Accessibility links

Yaqub Məmmədov: İranın vasitəçiliyini istəməyən qüvvələr Şuşanın işğalına zəmin yaratdı [Audio]


Yaqub Məmmədov

Yaqub Məmmədov

Danışıqlar prosesində əvvəllər Rusiyanın xarici işlər naziri iştirak edirdi, amma onlar Tehrana gəlmədi


Azərbaycanın keçmiş dövlət başçısı (1992-ci fevralın 28-dən mayın 15-dək prezident səlahiyyətlərini icra edib) Yaqub Məmmədov Amerikanın Səsinə müsahibəsində 21 il əvvəl Şuşa şəhərinin zəbti dövründə ölkədəki durumdan danışıb. Onun fikrincə, Şuşanın işğalında gərgin daxili siyasi situasiya və maraqlı xarici qüvvələrin rolu olub. Şuşa şəhəri 1992-ci mayın 9-da erməni silahlı birləşmələri tərəfindən zəbt olunub.


Sual: Bu gün Şuşa şəhəri erməni silahlı qüvvələri tərəfindən işğal altındadır. İşğala səbəb nə idi ?

Faktiki olaraq Müdafiə Nazirliyinin adı var idi, ordu yox idi.
Cavab: Səbəblər çoxdur. Özünüz bilirsiniz ki, o vaxt Qarabağ uğrunda mübarizə gedirdi. Həm siyasi cəbhədə, həm də hərbi cəbhə də. Şuşa da təhlükədə idi.

Faktiki olaraq Müdafiə Nazirliyinin adı var idi, ordu yox idi. Hərbi cəhətdən də ordu quruculuğu sahəsində mümkün olan tədbirləri görürdük. Çünki mən Ali Sovetə sədr seçilən vaxtda vəziyyətlə tanış olandan sonra məlum oldu ki, bizim ordu quruculuğu sahəsində böyük problemlərimiz var.

Faktiki olaraq Müdafiə Nazirliyinin adı var idi, ordu yox idi. Texnikamız, hərbi sursatımız, hərbi qüvvələrimiz demək olar ki, yox idi. Ona görə də bizə vaxt udmaq mənasında çox vaxt lazım idi ki, bu məsələ dondurulsun. Atəşkəs elan olunsun,
problem danışıqlar yolu ilə həll olunsun və bir tərəfdən ordu quruculuğu üçün lazımi tədbirlər görülsün. Belə bir şəraitdə Ermənistan rəhbərliyi də İranın rəhbərliyinin vasitəçiliyi ilə Tehranda görüşməli olduq.

Digər ölkələr də, ATƏT də bu məsələ ilə məşğul olurdular. Onlarla da danışıqlar aparılırdı. Müvəqqəti, qısa fasilələrlə də olsa, atəşkəsə nail olurduq.

Amma mütəmadi olaraq bu atəşkəs pozulurdu. Belə bir gərgin şəraitdə həm Ermənistan rəhbərliyi, həm də beynəlxalq təşkilatlarla danışıqlar aparırdıq.

Sual: Siyasi danışıqlar bir nəticə vermədi. Burada qeyd edirdilər ki, İran həm vasitəçilik edib, həm də Şuşanın işğalında Ermənistana kömək edib. Bu nə dərəcədə inandırıcıdır?

İran nə Ermənistana, nə də Azərbaycana heç bir hərbi yardım göstərmirdi.
Cavab: Bu, birmənalı şər-böhtandır. O dövrdə İran vasitəçilik edirdi. İran nə Ermənistana, nə də Azərbaycana heç bir hərbi yardım göstərmirdi. Biz İranın vasitəçiliyi ilə Tehranda Ermənistanla memorandum imzaladıq ki, atəşkəs rejimi yaradılsın, məsələ siyasi, sülh yolu ilə həll olunsun.

Buna baxmayaraq, həm İranın vasitəçiliyini istəməyən kənar qüvvələr, həm ölkəmizin, həm də Ermənistanın daxilində olan qüvvələr, həm də problemin siyasi yolla həll olunmasının istəməyən qüvvələr Şuşanın işğalına zəmin yaratdılar. Və işğal həyata keçirildi.

Sual: O dövrdə Azərbaycanın daxili siyasi vəziyyətini necə qiymətləndirərdiniz? Ayaz Mütəllibov bir tərəfdən, Azərbaycan Xalq Cəbhəsi o biri tərəfdən və digər qüvvələr də var idi ki, hakimiyyət uğrunda mübarizə aparırdılar.

Belə bir şəraitdə hakimiyyət uğrunda ölüm-dirim mübarizəsi gedirdi.
Cavab: Sözsüz ki, həmin dövr Azərbaycanın 20-ci əsr tarixində ən mürəkkəb dövrlərindən biri idi. Ölkə daxilində çox böyük ziddiyyətlər var idi. Hakimiyyət uğrunda mübarizə gedirdi. Sovetlər İttifaqı dağılmışdı, Azərbaycan təzəcə müstəqilliyini qazanmışdı. İqtisadiyyat, təsərrüfat demək olar ki, dağıdılmışdı.

Ölkə tam bərbad bir vəziyyətdə idi. Belə bir şəraitdə hakimiyyət uğrunda ölüm-dirim mübarizəsi gedirdi. Müxtəlif qüvvələr hakimiyyətə gəlmək üçün hər şeyə hazır idilər və hər şey edirdilər.

Sual: O dövrdə dövlət başçısı kimi sizə daxili və xarici qüvvələr tərəfindən təsirlər necə idi?

Hətta mən müxalifətin iki nümayəndəsini nazir təyin etdim. Tahir Əliyevi daxili işlər naziri, Rəhim Qazıyevi isə müdafiə naziri təyin elədim.
Cavab: Ölkə rəhbərliyinə gəldiyim günün səhəri bütün müxalif qüvvələrə müraciət etdim. Onları əməkdaşlığa çağırdım. Hakimiyyət uğrunda mübarizə aparanların hamısını əməkdaşlığa çağırdım.

Danışıqlar apardıq ki, bizim böyük problemimiz olan Dağlıq Qarabağ məsələsi həll olunana qədər bir yerdə fəaliyyət göstərək. Hakimiyyət mübarizəsindən əl çəkək. Onlar sözdə hə deyirdilər, amma hərəkətlərində başqa işlər görürdülər. Yenə küçələr, meydanlar mitinqlərlə dolu idi. Rayonlarda icra hakimiyyətlərini devirirdilər. Öz istədiklərini təyin edirdilər.

Bax, belə çox gərgin bir vəziyyət idi. Hətta mən müxalifətin iki nümayəndəsini nazir təyin etdim. Tahir Əliyevi daxili işlər naziri, Rəhim Qazıyevi isə müdafiə naziri təyin elədim. Buna baxmayaraq, yenə də vəziyyəti günbəgün gərginləşdirirdilər. Demək olar ki, iflic vəziyyətində idi. Bax, belə bir şəraitdə mən ölkəyə rəhbərlik edirdim.

Sual: Amma bu siyasi situasiyadan, təyinatlardan sonra Ayaz Mütəllibov mayın 14-də yenidən hakimiyyətə qayıtdı. Burada Rusiyanın təsirləri nə idi?

Şuşanın işğal olunmasında Rusiyanın böyük iştirakı olub.
Cavab: Sözsüz ki, Rusiyanın da öz maraqları var idi. Şuşanın işğal olunmasında Rusiyanın böyük iştirakı olub. Xocalı qırğınında da Rusiyanın 366-cı alayı iştirak etmişdi, Şuşanın işğalında da.

Çünki danışıqlar prosesində əvvəllər Rusiyanın xarici işlər naziri də iştirak edirdi, və onlar Tehrana gəlməli idilər. Çox təəssüf ki, gəlmədilər. Söz vermişdilər ki, danışıqlarda Rusiyanın Tehrandakı səfiri iştirak edəcək, o da iştirak etmədi. Bax, elə vəziyyət yaranmışdı.

Ölkədəki özünümüdafiə batalyonlarının böyük əksəriyyətini müxalifət yaratmışdı.
Əlimizdə fakt-sübut olmadığına görə mən deyə bilmərəm, amma qeyri-rəsmi məlumatlara görə, Rusiya bilavasitə Şuşanın işğalında iştirak edib. Eyni zamanda da bir tərəfdən Mütəllibovun hakimiyyətə qaytarılması, digər tərəfdən ölkə daxilində hakimiyyət uğrunda mübarizə aparan başqa qüvvələr. Ölkədəki özünümüdafiə batalyonlarının böyük əksəriyyətini müxalifət yaratmışdı. Onlar Müdafiə Nazirliyinə tabe olmurdular, vahid komandanlıq altında birləşmək istəmirdilər.

Sual: Bu gündən həminki dövrə baxanda bir tarixi nəticə əldə etmək mümkündür. Bunun tarixi nəticələri nə oldu və günahkarlar kim idi?

Cavab: Konkret günahkarların adını çəkə bilmərəm. Gərək onların adını çəkəndə sübut da edə biləsən. Yoxsa deyərlər şər-böhtan atırsan. Amma nəticə o dövrki ictimai-siyasi vəziyyət, hakimiyyət uğrunda gedən mübarizə və maraqları olan xarici dövlətlərin burada apardıqları işlər idi.


XS
SM
MD
LG