Accessibility links

Zakir Həsənov: Ermənistanda istənilən hərbi obyekti darmadağın edə bilərik


Müdafiə naziri Zakir Həsənov

Müdafiə naziri Zakir Həsənov

Müdafiə naziri Ermənistan-Azərbaycan münaqişəsi, cəbhədə gərginli, hərbi büdcə, silahlanma, ordunun təchizatı, hərbi təhsil məsələlərindən danışıb

İyunun 26-da Azərbaycan Silahlı Qüvvələr Günüdür. Müdafiə naziri Zakir Həsənov Silahlı Qüvvələr Günü ərəfəsində AzərTAc dövlət agentliyinə müsahibə verib.

Nazir Ermənistan-Azərbaycan cəbhəsində gərginliyin artması və Azərbaycan torpaqlarının 20 ildən artıq müddətdə Ermənistanın nəzarətində qalmasından narahatdır.

“Azərbaycan Ermənistan ilə müharibə şəraitindədir. Atəşkəs rejiminin elan edilməsindən 20 ildən artıq müddət keçməsinə baxmayaraq, məhz erməni tərəfi beynəlxalq qanunları pozaraq ərazilərimizi işğal altında saxlayır, atəşkəs rejimini daim pozur, müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlara kəşfiyyat-təxribat basqınları etməyə cəhd göstərir, düşmən snayperləri hərbi qulluqçularımızı, dinc sakinləri atəşə tutur, hərbi baxımdan heç bir əhəmiyyət kəsb etməyən mülki obyektlərə, kənd təsərrüfatı sahələrinə ziyan vurur”, o qeyd edib.

Müdafiə naziri “düşmənlə onun dilində danışmaq lazım” olduğunu deyib “Biz bunu edirik. Silahlı Qüvvələrimizin bölmələri dərhal onlara cavab verir və düşmən tərəfi itki verərək susdurulur. Əsgər və zabitlərimiz şəhid olmuş silahdaşlarının intiqamını dərhal alır və bundan sonra da alacaqlar”.

Onun sözlərinə görə qoşunların təmas xəttində atəşkəs rejimi mütəmadi pozulur və Ermənistanın silahlı qüvvələri Azərbaycanın həmsərhəd rayonlarını, kənd və qəsəbələrini atəşə tutur, dinc sakinləri yaralayır və öldürür. “Bu, bizi çox narahat edir. Bu hadisələr əsasən Ermənistanın İcevan, Noemberyan, Berd və Krasnoselsk rayonları ərazisində yerləşən mövqelərindən Azərbaycanın Qazax, Ağstafa, Tovuz, Gədəbəy və Daşkəsən rayonlarının yaşayış məntəqələrinin atəşə tutulması ilə həyata keçirilir. Ermənistan tərəfi bu hərəkətləri ilə işğal zonasını genişləndirmək məqsədi güdür, öz təcavüzkar simasını dünyaya nümayiş etdirir. Dünya və beynəlxalq hüquq təşkilatları isə susurlar”.


Müdafiə naziri Azərbaycanın da Ermənistan kimi hərəkət edə biləcəyi ehtimalını vurğulayıb. “Ermənistanın ərazisindəki istənilən hərbi obyekti və yaşayış məntəqəsini darmadağın edə bilərik. Bunu etmək üçün bizim bütün imkanlarımız vardır. Ancaq humanizm prinsipləri və xalqımızın yüksək insanpərvərlik duyğuları bizi bunu etməkdən saxlayır. Dinc sakinlərin, uşaqların, qocaların və qadınların günahı nədir?” deyə o sual edir.

Nazir bildirib ki, qısa zamanda Azərbaycanın hərbi büdcəsi 20 dəfədən çox artıb. “Ölkəmizin 2014-cü ilə nəzərdə tutulan hərbi xərcləri 2013-cü ilə nisbətən 7,1 faiz artırılıb. Ermənistanın hərbi xərcləri isə Azərbaycanın 2014-cü ildə dövlət büdcəsində müdafiə xərcləri bölməsi üzrə nəzərdə tutduğu vəsaitdən 5,3 dəfə azdır”.


Onun fikrincə son on il ərzində əldə edilmiş silah-sursat, hərbi texnika Ermənistan ilə Azərbaycan arasında hərbi sahədəki pariteti Azərbaycanın xeyrimizə əhəmiyyətli dərəcədə dəyişib. Eyni zamanda, Azərbaycanda hərbi sənaye kompleksinə aid onlarla müəssisə fəaliyyətə başlayıb.

“Son dövrdə ən müasir “Smerç” yaylım atəşli reaktiv sistemləri, “Toçka-U” taktiki raket kompleksləri, “BUK-1MB” zenit-raket kompleksləri, “T-90S” tankları, “TOS-1A” ağır odatan sistemləri, “MSTA-S” özüyeriyən artilleriya haubitsaları, özüyeriyən “Pion” topları, o cümlədən ölkəmizdə istehsal olunan “Şahin” və “Qaranquş” pilotsuz uçuş aparatları silahlanmaya qəbul edilib”.


O hərbi təhsildən danışarkən deyib ki, Azərbaycan Silahlı Qüvvələrinin hazırda xaricdə təhsil alan hərbi qulluqçularının sayı 253 nəfər, Azərbaycanda təhsil alan xarici ölkələrin (Qazaxıstan, Qırğızıstan, Tacikistan) hərbi qulluqçularının sayı 37 nəfərdir. Azərbaycan-NATO əlaqələri və ikitərəfli əməkdaşlığa əsasən digər dövlətlərin hərbi təhsil müəssisələrində müxtəlif ixtisaslar üzrə kifayət qədər gənclərimiz təhsil alır”.


Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 hərbi qulluqçusu, iki hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə iki zabiti hazırda Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (İSAF) tərkibində beynəlxalq sülhyaratma missiyasında iştirak edir.

Müdafiə naziri mətbuatla münasibətlərinə də toxunub “Münasibətlər dövlət sirlərinin qorunmasını təmin etməklə qarşılıqlı anlaşma, şəffaflıq və dəqiqlik prinsipləri əsasında qurulmasından ibarətdir. Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin fəaliyyəti haqqında, baş verən hadisələr, ictimaiyyət üçün maraqlı olan məlumatlara aydınlıq gətirilməsi məqsədilə mətbuat xidməti hər gün Müdafiə Nazirliyinin rəsmi internet səhifəsi vasitəsilə operativ surətdə informasiyalar yayır.
Biz sağlam tənqidin, düzgün iradın, məsuliyyət və peşəkarlığın tərəfdarıyıq. Ancaq bu məsələlərdə qərəz, ayrı-seçkilik, dəqiqləşdirilməmiş, ictimaiyyət arasında çaşqınlıq yarada biləcək məlumatların yayılmasını yolverilməz hesab edirik”, o qeyd edib.
XS
SM
MD
LG