Accessibility links

Yunus Şamili fevralın 26-da İranda keçirilmiş seçkiləri islahatçılar, mötədillər və fundamentalistlər arasında bir yarış olmaqdan daha çox Həsən Ruhani hökümətinin tərəfdarları və bu hökümətə qarşı olanlar arasında cərəyan etmiş bir rəqabət kimi görür. Güneyli yazar və siyasi şərhçi Amerikanın Səsi ilə söhbətdə İranda Parlament və Xübrələr (Ekspertlər) Məclisi seçkilərinin nəticələrini şərh etməklə yanaşı, müxtəlif siyasi cərəyanların seçkilər vasitəsilə əldə etdiyi siyasi ağırlıqdan əlavə etnik faktorun oynadığı rolu da dəyərləndirib.

Şamilinin söylədiklərinə əsasən, nəticədə islahatçı/mötədil cərəyanlar və fundamentalistlər arasında bir təqribi güc balansı yaranmış olsa da, bundan əvvəlki durumu nəzərə alaraq seçkilərin əsas qalibi mötədil və islahatçı qruplar olub:

Bu günə qədər bizim Azərbaycan adına, türk adına, kimlik hərəkatı adına məclisə girmək tariximiz olmayıb. Buna görə də, kimlik məsələsinin İran seçkilərində bu səviyyədə gündəmə çıxması belə yaxşı haldır.

“Son xəbərlər və analizlər göstərir ki, islahatçılar və mötədillər bu seçkilərin qazananları olublar. Keçən dövrlərdə bunlar məclisdə azlıqda idi və güc baxımından daha zəif idilər... Bu seçkilərdə əhali fundamentalist qrupların ciddi və önəmli kadrlar və şəxsiyyətlərinə səs vermədi. Ekspertlər Məclisi seçkilərində də eyni şəkildə fundamentalistlərin önəmli şəxsiyyətləri seçilmədi... Amma ümumiyyətlə bu seçimlər islahatçılar və fundamentalistlər arasında olmadı, bəlkə Həsən Ruhani hökümətinin tərəfdarları və müxalifləri bir-biri ilə yarışdılar.”

Yunus Şamili İran İslam Respublikası tarixinin ən önəmli fiqurlarından olan Əkbər Haşimi Rəfsəncani və tərəfdarlarının Ekspertlər Məclisi seçkilərində Tehrandan ən yüksək səslə seçildiyinə diqqət çəkərək, Rəfsəncaninin keçən illərlə müqayisədə əlinin güclənəcəyini və İran siyasətinə daha önəmli təsirlər buraxacağını proqnozlaşdırır.

Əkbər Haşimi Rəfsəncani

Əkbər Haşimi Rəfsəncani

Siyasi fəal islahatçılar və mötədillərin güclənməsi nəticəsində ölkədə siyasi atmosferin müəyyən dərəcədə açılacağını ümid edərək türk fəalların da bundan yararlana biləcəyini ifadə edir.

Güney Azərbaycan Milli Demokratik Birliyi təşkilatının üzvü bu seçimlərdə həmçinin etnik faktorun oynadığı rol haqqında öz düşüncələrini Amerikanın Səsi ilə paylaşıb.

O, İranda keçirilən seçkilərdə kimlik məsələsi və milli şüarlarla gündəmə gələn qüvvələrin qarşılaşdığı çətinliklər və bu qüvvələri təmsil edənlərin namizədliyinin qeydiyyata alınmadığına diqqət çəkərək deyir ki, bu durum “qeyri-demokrat çıxışlar edən siyasətçilərin də kimlik məsələsi və türk dil hüquqları mövzusundan sui-istifadə etmələrinə” yol açır.

“Əlbəttə, xalqımızın vəziyyəti belədir ki, yoxluqdan buraya qədər gəlib. Bu günə qədər bizim Azərbaycan adına, türk adına, kimlik hərəkatı adına məclisə girmək tariximiz olmayıb. Buna görə də, kimlik məsələsinin İran seçkilərində bu səviyyədə gündəmə çıxması belə yaxşı haldır,” deyə Yunus Şamili əlavə edir.

XS
SM
MD
LG