Accessibility links

Yan Kelli: ABŞ ATƏT-in Bakıdakı hazırkı mandatını və ofisin işini tam dəstəkləyir


ABŞ-ın ATƏT-dəki səfiri Yan Kelli

ABŞ-ın ATƏT-dəki səfiri Yan Kelli

ABŞ-ın ATƏT-dəki səfiri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun məktubuna cavab verib

ABŞ-ın ATƏT-dəki səfiri Yan Kelli təşkilatın Bakı ofisinin statusunun layihələr üzərində müşahidəçi səviyyəsinədək aşağı salınması ilə bağlı Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun məktubuna cavab verib.

Turan agentliyinin məlumatına görə, mayın 14-də Vyanada ATƏT-in Daimi Şurasında çıxış edən Kelli Bakının ideyasını tənqid edərək qəbuledilməz kimi qiymətləndirib.

“Biz Azərbaycanı uğurlu, demokratik, çiçəklənən və suveren ölkə kimi görmək istərdik. Bu səbəbdən mənim hökumətim hakimiyyətin bu ilki etiraz aksiyalarına reaksiyasından, müxalifət fəallarının, vətəndaş cəmiyyəti fəallarının həbsindən, Azad Fikir Universitetinin bağlanmasından narahatdır.

Qanunun aliliyinə və bütün əsas azadlıqlara - ifadə, toplaşma, birləşmə - hörmətlə yanaşılması Azərbaycanın demokratik millət kimi irəliləməsindən xəbər verir.

2010-cu ildə Astanada ATƏT-in digər üzvləri kimi Azərbaycan və ABŞ da öz vətəndaşları qarşısında hesabatlı olduqlarını, ATƏT qarşısında götürdükləri öhdəliklərin tam yerinə yetirilməsinə məsuliyyət daşıdıqlarını bildiriblər”, - bəyanatda deyilir.

“ATƏT-in Bakı ofisi Azərbaycanın demokratik inkişafına və hökumətlə vətəndaş cəmiyyəti arasında dialoqa, islahatların reallaşmasına mühüm dəstək verir. ABŞ ATƏT-in Bakıdakı hazırkı mandatını və ofisin işini tam dəstəkləyir. Ümid edirik ki, Azərbaycan ölkə cəmiyyətinin tam spektri cəlb olunmaqla bütün istiqamətlərdə iş üzrə ATƏT-in etibarlı iştirakını təmin edəcək.

Biz təkidlə Azərbaycanı Bakı tərəfindən qaldırılan məsələlərin həlli üçün ATƏT ilə konstruktiv dialoqa başlamağa çağırırıq”, - bəyanatda deyilir.

“Biz 16 oktyabr prezident seçkilərində ATƏT-in müşahidəçi missiyası üçün Azərbaycanın dəvətini gözləyirik”, - sənəddə vurğulanır.

Xatırladaq ki, bu il martın 18-də E.Məmmədyarov ATƏT-ə müraciətində Bakı ofisinin statusunun aşağı salınmasını təklif edib. O, öz təklifini beynəlxalq şəraitin dəyişməsi və Azərbaycanın nailiyyətləri ilə izah edib.

Qeyd edək ki, statusun dəyişdirilməsi ilə bağlı mühüm məqam o idi ki, layihələrin gələcək koordinatoru bütün layihələri Azərbaycan hakimiyyəti ilə razılaşdırmalı və onları yalnız rəsmi Bakının razılığı ilə reallaşdırmalıdır.

E.Məmmədyarovun ideyasını şərh edən ekspertlər qeyd edirlər ki, Azərbaycan hakimiyyəti missiyanın ştatusunun azaldılmasını və onun səlahiyyətlərinin məhdudlaşdırılmasını istəyir. İlk növbədə bu məhdudiyyətlər ATƏT missiyasının müstəqil tədbirlər keçirmək, hadisələr, seçkilər, insan hüquqlarının pozulması, demokratiya ilə bağlı proseslərə reaksiya vermək imkanlarını əhatə edir.

Bu həm də hakimiyyətin ATƏT və yerli QHT-lər arasında birbaşa əməkdaşlığa yol verməmək cəhdlərindən xəbər verir.
XS
SM
MD
LG