Accessibility links

Azərbaycan NATO ölkələrindən birinə 100 pilotsuz təyyarə satacaq


 Pilotsuz təyyarə

Pilotsuz təyyarə

Azərbaycan NATO ölkələrindən birinə 100 pilotsuz uçan aparat göndərmək niyyətindədir. Bu barədə Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov sentyabrın 11-də Bakıda açılan müdafiə sənayesi sərgisi zamanı jurnalistlərə bildirib.

Onun sözlərinə görə, ölkənin müdafiə sənayesi müəssisələrində 51 istehsalat sahəsi fəaliyyət göstərir. Bu ilin sonunadək beş yeni zavodun və yeddi yeni istehsalat sahəsinin istifadəyə verilməsi nəzərdə tutulur.

Həmin zavodlarda 40-46 mm. kalibrli qumbaraatanların, həmçinin onlar üçün hərbi sursatların istehsalına başlanılacaq.

Bundan əlavə, M-6, M-12 partlayıcı maddələr və U-25 hərbi sursatlarının istehsalı üzrə zavod fəaliyyətə başlayacaq. Eyni zamanda 5,45 mm.-dən 30 mm.-dək kalibrli atıcı silahların bütün növləri üçün patron istehsalına başlanılacaq.

“Bütün bunlar bizim ordu üçün mühüm önəm daşıyır”, nazir vurğulayıb.

O qeyd edib ki, 2015-ci ilin birinci kvartalının sonunadək Azərbaycanda tanklar və artilleriya sistemləri üçün 55 mm.-dən 100 mm.-dək kalibrli mərmi istehsalına başlanılacaq.

Beləliklə, Azərbaycan demək olar ki, milli ordunun hərbi sursata, tank və artilleriya üçün mərmiyə olan tələbatını tam təmin etmiş olacaq.

XS
SM
MD
LG