Accessibility links

İranda daha bir tanınmış azərbaycanlı fəal həbs edilib


Ayət (Yürüş) Mehrəlıbəyli

Ayət (Yürüş) Mehrəlıbəyli

Yürüş Mehrəlibəylini ETTELAAT həbs edib. Azərbaycanlı fəal hazırda ETTELAAT-ın Təbriz şöbəsində saxlanılır

İranın Şərqi Azərbaycan vilayətinin Sofiyan şəhərində daha bir tanınmış azərbaycanlı fəal həbs edilib. Bu barədə APA agentliyinə hazırda Türkiyədə yaşayan, əslən İrandan olan azərbaycanlı hüquq müdafiəçisi Elçin Hatəmi məlumat verib.

O bildirib ki, İranın İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları Ayət (Yürüş) Mehrəlibəylini bu gün yerli vaxtla saat 15:00-da həbs edib.

“Yürüş bəy çox tanınmış və nüfuzlu fəallardan biridir. Bir az əvvəl onun ailəsi ilə telefonla danışdım. Xəbəri təsdiq etdilər. Azərbaycanlı fəal hazırda ETTELAAT-ın Təbriz şöbəsində saxlanılır. Ailəsi hələ də onunla əlaqə saxlaya bilməyib. Məlumatsızlıq qohumlarında nigarançılığı daha da artırır”.

Qeyd edək ki, əvvəllər də dəfələrlə həbs edilən A. Mehrəlibəyli sonuncu dəfə ETTELAAT-ın təcridxanasında 220 gün ağır şəraitdə saxlanılıb. O, başqa bir azərbaycanlı fəal Hadi Musəvini gizlətməkdə və ölkədən qanunsuz çıxmaq üçün Səccad Radmehrə yardım etməkdə ittiham edilib.

50 gün də Təbriz həbsxanasında qalandan sonra 100 min dollarlıq mülkü girov qoymaqla azadlığa buraxılmışdı.
XS
SM
MD
LG