Accessibility links

Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus, “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının koordinatoru Oqtay Gülalıyev və Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov bu gün 166 nəfərdən ibarət yeni siyasi məhbus siyahısını təqdim edib.

Müəlliflər qeyd edirlər ki, siyahı Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 3 oktyabr 2012-ci il tarixli 1900 saylı qətnaməsində siyasi məhbuslarla bağlı qeyd edilmiş kriteriyalara əsasən hazırlanıb.

“Hazırda Azərbaycanda ümumilikdə 166 nəfər vicdan məhbusu və siyasi məhbus var. Sözsüz ki, bu rəqəm həbsxanalarda olan bütün siyasi məhbusların real sayını əks etdirmir və onların sayı daha çoxdur, eləcə də tez- tez dəyişir. Azərbaycan hakimiyyəti yerli və beynəlxalq ictimaiyyətin təkidi ilə bir qrupu buraxır, digərlərini həbs edir”, - məlumatda deyilir.

Ölkənin bir sıra aparıcı vətəndaş cəmiyyəti fəallları, media nümayəndələri, ziyalılar, o cümlədən professor Cəmil Həsənli, Mehman Əliyev, Əvəz Zeynallı, Hacı Rövşən Əhmədli, Eldəniz Quliyev, Hilal Məmmədov, Samirə Ağayeva, Namizəd Səfərov, Elçin Məmmədli, Ruslan İzzətli, Nəsimi Məmmədli, Taleh Xasməmmədov, Məlahət Nəsibova, Ataxan Əbilov, Natiq Adilov, Vahid Məhərrəmli və digərləri sənədi dəstəkləyiblər.

Siyasi məhbus hesab edilən şəxslər aşağıdakı bölümlər üzrə təsnifatlaşdırılıb:

Jurnalist və bloggerlər – Əbdül Əbilov, Nicat Əliyev, Araz Quliyev, Rəşad Ramazanov, Seymur Həzi, Fikrət Fərəməzoğlu, Cavid Şirəliyev.

Yazarlar və şairlər – Tofiq Həsənli, Saday Şəkərli.

Hüquq müdafiəçiləri - Əliabbas Rüstəmov.

Gənc fəallar – İlkin Rüstəmzadə, Elvin Abdullayev, Qiyas

İbrahimov, Bayram Məmmədov, Elgiz Qəhrəman.

Siyasətçilər, siyasi partiya fəalları – İlqar Məmmədov, Zeynalabdin Bağırzadə, Fuad Qəhrəmanlı, Məmməd İbrahim, Asif Yusifli, Fuad Əhmədli, Faiq Əmirli.

Ən böyük qrupu dindarlar təşkil edir. Onların sayı 120 nəfərdir.

İslam Partiyasının lideri Mövsüm Səmədovun işi üzrə həbs olunanlar 41 nəfərdir. “Hicab dustaqları (Təhsil Nazirlyinin qarşısında etiraz aksiyasında iştiraka görə tutulanlar); “Eurovision” və Masallıda folklor festivalına etiraza görə həbs olunanlar, həmçinin teoloq Elşən Mustafaoğlu, din xadimi Abgül Süleymanov.

“Nardaran işi” üzrə həbs olunanlar 17 nəfərdir. Onların arasında Taleh Bağırzadə də var.

Digər 8 nəfər “Müsəlman Birliyi” Hərəkatının həbsdə olan üzvləri” yarım qrupuna daxildir.

Siyahıda əsasən qanunsuz silah saxlamağa görə həbs edilən 16 nəfər Nardaran qəsəbə sakini var.

Siyahıda yer alan beş dindar 2016-cı il noyabrın 5-də “Müsəlman Birliyi” Hərəkatının sədr müavini Elçin Qasımovun saxlanmasına etiraz olaraq Sabunçu rayon Polis İdarəsinin qarşısında keçirilən aksiya zamanı həbs olunub.

“Siyasi girovlar” qrupunda beş nəfər var – AXCP sədri Əli Kərimlinin qaynı Elnur Seyidov, Beynəlxalq Universitetin keçmiş rektorunun qohumu Mübariz Abdullayev, jurnalist Natiq Ədilovun qardaşı Murad Ədilov, jurnalist Qənimət Zahidovun qohumları Rüfət və Rövşən Zahidovlar.

“Keçmiş hakimiyyət nümayəndələri” – keçmiş nazir Əli İnsanov, xüsusi dövlət mühafizə xidmətinin əməkdaşı Asif Lətifov və Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərov.

Siyahıda İsmayıllı hadisələri ilə bağlı mühakimə olunanlar arasında Vasif İbrahimov var.

Digər 15 nəfər ömürlük həbsə məhkum olunanlar, o cümlədən keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin zabitləri, Qarabağda döyüşmüş “Qaranquş” dəstəsinin üzvləri, keçmiş baş nazir Surət Hüseynovun işi üzrə mühakimə olunanlar.

Oktyabrın 17-də 24 nəfərdən ibarət işçi qrupu 94 nəfərlik başqa siyahını açıqlayıb (işçi qrupun hesabatını hüquq müdafiəçiləri Rəsul Cəfərov, İntiqam Əliyev, Emin Hüseynov, Məlahət Nəsibova, Samirə Ağayeva, Samir Kazımlı, vətəndaş cəmiyyətinin ekspertləri Akif Qurbanov, Anar Məmmədli, Bəşir Süleymanov, hüquqşünaslar Xalid Bağırov, Xalid Ağəliyev, Günay İsmayılova, Ələsgər Məmmədli, jurnalistlər Xədicə İsmayılova, Şahvələd Çobanoğlu, Aynur İmranova və başqaları, cəmi 24 nəfər imzalayıb).

94 siyasi məhbusla bağlı hər iki qrupun mövqeyi üst-üstə düşür.

Fərq ondadır ki, işçi qrupu dindarların bir hissəsinin (45 nəfər) işi üzrə sənədlərlə hələ tanış olmadığına görə onları “potensial siyasi məhbus” kateqoriyasına aid edib.

Azərbaycan hökuməti “siyasi məhbus” terminini qəbul etmir. Azərbaycan prezidenti dəfələrlə ölkədə siyasi məhbusların olmadığını bəyan edib. Eyni zamanda, hökumət rəsmiləri bütün insanların qanun qarşısında bərabər olduğunu və heç kimin baxışlarına görə həbs edilmədiyini bildirir.

Bununla yanaşı, “Amnesty İnternational” (Beynəlxalq Əfv) təşkilatı Azərbaycanda 13 nəfəri “vicdan məhbusu” elan edib. Bir çox beynəlxalq hüquq-müdafiə təşkilatları ölkə rəhbərliyinə “siyasi motivlərlə” həbsdə olanların azad edilməsi xahişi ilə müraciətlər ünvanlayıb. Avropa İnsan Hüquqları Məhkəməsi və Nazirlər Komitəsi REAL lideri İlqar Məmmədov və keçmiş səhiyyə naziri Əli İnsanovla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarının icrası ilə bağlı qərarlar qəbul edib.

XS
SM
MD
LG