Accessibility links

Rəsmi nəticələr açıqlanmamış, artıq hakim Yeni Azərbaycan Partiyası öz namizədi İlham Əliyevin qələbəsini bayram edir. Partiya qərargahı qarşısına toplaşmazdan öncə hakimiyyət tərəfdarları küçələrdə avto-yürüş təşkil ediblər.

“Bu gün Azərbaycan xalqı qələbə qazandı,” deyə hakim Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov partiya qərargahında keçirilən mətbuat konfransında bildirib. “İlham Əliyevi qalib etməklə Azərbaycan xalqı inkişaf yolunu seçib.” YAP rəsmiləri qələbə bayramını ekzit polun nəticələri ilə əsaslandırıblar.

Amerikanın Səsi Əli Əhmədova Milli Şuranın namizədi Cəmil Həsənlinin seçkilərin legitimliyini tanmaması haqda sual ünvanlayıb. Səsvermədə baş verən qanunsuzluq hallarını şərh edən Əli Əhmədov bildirib ki, bu pozuntular seçkilərin ümumi nəticələrini sual altına qoya bilməz. Onun sözlərinə görə hakim partiya öz seçki kampaniyasını rəqiblərindən daha yaxşı təşkil edib və milyonlarla seçicini prosesə cəlb edib.

Mümkün etiraz aksiyalarına gəldikdə, Əli Əhmədov bildirib ki, etiraz bildirmək hər bir Azərbaycan vətəndaşının hüququdur. Müxalifət tərəfdarları qanunla müəyyən edilmiş yerdə etirazlarını bildirə bilərlər. O, əlavə edib ki, aksiyalar qanun çərçivəsindən kənara çıxsa, bunun qarşısı alınacaq.

YAP qərargahı qarşısındakı qələbə toplantısına minlərlə adam qatılıb. Amerikanın Səsinin müxbiri ərazidən xəbər verir ki, hazırda qərargah qarşısına gələnlərin sayı seyrəlməkdədir.




XS
SM
MD
LG