Accessibility links

Yuliya Timoşenko - Ukrayna siyasətinin Janna D'Arkı [Video]


May ayında Ukraynada prezident seçkisində əsas namizədlərdən biri keçmiş baş naziri Yuliya Timoşenkodur. Tanınmış siyasi fiqur olsa da, təhlilçilərin böyük hissəsi insanların şüurunda onun haqda inqilabdan əvvəl yaranmış obrazın hələ də güclü olduğunu bildirir.

Keçmiş Baş nazir Yuliya Timoşenko fevral ayında böyük siyasi meydana qayıtdı.
Vəzifəsindən sui-istifadə ilə bağlı ittihamlar əsasında həbs edilmiş Timoşenko 2011-ci ildən xəstəxanada nəzarət altında saxlanırdı.

Onun əlil arabasında Meydana gəlişi alqışlarla qarşılansa da, bəziləri buna əks münasibət göstərirdi.

Londonda Chataham House araşdırma mərkəzində təhlilçi Orisiya Lutseviç: “O,ziddiyyətli fiqurdur və onun namizədliyi gələcəklə bağlı ümidlərə görə çətinlik yaradır. O, Ukrayna siyasətində köhnə nəslə aiddir, bu da çoxlarının fikrində korrupsiyalaşmış rejim deməkdir.”

Yuliya Timoşenko 2004-cü ildə Narıncı inqilab dövründə mərkəzi fiqurlardan biri idi və prezident Viktor Yuşşenko tərəfindən baş nazir təyin edilmişdi. Lakin bu alyansın sonradan dağılması Viktor Yanukoviçin prezidentliyinə yol açmışdı.

Müşahidəçilərin fikrincə, Timoşenko bu keçmişi təmizləməyə və Ukraynanın ən nüfuzlu siyasi fiqurlarından biri kimi öz güclü cəhətlərini önə çəkməyə çalışır.

Bu yaxınlarda mətbuat konfransında danışan Yuliya Timoşenko Rusiyanın ilhaq etdiyi Krımı geri almaq uğrunda mübarizə aparacağını deyib.

“Krımın Ukraynaya qaytarılmasında çox şey bizim iqtisadi cəhətdən güclü, demokratik Avropa dövləti qura biləcəyimizdən asılı olacaq. Yeni Ukraynada həyatın göstəricisi olacaq rahat yaşayış və azadlıq ruhu bir vaxt Rusiyanı vətən hesab edən insanlar üçün güclü bir nümunə olacaq.”

Orisya Lutseviç deyir ki, Yuliya Timoşenko belə yeni Ukraynanın lideri olmaq üçün imicini dəyişməyə çalışır. “O, Ukraynanın Janna D’Arkı adlandırılır, çünki Yanukoviç rejiminə güzəştə getməyib şəxsi iztirablardan keçərək, ümid gətirə biləcək bir şəxs, oliqarxlarla mübarizə apara bilən qətiyyətli bir siyasətçi hesab edilir.”

Son günlər rusiyapərəst silahlı qruplar Ukraynanın şərqindəki şəhərlərdə hökumət binalarına hücum edib. Rusiya Ukrayna ilə sərhəddə öz qüvvələrini cəmləşdirib.

Timoşenko prezident Vladimir Putinə qarşı çətin oyundan danışır, lakin Henri Cekson Cəmiyyətində təhlilçi Endrü Foksall uzun müddət üçün bunun Ukraynaya köməyi olmayacağını deyir.

“Bu yaxınlarda o, prezident Vladimir Putini bir nömrəli düşmən adlandırıb. Onun Rusiya ilə münasibətdə yürüdücəyi siyasət narahatlıq doğurur.”

Yuliya Timoşenko Avropa tərəfdarı siyasətçidir və Ukraynann Qərbə inteqrasiyasına güclü dəstək verir. Lakin təhlilçilər ölkənin parçalanmaq həddinə olduğu biz zaman onun birləşdirici fiqur ola bilməyəcəyindən ehtiyat edir.
XS
SM
MD
LG