Accessibility links

Fiziki zorakılığa məruz qalmış QHT rəhbəri istintaqın obyektivliyinə inanmır (Video)


Yaşar Cəfərlinin Müdafiə Nazirliyinin qulluqçusu tərəfindən döyülərək xəsarət almasını Hərbi Prokurorluq araşdıracaq

“Sifariş əsasında qatı xuliqanlıqla törədilən cinayət hadisəsindən 5 gün vaxt keçməsinə baxmayaraq, heç bir istintaq hərəkətinin aparılmaması, cinayət işi başlanmaması, zərərçəkmiş kimi tanınmamam və ən əsası, cinayət yerində tutulan şəxsin belə tezliklə buraxılması məndə obyektiv araşdırma aparılması ilə əlaqədar ciddi şübhələr yaradır”.

Bu barədə “Ehtiyatda və İstefada olan Zabitlər” İctimai Birliyinin sədri Yaşar Cəfərli Baş Prokurora, Daxili İşlər Nazirinə və digər hüquq mühafizə orqanlarının rəhbərlərinə ünvanladığı ərizdə bildirir.

Y.Cəfərli aprelin 2-də yaşadığı binanın girəcəyində 2 nəfərin hücumuna məruz qalıb. O, bədən xəsarəti alıb. Yaxınlıqda olan insanların köməyi Cəfərliyə xəsarət yetirənlərdən biri tutulub Yasamal rayonu 29-cu polis bölməsinə təhvil verilib.

Aprelin 3-də polis bölməsi iş materiallarının və saxlanılan şəxsin Yasamal rayon prokurorluğuna təhvil verildiyini bildirib. Aprelin 4-də Yasamal rayon prokuroru Həsrət Pirməmmədov Y.Cəfərlini qəbul edib. Rayon prokuroru ona deyib ki, hadisə ilə əlaqədar saxlanılan şəxs hərbi qulluqçu olduğu üçün aprelin 3-də iş materialları qanuna müvafiq surətdə Baş Prokurorluğa göndərilib və bu işə qanunla hərbi prokurorluq baxmalıdır.

Cəfərli bildirir ki, digər tərəfdən rəsmi şəxslərə istinadən mətbuatda verilən məlumatlara görə, bu iş materialları bu günə qədər Respublika Baş Prokurorluğuna daxil olmayıb.

“Xahiş edirəm ki, baş vermiş cinayət hadisəsində zərərçəkmiş olduğum üçün mənə cinayət işinin gedişi barəsində məlumat verilməsini təmin edəsiniz”, deyə o qeyd edir.

Öz növbəsində Amerikanın Səsinin sorğusuna cavabda Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, aprelin 2-də Bakı şəhər sakini Yaşar Cəfərlinin yaşadığı evin qarşısında aralarında yaranmış mübahisə zəminində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin qulluqçusu Elxan Hüseynov tərəfindən döyülərək xəsarət almasına dair Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsində toplanmış material aidiyyəti üzrə araşdırmanın davam etdirilməsi üçün Respublika Hərbi Prokurorluğuna göndərilib.

E.Sultanov həmçinin deyib ki, qeyd edilən material üzrə araşdırma Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülüb.
XS
SM
MD
LG