Accessibility links

Xəzər dənizinin hüquqi statusu üzrə 28-ci iclas başa çatıb


Xəzər dənizinin hüquqi statusu üzrə 28-ci iclas başa çatıb

Xəzər dənizinin hüquqi statusu üzrə 28-ci iclas başa çatıb

Sahilyanı dövlətlər Xəzərin hüquqi statusu ilə yanaşı, suyun səthindən istifadə, gəmiçilik, hərbi fəaliyyət, təhlükəsizlik, ətraf mühitinin mühafizəsi, canlı resurs ehtiyatlarının bərpası məsələlərini müzakirə edir.

Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın hazırlanması üzrə işçi qrupun Bakıda keçirilən 28-ci iclası başa çatıb.
Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib ki, bir sıra razılaşdırılmayan məqamların razılaşdırılması istiqamətində dialoq aparılıb, rəsmi sənəd qəbul olunub. “Bununla belə, razılaşdırılmayan məqamlar da hələ çoxdur. Razılaşdırılmamış müddəalara gəlincə, bunlar suyun səthindən istifadəyə dair məsələlərdir. Belə ki, milli zonaların eninin 25 mil həddində müəyyən olunması barədə prezidentlər səviyyəsində razılaşmanın olmasına baxmayaraq, hələ bu məsələnin müxtəlif aspektləri razılaşdırılmalıdır. Həmçinin gəmiçilik, hərbi fəaliyyətlə bağlı məsələlər həll olunmalıdır. Hərbi fəaliyyət məsələsi Xəzərin hüquqi statusunun mühüm elementidir” - deyə nazir müavini qeyd edib.

Cənab Xələfov bildirib ki, bu sahədə işlər davam etdirilir. “Müxtəlif yanaşmalar var. Dənizin hərbisizləşdirilməsi haqqında ideya da var. Danışıqlarda bu məsələ var. Silahlı qüvvələrin fəaliyyəti məsələsinin tənzimlənməsi ideyası da var. Əlbəttə, biz hələ ki, ortaq fikir əldə etməmişik”.
“Bu məsələnin sadə deyil, çoxaspektli olduğunu” qeyd edən nazir müavini bütün tərəflərin Xəzərin “dostluq, mehriban qonşuluq, sülh və təhlükəsizlik dənizi” olması barədə həmrəy olduğunu vurğulayıb. “Hüquqi status çərçivəsində razılaşdırılacaq bütün prinsiplər yuxarıda qeyd edilən məqsədlərə xidmət edəcək”,- deyə o əlavə edib.

Cənab Xələfov tərəflərin konsensus əldə edərək, Xəzər dənizində bərabər təhlükəsizlik şəraitini təmin edəcəyinə ümid etdiyini bildirib.

Rusiya prezidentinin xüsusi nümayəndəsi, xüsusi tapşırıqlar üzrə səfir Aleksandr Qolovin bildirib ki, Xəzərdə hərbi fəaliyyət məsələsi Xəzərin hüquqi statusu haqqında Konvensiya layihəsinin və Xüsusi İşçi Qrupu çərçivəsində müzakirə predmetidir. “Bütün Xəzəryanı dövlətlər Xəzərin sülh və dostluq dənizi olması fikrinə əsaslanır. Xəzəryanı dövlətlərdən heç biri silahlanmaq yarışına, hərbi sahədə bir-biri ilə rəqabət aparmağa hazırlaşmır. Bu, Xəzəryanı dövlətlərin hədsiz səy və resurs sərf edəcəyi fəaliyyət meydançası deyil”.

İranın Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Məhəmməd Mehdi Axundzadənin fikrincə, nə qədər ki, Xəzər dənizinin yeni hüquqi statusu müəyyən edilməyib, 1921 və 1940-cı illərdə imzalanmış Sovet-İran müqaviləsini etibarlı sayır.

İran nümayəndəsi bununla Xəzərin şimal hissəsində dəniz dibinin bölünməsi haqqında Azərbaycan, Rusiya və Qazaxıstan arasında imzalanmış üçtərəfli razılaşmanı qəbul etmək istəmədiyini nümayiş etdirib.
Öz növbəsində, Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov qeyd edib ki, Bakı sözügedən üçtərəfli sazişin region ölkələri arasında əməkdaşlıq üçün yaxşı imkan olduğunu hesab edir.
Cənab Xələfov eyni zamanda, Azərbaycan, Türkmənistan və İran arasında dənizin cənub hissəsinin dibinin bölünməsi ilə bağlı “fikir ayrılıqlarının” qaldığını etiraf edib. “Bizim fikir ayrılıqlarımız var, amma bu, o demək deyil ki, biz mövqeləri yaxınlaşdırmaq və bu məsələlər üzrə razılıq əldə etmək iqtidarında deyilik”, -deyə o qeyd edib.

Cənab Xələfovun fikrincə, Azərbaycanın Türkmənistan və İranla münasibətlərinin uğurlu inkişaf potensialı tərəflərin bu məsələləri də həll etmək iqtidarında olduğunu güman etməyə imkan verir və Aşxabad və Tehranla bu istiqamətdə ikitərəfli danışıqlar davam etdirilir.
Türkmənistan prezidenti yanında Xəzər məsələləri üzrə müəssisənin rəhbəri Murat Atacanov da Aşxabadın Azərbaycanla məsələ üzrə ikitərəfli danışıqları davam etdirmək niyyətində olduğunu bildirib.

Xəzəryanı dövlətlərin İşçi Qrupunun növbəti iclası Moskvada keçiriləcək. Eyni zamanda Xəzəryanı dövlət başçılarının dördüncü sammiti də Moskvada olacaq.

Rusiya prezidentinin xüsusi nümayəndəsi Aleksandr Qolovin deyib ki, Rusiyada Xəzəryanı dövlət başçılarının dördüncü sammitinin keçirilməsi üçün prezidentlərin əvvəlki qərarlarında yer alan tapşırıqlar yerinə yetirilməli və konkret sənədlər baxılması üçün onlara təqdim edilməlidir. “Xəzər prosesi çox genişdir, bir neçə istiqaməti var. Bunlardan biri Xəzərin yeni hüquqi statusunun işlənib hazırlanmasıdır ki, Xüsusi İşçi Qrupu bunun üzərində işləyir. İkinci istiqamət təhlükəsizlik məsələləridir. Bu sahədə saziş 2010-cu ilin noyabrında Bakıda Üçüncü Sammitdə imzalanıb və hazırda sənədin parlamentlərdə ratifikasiyası, habelə ayrı-ayrı hüquq-mühafizə qurumları arasında konkret sahələrdə əməkdaşlıq haqqında protokolların imzalanması gözlənilir. Növbəti istiqamət dəniz mühitinin mühafizəsidir. 2003-cü ildə artıq Xəzərin ətraf mühitinin mühafizəsi haqqında Tehran Konvensiyası imzalanıb. Lakin sənəd çərçivə xarakteri daşıyır və ona əlavə olaraq 4 protokol hazırlanır. Onlardan üçü demək olar ki, hazırdır və dördüncüsü üzərində iş başa çatmaq üzrədir. Protokolların Qazaxıstanda keçiriləcək növbəti konfransda imzalanacağına ümid edirəm”.
O balıqçılıq və bütünlükdə Xəzər hövzəsində canlı resurs ehtiyatlarının bərpası ilə bağlı məsələlərə də toxunub. “Bu sahədə nərə balıqlarının tutulması üzrə moratorium haqqında saziş üzərində ayrıca iş aparılır. Bundan başqa, bioloji resursların bərpası və səmərəli istifadəsi haqqında saziş hazırlanır”.
Cənab Qolovin iqtisadi sahədə qarşılıqlı fəaliyyəti əməkdaşlığın ayrıca istiqaməti kimi xüsusi qeyd edib. “Rusiya Xəzər İqtisadi Əməkdaşlıq Təşkilatının yaradılması ideyasını irəli sürür. Artıq Həştərxanda baş nazir müavinləri səviyyəsində görüş keçirilib. Prosesi hüquqi razılaşmalarla rəsmiləşdirməyin vaxtı çatıb”, - deyə o qeyd edib.

XS
SM
MD
LG