Accessibility links

Ukraynanın hakimiyyətdən devrilmiş prezidenti Viktor Yanukoviç Krımın Ukraynadan ayrılmaq istəməsi ilə bağlı oponentlərini günahlandıraraq, hələ də ölkənin prezidenti və ali baş komandanı olduğunu deyib.

Bu, keçən ay Kiyevdə hökumət əleyhinə etiraz nümayişlərinin ardınca ölkəni tərk etdikdən sonra Rusiyanın Rostov şəhərində danışan cənab Yanukoviçin ikinci bəyanatıdır.

Ölkənin müvəqqəti hökumətinin rəsmilərini "ekstremistlər" adlandıran cənab Yanukoviç yeni hökumətin may ayının 25-nə planlaşdırılan seçkilərin qeyri-qanuni və qeyri-legitim olduğunu deyib. O eləcə də, Birləşmiş Ştatların Ukraynanın müvəqqəti hökumətinə 1 milyard dollarlıq kredit təklifini pisləyərək, ABŞ-ın "quldurlar pul verməməli olduğunu" deyib.

Bu arada, Fransanın xarici işlər naziri Loran Fabius bu gün Fransanın İnter radiosuna müsahibəsi zamanı Moskvanın Krımla bağlı böhranın həlli üçün verilmiş təkliflərə müsbət cavab vermədiyi təqdirdə, Qərbin Rusiyaya qarşı bu həftə sanksiyalar həyata keçirə biləcəyini deyib.
XS
SM
MD
LG