Accessibility links

Küçələrdə ünvanlar dəyişdirilib, sakinlərin xəbəri yoxdur

Bakı şəhərinin küçələrində yerləşdirilən yeni ünvan lövhələri sakinləri, poçtalyonları, turistləri, demək olar ki, hamını çaşdırıb. Məsələn, yaxın günlərədək Xaqani küçəsi 20 olan ünvan yeni lövhədə Xaqani 44-dür. Bütün küçələr boyu belə yeni çaşdırıcı lövhələr vurulub.

Bir sözlə, özünün xəbəri olmadan on minlərlə hüquqi və fiziki şəxsin ünvanları dəyişdirilib.

Xaqani küçəsi_yeni ünvan

Xaqani küçəsi_yeni ünvan

“Qeydiyyat vəsiqəmiz, hərbi biletimiz, evimizin mülkiyyət sənədləri yeni ünvanla uyğun gəlmir. Ünvanları dəyişənin kim və ya hansı dövlət qurumu olmasını da bilmirik. Qabaqcadan hər hansı izahat işi aparılmayıb. İndi biz nə edək?”, Bakının Xaqani və Nizami küçələrində sakinlər Amerikanın Səsinə bildirib.
Dövlət Əmlak Komitəsinin mətbuat xidmətindən Turana deyiblər ki, yeni ünvan reyestri ölkə prezidentinin sərəncamına uyğun aparılır.
Mətbuat xidmətindən bildiriblər ki, ünvan lövhələri Avropa qaydalarına uyğun quraşdırılır. “Bununla bağlı çoxsaylı treninqlər, konfranslar keçirilib”.

Öz növbəsində yeni ünvanlar vətəndaşlar üçün çoxsaylı problemlər yaradır.

Poçt xidmətləri yeni ünvanları neçə müəyyən edəcək?, elektron naviqasiya sistemlərində (Google) ünvanlar necə olacaq?, taksi xidmətləri yeni ünvanları necə tapacaq?, vətəndaşların qeydiyyat vəsiqələri necə olacaq?, köhnə ünvanlarla beynəlxalq axtarışda olan şəxslərlə bağlı məlumatlar necə aydınlaşdırılacaq?, möhürlər, ştamplar, hüquqi ünvanlar necə olacaq? və sair məsələlərlə bağlı yaranacaq problemləri kim həll edəcək?
Rəsmi şəxslərin dediyinə görə, Azərbaycanda 500 mindən çox qanunsuz tikili ünvan reyestrinə daxil deyil. Bunların taleyinə necə aydınlıq gətiriləcək? Beləliklə bu və ya digər suallar cavabını gözləyir.

Avropa təcrübəsinə gəlincə, insanlarla və ya ailələrlə bağlı hər hansı yenilik baş verəndə hər bir insan və ailə ayrı-ayrılıqda məlumatlandırılır. Qaranlıq qalan məsələlərlə bağlı bütün suallara cavab verilir.

Azərbaycana gəlincə, bütövlükdə ölkə əhalisinə aidiyyəti olan yeni ünvan reyestri ilə bağlı əhali qabaqcadan xəbərdar edilməyib. İnsanların suallarına cavab verəcək “Qaynar xətt” xidməti yaradılmayıb və ya hər hansı telefon nömrəsi, email ünvanı elan edilməyib. Hətta Dövlət Əmlak Komitəsinin rəsmi saytında belə bununla bağlı hər hansı məlumatlandırıcı xəbər yoxdur.
XS
SM
MD
LG