Accessibility links

Milli Şuranın üzvü Bakı aeroportunda saxlanılıb


Yalçın Qəhrəmanoğlu
Yalçın Qəhrəmanoğlu

Ukraynada Azərbaycan diasporunun nümayəndəsi, Milli Şuranın üzvü Yalçın Qəhrəmanoğlunun iyunun 1-də Bakı hava limanında saxlandığı bildirilir. O anasının hüzr məclisinə gəlirmiş.

AzadlıqRadiosunun məlumatına görə, Y.Qəhrəmanoğlunun indi harada olduğu bilinmir.

Baş verən hadisə heç milli, mənəvi əxlaqi dəyərlərə uyğun deyildir.
Cəmil Həsənli

Hüquq-mühafizə orqanları bu hadisə ilə bağlı açıqlama vermirlər.

"Baş verən hadisə heç milli, mənəvi əxlaqi dəyərlərə uyğun deyildir," deyə Milli Şuranbın sədri Cəmil Həsənli insidentə reaksiya verib. "Yalçın Qəhrəmanoğlu Ukraynadakı Azərbaycan diasporunun ən nüfuzlu nümayəndəsidir. Yaşadığı respublikanın ictimai və mədəni həyatında, xüsusilə Krım tatarlarının haqqının və hüququnun müdafiə edilməsində aktiv iştirak edir."

Cənab Həsənlinin sözlərinə görə Azərbaycan hakimiyyətinin anasını itirmiş müxalif düşüncəli adamı hədəf alması təkcə qanunlara yox, mənəviyya zidd bir addmdır.

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, AXCP sədri Əli Kərimli öz Facebook səhifəsində bu hadisəni pisləyib.

Əli Kərimli, Xalq Cəbhəsinin lideri
Əli Kərimli, Xalq Cəbhəsinin lideri

"Milli Şuranın üzvü, Ukraynadakı Azərbaycan diasporunun liderlərindən biri Yalçın Qəhrəmanoğlu anasının dəfnində iştirak etmək üçün Bakıya gəlib. Onu Bakıya enən kimi həbs ediblər, anasının dəfninə qatılmağa imkan verməyiblər. Yalçın bəy cinayətkar deyil, ictimai-siyasi xadimdir. Tutaq ki, hüquq-mühafizə orqanlarının Yalçın bəyə sualları var idi, lap nəyə görəsə onu həbs etmək istəyirdilər. Yalçın bəyi nəzarətə götürüb, anasının yas mərasimini başa vurduqdan sonra saxlamaq olmazdımı? Hər zaman arxasında gizləndiyiniz milli mənəvi dəyərləriniz budurmu?" Kərimli sual edib.

Onu Bakıya enən kimi həbs ediblər, anasının dəfninə qatılmağa imkan verməyiblər. Yalçın bəy cinayətkar deyil, ictimai-siyasi xadimdir.
Əli Kərimli

Y.Qəhrəmanoğlu vaxtilə "Qərbi Azərbaycana Qayıdış" ictimai birliyinin sədr müavini olub. Keçmiş səhiyyə naziri Əli İnsanov həbs edildikdə onun hüquqlarının müdafiəsinə qoşulub. Son 5 ili isə Y.Qəhrəmanoğlu Ukraynada yaşayıb.

Azərbaycandan xaricə köçmüş müxalif düşüncəli vətəndaşlar vacib səbəbdən ölkəyə qayıdarkən bəzi hallarda polis saxlanmaları və başqa təqiblərə məruz qalırlar.

Ötən illər ərzində hökumətin qəbul etdiyi sərt qanunlar xarici vətəndaşlıq almış Azərbaycan vətəndaşlarının vətənə səfər etməsinə süni maneələr törədir.

XS
SM
MD
LG