Accessibility links

“Günəşli” yatağındakı platformada yanğının söndürülməsi başa çatır [Video]


Dəniz platformasında yanğın

Dəniz platformasında yanğın

“Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündəki qəza nəticəsində yanan neft quyularında yanğın tamamilə söndürülüb.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev Amerikanın Səsinə bildirib ki, hazırda qaz quyularında yanğının söndürülməsi başa çatmaq üzrədir.

“Yanğın söndürüldükdən sonra platformada rekonstruksiya işləri aparılacaq”, o,qeyd edib.

Bununla yanaşı, müşahidəçilər qaz quyularında yanğının tam söndürülməsinin hava şəraitindən asılı olduğunu bildirir. Belə ki, küləkli hava şəraiti qaz quyularında alovun yenidən yayılmasına səbəb ola bilər.

Müşahidəçilər hesab edir ki. söndürülən qaz quyularında təcili və tez bir zamanda rekonstruksiya işləri başa çatdırılmalıdır.

Dekabrın 4-də güclü tufan nəticəsində "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib. Yanğın nəticəsində platformada olan 62 nəfərdən 30-u itkin düşüb. Onlardan 7 nəfərin cəsədi tapılıb, 23 nəfərin axtarışı hələ də davam edir.

SOCAR və digər qurumlar yanğının söndürülməsi ilə yanaşı neftin dənizə axmasının qarşısının alınması istiqamətində də işlər görürlər.

SOCAR-ın mətbuat xidmətinin məlumatında deyilir ki, qəza nəticəsində mümkün neft dağılmalarının və yarana biləcək ekoloji fəsadların qarşısını almaq məqsədi ilə yaradılmış işçi qrupu tərəfindən mütəmadi aparılan monitorinqlər dekabrın 16-da günün ikinci yarısında da davam etdirilib. Monitorinqlər havadan helikopterlər, dənizdən xüsusi təchiz edilmiş gəmilər vasitəsilə aparılıb və təxminən 3 saat davam edib.

Mətbuat xidməti qəza rayonunda hər hansı neft dağıntısı müşahidə olunmadığını bildirir.

“İndiyə kimi “Günəşli” yatağı və “Neft daşları” ərazilərində, eləcə də onların ətrafında neft sızıntılarına dəlalət edən ləkələr qeydə alınmayıb. Hazırda baş verə biləcək neft dağılmalarına qarşı xüsusi bonlarla təchiz edilmiş 6 gəmi hadisə yerindədir. Bonlar dağıla biləcək neftin gəmilərə doldurulması və utilizasiya üçün xüsusi məntəqələrə çatdırılması və bu yolla mümkün ekoloji fəsadların qarşısının əvvəlcədən alınması məqsədi daşıyır. Onu da qeyd etmək lazımdır ki, yanan neft quyularının söndürülməsi ilə dənizə neft dağılmaları təhlükəsi aradan qaldırılıb”, məlumatda qeyd edilir.

“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində mümkün neft dağılmalarının və yarana biləcək ekoloji fəsadların qarşısını almaq məqsədi ilə yaradılmış işçi qrupunun tərkibinə Fövqəladə hallar, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, SOCAR və BP şirkətlərinin mütəxəsisləri daxildir.

XS
SM
MD
LG