranın müvafiq qurumlarını və dənizdə olan gəmiləri itkin düşənlərlə bağlı məlumatlandırıb.

X.Yusifzadə baş verən hadisənin təxribat olmasını düşünmür. “Təxribat olarsa, platformaya nəsə qoyardılar. Dalğanın gücü o kəməri tərpədib, sındırıb. Bundan sonra partlayış baş verib. Amma nə bilim, hər şey ola bilər. Komissiyanın tərkibində Milli Təhlükəsizlik Nazirliyi də var, yəqin ki, onlar bunu araşdırıb tapacaqlar”, o qeyd edib.

X.Yusufzadənin sözlərinə görə, yanğın lokallaşdırılıb və alovun digər quyulara yayılma təhlükəsi yoxdur.

Neft quyusunda təzyiq zəiflədikcə yanğının söndürülməsi asanlaşacaq və alovu tam söndürmək mümkün olacaq. Sonra hasilatın bərpasına başlanılacaq.

“Günəşli 10” platforması 1984-cü ildə istismara verilib. Platformada 28 quyu var – 24 neft, 4 qaz quyusu. Hər gün yataqdan 1 milyon kubmetr qaz və 920 ton neft çıxarılır.

“28 may” Neft-Qaz Çıxarma İdarəsinin nümayəndəsi bildirib ki, yataqdakı bütün platformalarda sutkalıq hasilat 13 min ton neft və 14 mln. kubmetr qazdır.

XS
SM
MD
LG