Accessibility links

Azərbaycan Respublikasının BMT-dəki səfiri Yaşar Əliyev Azərbaycanın Dağlıq Qarabağ regionunda mayın 3-də keçirilməsi nəzərdə tutulan, onun ifadəsilə “qondarma parlament seçkiləri” ilə bağlı məktubunu BMT Baş Assambleyasının iclasında təqdim edib. Səfir Yaşar Əliyev Azərbaycan Xarici İşlər nazirliyinin rəsmi mövqeyinin əks etdirən bəyanatının əlavə edildiyi məktubun iclasın gündəliyinə salınaraq yayılmasını istəyib.

Xarici İşlər nazirliyinin 2015-ci il 27 fevral tarixli məktubunda Azəbaycanın Dağlıq Qarabağ regionu və yeddi rayonun işğal altında olduğu, bölgədə etnik təmizləmə siyasətinin aparıldığı, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün olduğu qeyd edilir.

Məktubda deyilir ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamədə Azərbaycan ərazilərinin işğalı qınanır, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət ifadə olunur.

“Bu qətnamələrdə Təhlükəsizlik Şurası Dağlıq Qarabağ regionunun Azərbaycanın tərkib hissəsini olduğunu təsdiq edib və işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal, bütünlüklə və qeyd-şərtsiz çıxarılmasına çağırıb. Digər beynəlxalq təşkilatlar da eyni mövqedən çıxış edib,” deyə məktubda bildirilir.

Səfir Yaşar Əliyevin məktubu BMT-nin Baş Assambleyasının 69-cu sessiyasının gündəliyinə salınmış “GUAM ölkələrində uzun sürən münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsirləri” və “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət”lə bağlı iclasında təqdim edilib.

XS
SM
MD
LG