Accessibility links

İyulun 17-i səhər Yerevanda bir qrup müxalif silahlı şəxs Erebuni rayon polis idarəsinə hücum edib. Silahlılar polis idarəsini ələ keçirib.

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin yaydığı məlumata görə, silahlı şəxslər içəridə bir neçə polisi girov götürüb. Onların dinc yolla azadlığa buraxılması üçün silahlılarla danışıqlar aparılır.

«Təsisedici Parlament» adlı müxalif qrup bəyanat yayaraq, ötən ay hakimiyyəti zorla devirməkdə təqsirləndirilərək həbs olunmuş liderləri Zhirayr Sefilyan-ın azadlığa buraxılmasını tələb edib.Qrupun sözçüsü Varuzhan Avetisyan da qiyama qalxdıqlarını bəyan edib. O, hakimiyyəti devirəcəklərini və siyasi məhbusları azad edəcəklərini bildirib.Polis ərazini mühasirəyə alıb

Məşhur müxalifətçi deputat Nikol Pashinyan polis idarəsinə baş çəkərək oranı zəbt edənlərlə söhbət edə bilib. Yenicə yaradılmış Vətəndaş Razılığı adlı partiyanın lideri olan Pashinyan hücum edənlərdən birinin başından ağır yaralı olduğunu, özünü pis hiss edən polisin buraxıldığını söyləyib.

Təsisedici Parlament hərəkatı prezident Serzh Sarkisian-ın istefası tələbi ilə tez-tez Yerevanda etiraz aksiyaları keçirməsi ilə tanınır.

Qrup Ermənistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı güzəştli mövqe tutduğunu iddia edərək hakimiyyəti kəskin tənqid edir.

Son məlumatlara görə hücum nəticəsində bir nəfər polis ölüb. İki nəfər yaralanıb.

Bu haqda Ermənistan Millli Təhlükəsizlik Nazirliyinin məlumatında deyilir.

Məlumatda xüsusi əməliyyat nəticəsində girov götürülmüş iki nəfərin azad olunduğu da bildirilir.

Ermənistan MTN bildirir ki, hüquq mühafizə orqanları vəziyyətə nəzarət edir.

XS
SM
MD
LG