Accessibility links

Avropa İttifaqının rəsmilərinin bildirdiyinə görə, Avropa Komissiyasının prezidenti Jan Klod Yunker iyun ayında Rusiyada keçiriləcək iqtisadi forumda iştirak edəcək və prezident Vladimir Putinlə görüşəcək. Səfər Avropa İttifaqının Moskvaya qarşı yeni iqtisadi sanksiyaların tətbiq edilib-edilməməsini nəzərdən keçirdiyi vaxta təsadüf edir.

Almaniya kansleri Angela Merkel də daxil olmaqla Avropa İttifaqının bir sıra liderlərinin Krımın 2014-cü ildən işğalından sonra Rusiyaya səfər etməsinə baxmayaraq, bu, Avropa Komissiyasının prezidenti kimi Yunkerin ölkəyə ilk səfəri olacaq.

Komissiyanın sözçüsü Marqaritis Şinas Yunkerin bu imkandan Rusiya rəhbərliyi və eləcə də daha geniş auditoriyaya Avropa İttifaqının Rusiya ilə münasibətlərinin hazırkı durumuna dair baxışlarını çatdırmaq üçün istifadə edəcəyini bildirib.

Şinas Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarla bağlı mövqeyini bir daha təkrar edərək, Yunkerin səfərinin bununla əlaqədar olmadığını bildirib. Avropa İttifaqının liderləri iyunun 28-29-u keçiriləcək zirvə görüşündə Rusiyanın Ukrayna böhranında rolu ilə əlaqədar tətbiq edilmiş sanksiyaları müzakirə edəcək.

"Sanksiyaların müddəti Rusiyanın Minks razılaşmalarına tam əməl etməsi və Ukraynanın suverenliyinə hörmət etməsilə bağlıdır"-deyə Şinas bildirib.
O, Yunker və Putin arasında Sankt Peterburqda görüş olacağını bildirib, lakin onların təkbətək görüşünün keçirilib-keçirilməyəcəyi haqda bir söz deməyib.

Kreml Yunkerin qarşıdan gələn səfərini alqışlayıb, lakin bildirib ki, səfərin danışıqlarda mühüm dönüşün olacağına gətirib çıxara bilməsi gözlənilmir.

"Bu səfərin ən müsbət tərəfi ondan ibarətdir ki, bu, kəskin fikir ayrılıqlarının mövcud olduğu məsələlər ətrafında konsensusun əldə edilməsi məqsədi daşıyan dialoqun aparılmasına hazırlığın və istəyin olduğunu nümayiş etdirir"-deyə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Yunker Krımın işğalı və Ukraynada üsyançılara dəstəklə bağlı Rusiyaya qarşı iqtisadi sanksiyaların saxlanması məsələsində sərt mövqe tutan bəzi Avropa rəsmiləri tərəfindən tənqidlərə məruz qalıb. Lüksemburqun keçmiş baş naziri olan Yunker Moska ilə praktiki münasibətlərə çağırıb.

XS
SM
MD
LG