Accessibility links

Azadlıq radiosunun müxbirini Türkiyədə öldürmək istəyiblər?


Azadlıq radiosunun əməkdaşı Yafəz Əkrəmoğlu

Azadlıq radiosunun əməkdaşı Yafəz Əkrəmoğlu

Bu barədə “Azadlıq TV” online televiziyasının saytı məlumat yayıb. Müxbir hücuma məruz qaldığını Amerikanın Səsinə də təsdiq edib

"Azadlıq TV" online televiziyasının saytı "Azadlıq" radiosunun müxbirini Türkiyədə öldürmək məqsədi ilə killer tutulması, müxbirə İstanbulda hücumlar olması və təsadüf nəticəsində sağ qalması barədə sensasiya doğuracaq araşdırma yazısı dərc edib. Yafəz Əkrəmoğlu İstanbuilda hücuma məruz qaldırğını və Türkiyə polisinin nəzarəti altında ölkəni tərk etdiyini Amerikanın Səsinə də təsdiq edib. Məqaləni təqdim edirik:

Azadlıq Radiosunun Naxçıvan müxbiri Yafəz Əkrəmoğlunu Türkiyədə öldürmək istəyiblər. Bu barədə Y. Əkrəmoğlu Facebook sosial şəbəkəsində məlumat yayıb. Y. Əkrəmoğlunun bildirdiyinə görə, İstanbula kompakt halda yaşayan naxçıvanlıların yaşam tərzi barədə reportaj hazırlamaq üçün qardaş ölkəyə səfər edib.

Y. Əkrəmoğlunun sözlərinə görə İstanbulda onu Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları izləməyə başlayıb: “Naxçıvan MTN-i Şahin ləqəbli əməkdaşını İstanbula məni izləməyə və burada mənə qarşı təxribat etməyə göndərilib. Dünən Şahin ikisi kürd olmaqla 5 nəfərlə İstanbulda qonaq qaldığım evə basqın etdi. Məndə İstanbula köçmüş minlərlə naxçıvanlı ailəsinin durumu ilə etdiyim çəkilişləri onlara verməyimi tələb etdi. Əks halda baş kəsməkdən adam öldürməkdən bəhs etdilər. Kürdlərdən birinin adı Xano idi. Dostların köməyi ilə yola saldıq basqınçıları.

Araşdırmalardan sonra bəlli oldu ki, Naxçıvan MTN-nin əməkdaşı həmin şəxslərə bu işin müqabilində 10 min dollar pul söz verib. Burdakı cəsarətli dostlar sahəsində evə basqın edənlər zərərsizləşdiriliblər. Şahin adlı əməkdaşın isə məni aradan götürmək üçün PKK ilə anlaşma etdiyi barədə məlumat var”
İstanbulda yaşayan təhlükəsizlik baxımından hələlik adını açıqlamaq istəmədiyimiz naxçıvanlı “Azadlıq. TV”-yə olayla bağlı ətraflı məlumat verib. Onun sözlərinə görə, Naxçıvanda önəmli vəzifə tutan məmurlardan biri Y. Əkrəmoğlunu fiziki cəhətdən məhv etmək üçün İstanbula adam göndərib. Həmin adam İstanbulda Naxçıvandan olan kürd əsilli 2 şəxslə görüşüb.

Mənbənin bildirdiyinə görə, iki nəfərdən biri Şərur rayonunun Dərəkənd kəndinin sakini olan “Kürd Xano” ləqəbli biridir:

“Yafəzi aradan götürmək üçün Xanoya külli miqdarda pul, Bakıda ev və imtiyazlar vəd edilib. Pul əvvəlcədən verilib. Xanogil Yafəzin qaldığı evə gedəndə silahlı olublar. Yafəzin bəxti onda gətirib ki, qaldığı evdə xeyli saylı naxçıvanlı olub. Hadisədən İstanbulda yaşayan nüfuzlu naxçıvanlılar xəbər tutub. Onlar Xano ilə danışıblar. Xano hər şeyi etiraf edib. Söz verib ki, Yafəzlə işi olmayacaq. Xano aldığı pulu geri qaytarıb. Daha sonra Naxçıvana gələn MTN əməkdaşının PKK-cılarla əlaqə qurduğu barədə xəbər aldıq. MTN kürdlərdən ibarət dəstə ilə anlaşdığını eşitdikdən sonra nüfuzlu naxçıvanlılar İstanbulda olan ülkücülərə müraciət ediblər. Türk millətçiləri Yafəzin mühafizəsini təşkil etdilər. Mayın 13-də vəziyyət çıxılmaz hala gəldikdə Yafəzi qoruma altında aeroportdan Bakıya yola saldıq”.

Mənbə onu da qeyd edib ki, Xano nüfuzlu naxçıvanlılarla söhbətində bir sıra mətləblərə aydınlıq gətirib. Xanonun sözlərinə görə, Vasif Talıbov Y. Əkrəmoğludan çox qəzəblidir. Y. Əkrəmogluya ölkə daxilində qəsd etməkdən cəkinirlər. Ona görə onun İstanbul səfərindən istifadə etmək qərarına gəliblər. Eyni zamanda V. Talıbov Türkiyəyə minlərlə naxçıvanlı ailəsinin köçməsi barədə nüfuzlu Azadlıq Radiosunda reportajın getməsindən çox narahat olub.

Mənbə həmçinin qeyd etdi ki, Y. Əkrəmoğlunun həyatının xilas edilməsində hazırda İstanbulda yaşayan tanınmış siyasətçi Aqil Səmədbəylinin mühüm rolu olub.

“Azadlıq.TV”-nin əməkdaşı A.Səmədbəyli ilə telefon əlaqəsi qurub məsələ barədə məlumat verməsini xahiş edib. A. Səmədbəyli “Azadlıq.TV”-yə verdiyi açıqlamasında Y. Əkrəmoğlunun həyatının təhlükədə olduğunu söylədi:

“Yafəz bəyin həyatına ciddi təhlükə vardı. Bu barədə məlumat əldə etdikdən dərhal sonra dostlara müraciət etdik. Yafəzin mühafizəsi təşkil edildi. Onu da bilməlidirlər ki, Türkiyə Azərbaycan deyil. Bakıda, Naxçıvanda olduğu kimi İstanbulda istədikləri adama xəsarət yetirə, döyə bilməzlər”.

Məsələ ilə bağlı Y. Əkrəmoğlunun özünə müraciət etdik. Y. Əkrəmoğlu “Azadlıq.TV”-yə verdiyi açıqlamasında Türkiyədə basqına məruz qaldığını təsdiq etdi:

“Həqiqətən qonaq qaldığım evə basqın oldu. Dostların köməyi ilə basqınçıları evdən çıxara bildik. Mənə qarşı qəsdin həyata keçiriləcəyi ilə bağlı dostlarım dəqiq məlumat əldə etdilər. Mən Türkiyə polisinə müraciət etdim. Polis məsələni araşdırdı. Daha sonra mayın 12-də gecə saatlarında polisin müşayiəti ilə İstanbulu tərk etdim. Əslində səfərim mayın 16-da yekunlaşmalı idi ”.

Qeyd edək ki, uzun müddətdir Naxçıvan MTN-i Y. Əkrəmoğlunu təqib edir. Bir müddət əvvəl isə Naxçıvan MTN-i Y. Əkrəmoğlunun yaşadığı mənzilə içində səs yazıları olan zərf göndərib. Həmin səs yazıları bir qadınla kişinin intim əlaqəsi zamanı qeydə alınıb. Y. Əkrəmoğluya zəng edən Naxçıvan MTN-nin əməkdaşı videolentlərin yayacaqları ilə jurnalisti şantaj etməyə cəhd edib.

Daha sonra Naxçıvan MTN-i məcburi qaydada vətəndaşlardan Y. Əkrəmoğlunun əleyhinə müsahibələr alaraq sosial şəbəkələrdə paylaşıb. Y. Əkrəmoğlunu Facebook səhifəsinə və telefonuna çoxsaylı hədə mesajları göndərilir.

Yafəz Həsənov İstanbulda hücuma məruz qaldığını, təhlükəsizliyinin təmin edilməsi üçün Türkiyə polisinə müraciət etdiyini və polis nəzarətində İstanbul hava limanına gətirilərək Bakıya yola salındığını Amerikanın Səsinə də təsdiq edib.

Bununla yanaşı, məqalədə yazılanlarla bağlı nə rəsmi Bakı, nə də rəsmi Naxçıvan münasibət bildirməyib.
XS
SM
MD
LG