Accessibility links

Prezident yanan binanın ərazisində olub


Prezident İlham Əliyev mayın 20-də Bakının Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında yanğının baş verdiyi ərazidə olub.

APA agentliyinin məlumatına görə, dövlət başçısı faciənin fəsadlarının aradan qaldırılması, hadisə nəticəsində zərərçəkənlərə hər cür yardım göstərilməsi ilə bağlı tapşırıqlar verib.

Mayın 19-da baş vermiş yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılan Dövlət Komissiyası mayın 19-da ilk iclasını keçirib.

Komissiyasının sədri Abid Şərifov deyib ki, hadisə zamanı 14 nəfər dünyasını dəyişib. Onlardan səkkizi qadın, altısı kişi, o cümlədən beşi uşaqdır. Ambulatoriyalara və xəstəxanalara müraciət edənlərin sayı 51 nəfər olub. Onlardan 19 nəfəri hələlik xəstəxanalardadır. Həmin 19 nəfərdən 18-nin vəziyyəti normal, birinin vəziyyəti isə orta ağırdır.

Səhiyyə Nazirliyinə tapşırılıb ki, xəsarət alanların müalicəsinə ciddi nəzarət olunsun.

Şərifov bildirib ki, birinci növbədə sakinləri yerləşdirmək üçün dövlət obyektləri müəyyənləşdirilir. Artıq 56 mənzil müəyyənləşdirilib və nəqliyyat ayrılıb. Evləri bərpa olunana qədər həmin mənzillərdə onların bütün yaşayış şəraiti dövlət hesabına təmin olunacaq.

“Bizim müəyyənləşdirdiyimiz mənzillərə köçmək istəməyənlərə vəsait veriləcək ki, kirayədə qalsınlar”.

Bizim müəyyənləşdirdiyimiz mənzillərə köçmək istəməyənlərə vəsait veriləcək ki, kirayədə qalsınlar.

Dünyasını dəyişənlərin bütün dəfn xərcləri dövlət tərəfindən ödəniləcək. Artıq bu barədə Bakı Şəhər İcra Hakimiyyətinə, Binəqədi Rayon İcra Hakimiyyətinə və Maliyyə Nazirliyinə tapşırıq verilib. Bundan əlavə, xəstəxanalarda müalicə alanlara da yardım göstəriləcək.

Komissiya sabahdan etibarən binanın mənzillərində yanmış əmlakın dəyərini müəyyənləşdirəcək və kompensasiya ödəniləcək.

Şərifov bildirib ki, artıq hadisə ilə bağlı cinayət işi açılıb.

“Günahkarlar ciddi cəzalandırılacaq. Əlbəttə ilk növbədə bizim vəzifəmiz insanların yerləşdirilməsi, onlara lazımi köməyin göstərilməsidir. Bu istiqamətdə ciddi iş aparılır,” deyə Şərifov bildirib.

XS
SM
MD
LG