Accessibility links

Beynəlxalq Bankın keçmiş sədrinin həyat yoldaşının beynəlxalq axtarışa verilməsi gözlənilir


Cahangir Hacıyev

Cahangir Hacıyev

Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevanın barəsində iyunun 1-də məhkəmə tərəfindən həbs qətimkan tədbirinin seçilməsi və beynəlxalq axtarışa verilməsi haqda qərar çıxarıb Bununla yanaşı İnterpol hələ keçmiş bankirin həyat yoldaşını axtarmır. Virtualaz.org saytının məlumatına görə, İnterpol-un beynəlxalq axtarışa verilmiş şəxslər siyahısında hələlik Zamirə Şirəli qızı Hacıyevanın adı və dosyesi yoxdur.

Xəbər verildiyi kimi Zamirə Hacıyevanın barəsində Beynəlxalq Bankın işi üzrə aparılan istintaq çərçivəsində mayın 27-də təqsirləndirilən şəxs statusunda istintaqa cəlb olunmaq qərarı verilib. O, Beynəlxalq Bankdan üst-üstə 18 milyon manatdan çox (dollar və avronun o vaxtkı məzənnələri ilə) vəsaiti 10 ədəd kredit kartı vasitəsilə ayrı-ayrı vaxtlarda çıxararaq xarici ölkələrdə istirahətə, təyyarə biletlərinə, restoran və gözəllik salonları xərclərinə, digər şəxsi məqsədlərə xərcləməkdə ittiham olunur.

Məhkəmə iclasında müstəntiq R.Əliyev Zamirə Hacıyevanın barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatəti müdafiə edərək bildirib ki, təqsirləndirilən şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyi və xarakteri ağır cinayətlər kateqoriyasına daxil olduğundan onun barəsində beynəlxalq axtarış təşkil edilməli, yaxalandıqdan sonra istintaqa təhvil verilməlidir. Baş Prokurorluğun Daxili İşlər orqanlarında istintaqa nəzarət idarəsinin prokuroru R.Xankişiyev də Z.Hacıyevanın beynəlxalq axtarışa verilməsi üçün barəsində həbs qətimkan tədbirinin seçilməsinin zəruri olduğunu bildirib.

Sayt bildirir ki, İnterpol hələlik Zamirə Hacıyevanı axtarmır və ola bilsin ki, bu, müvafiq prosedurların hələ başa çatmaması ilə bağlıdır.

Bununla yanaşı virtualaz.org saytı hesab edir ki, Z.Hacıyevanın İnterpol-a verilməsi onun Avropa ölkələrində hərəkətini çətinləşdirə bilər, ancaq Britaniya vətəndaşlığı (ola bilsin həm də başqa ölkənin vətəndaşlığını) daşıyan Zamirə Hacıyevanın Azərbaycana ekstradisiyası real görünmür.

XS
SM
MD
LG