Accessibility links

Təbriz zindanının rəsmiləri Yürüş Mehrəlibəylinin tələblərindən birini qəbul edib


Yürüş Mehrəlibəyli (Ayət)

Yürüş Mehrəlibəyli (Ayət)

Azərbaycan veb səhifələrinə istinadən, aprelin 15-dən aclıq aksiyasına başlamış güneyli fəal Yürüş Mehrəlibəylinin sağlıq durumunun ciddi təhlükə qarşısında olmasının ardınca Təbriz zindanının məsulları məhbusun tələblərindən birini qəbul edərək, onun doğma şəhəri Culfa zindanına köçürülməsinə icazə verdiklərini deyiblər.

Aprel ayında Amerikanın Səsinə müsahibə verən məhbusun qardaşı Taymaz Mehrəlibəylinin sözlərinə görə, Yeni GAMOH təşkilatının üzvü Culfaya köçürülməklə yanaşı, özünə və ailəsinə qarşı tətbiq edilən əziyyətlər və təhdidlərə son verilməsini, habelə ailə ilə görüşmək və məzuniyyət hüququnun təmin edilməsi kimi tələblər irəli sürüb.

İsveçdə yaşayan siyasi fəal Duman Radmehr Amerikanın Səsinə müsahibədə Yürüş Mehrəlibəylinin tələbinin Təbriz zindanı tərəfindən qəbul edildiyini, ancaq prosesin tamamlanması üçün Culfa zindanının da icazəsinin gərəkli olduğunu söyləyib. Duman Radmehr Yeni GAMOH təşkilatının digər məhbus üzvü Şəhram Radmehrin (Savalan) qardaşıdır.

Məhbusun Culfaya köçürülməsi ilə bağlı müsbət xəbərlərin yayılması ardından bir neçə güneyli tanınmış fəal aclıq aksiyasını dayandırmaq üçün Yürüş Mehrəlibəyliyə müraciət ediblər.

Aralarında tanınmış musiqiçi Həsən Dəmirçi, din xadimi Höccətül-İslam Əzimi Qədim və yazarlar Əlirza Sərrafi, Həsən Raşidi, Əkbər Azad və Hüseyn Məhəmmədxaninin olduğu qrupun müraciətində deyilir:

“... Arxayın ol sənin haqq istəyin bütün duyarlı insanlara çatmışdır. Sən bu gün taysız dirənişinlə tarix yazdın və sənin varlığın aydın gələcəyə umud işığını bizim ürəklərimizdə canlandırır. Buna görə sənin istəklərindən olan siyasal tutsaqlara və tutsaq yoldaşlarına gerçəkləşdirilməsi gərəkən izin və yer dəyişimi kimi önəmli istəklərin qarşısında məhkəmə yetkililəri və dustaq sorumlularının yüngül yumuşanmasına dayanaraq səndən bu aclıq orucunu sonlandırmağını istəyirik.”
XS
SM
MD
LG