Accessibility links

Mayın 19-da Bakının Binəqədi rayonunda 16 mərtəbəli binada baş vermiş yanğında əli olan daha bir nəfər həbs edilib. Azərbaycan Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarının pozulması) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə açılmış cinayət işi çərçivəsində 2012-2013-cü illərdə Bakı şəhər Binəqədi rayon icra hakiminin müavini vəzifəsində çalışmış Qəzənfər Novruzov məsuliyyətə cəlb edilib. Onun barəsində 4 ay həbs qətimkan tədbiri seçilib. Bu barədə Azərbaycan Baş Prokurorluğu, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin yaydığı birgə məlumatda bildirilir.

Bundan başqa, bu il aprelin 10-da Bakının Xətai rayonunda Zığ şossesində 9 mərtəbəli binada baş vermiş yanğınla əlaqədar 3 nəfər saxlanılıb.

Onlar arasında sözügedən binanın poliüretanla üzlənməsini həyata keçirmiş “THN” şirkətinin faktiki rəhbəri Fərid Sadıqov, firmanın direktoru Zaur Əşrəfov və onun inşaat işləri üzrə müavini Nüsrət Muxtarov var. Onlar Cinayət Məcəlləsinin 225.2 və 308.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismətində məsuliyyətə cəlb ediliblər.

Məhkəmənin qərarı ilə onlar barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib.

Maraqlıdır ki, Zığ şossesində üç nəfərin xəsarət çəkdiyi yanğından sonra istintaq FHN-də aparılırdı, amma indiyədək heç kim məsuliyyətə cəlb edilməmişdi.

Həbslər hər iki yanğın üzrə istintaqın Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində bir icraatda birləşdirildikdən sonra baş verib.

Bundan əvvəl, mayın 19-da Binəqədi rayonunda 16 mərtəbəli binada yanğın işi üzrə Miryusif Mahmudov həbs edilib. Onun Global Construction şirkəti yanan evdə üzləmə işləri həyata keçirib. Mayın 21-də həmçinin üzləmə materialını istehsal edən Global Stone şirkətinin baş direktoru Uğur Bəşirovun, Global Construction-un sədr müavini Ələkbər Əsgərovun, 2012-2013-cü illərdə rayonun mənzil-kommunal təsərrüfat birliyinin rəhbəri vəzifəsində işləmiş Bakı şəhər Binəqədi rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin rəisi Ədalət Rəcəbovun həbs edildiyi məlum olub. Bundan başqa, Bakı şəhər Binəqədi rayonu 72 saylı mənzil-kommunal istismar sahəsinin rəhbəri Nizami Orucov həbs edilib.

Xatırladaq ki, mayın 19-da Bakının Binəqədi rayonunda yanğın nəticəsində 15 nəfər həlak olub, 65 nəfər dəm qazından zəhərlənib və ya bədən xəsarətləri alıb.

XS
SM
MD
LG