Accessibility links

Yalınız Bazar kəndində 60-dan çox ev ya bütöv uçub, ya da bir və ya bir neçə yerdən divarları dağılıb.

Mayın 7-də Bakıdan 400 kilometr şimal-qərbdə Gürcüstan Respublikası ilə həmsərhəd ərazidə 7 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanlar bir neçə dəfə hiss edilib. İnsan tələfatı yoxdur.

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, Bakı vaxtı ilə saat 09.40-da ilk yeraltı təkan Zaqatala rayonundan 17 km cənub-qərbdə qeydə alınıb. Yeraltı təkanların gücü episentrdə 7 bal olub. Təkanlar Zaqatala, Balakən, Şəki, Qax, Oğuz, Mingəçevir, Gədəbəy və Şəmkirdə hiss olunub.

Seysmoloji Xidmət Mərkəzinin digər məlumatlarına görə isə Bakı vaxtı ilə saat 10.38 və 10.40-da Zaqatala rayonundan 17 km cənub-qərbdə təkrar yeraltı təkanlar qeydə alınıb. Yeraltı təkanların gücü episentrdə 4,3 və 4,5 bal olub. Təkrar təkanlar Zaqatala, Şəki, Qax, Oğuz, Mingəçevir, Gədəbəy və Şəmkirdə hiss olunub. İlkin məlumatlara əsasən, bəzi tikililərdə çatlar əmələ gəlib. Son məlumatlara görə isə tələfat və xəsarət alanlar yoxdur.

Zəlzələ qeydə alındıqdan dərhal sonra Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun rəhbərliyi ilə nazirliyin mütəxəssisləri hadisə yerinə gedib.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hazırda hadisə zonasına baxış keçirilir. Nazir Zaqatala rayonunun Muxax, Zəyəm və Bazar kəndlərində olub və oradakı vəziyyətlə tanış olub. Keçirilmiş ilkin baxışlar nəticəsində adıçəkilən kəndlərin hər birində 20-ə qədər yaşayış evinin ciddi zədələndiyi müəyyən edilib. Ciddi dağıntıya məruz qalmış evlərin sahibləri üçün yeni evlərin tikilməsi və təmirə ehtiyacı olan evlərdə bərpa-bərkitmə işlərinin görülməsi nəzərdə tutulur. Zəlzələ nəticəsində dəymiş ziyanın miqyasının müəyyən edilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq işlərin görülməsi davam etdirilir. Zədələnmiş tikililərin vəziyyətinin müəyyən edilməsi üçün yerlərdə müvafiq komissiyalar fəaliyyətə başlayıb.

Fövqəladə Hallar Nazirliyi tərəfindən evləri ciddi ziyan çəkmiş sakinlər üçün çadırların qurulmasına başlanıb. Bölgədəki infrastruktur obyektləri normal iş fəaliyyətini davam etdirir.

Turan Agentliyinin xüsusi müxbiri isə hadisə yerindən bildirib ki, çoxsaylı evlər uçub. Yol boyu evlər və hasarların divarları çöküb. Agentliyinin məlumatına görə, yalınız Bazar kəndində 60-dan çox ev ya bütöv uçub, ya da bir və ya bir neçə yerdən divarları dağılıb. Kənddə iki nəfər yüngül xəsarət alıb.

XS
SM
MD
LG