Accessibility links

“Bu gənc üçün azadlıq istəyirəm” - teleaparıcı və müğənni Zaur Qurbanlını müdafiə edir


NİDA gənclər hərəkatının fəalı, bloger Zaur Qurbanlı

NİDA gənclər hərəkatının fəalı, bloger Zaur Qurbanlı

Aprelin 1-də həbs edilən müxalif N!DA Hərəkatının fəalı talassemiya xəstəliyindən əziyyət çəkir

Teleaparıcı Sevil Nuriyeva və müğənni Azərin NİDA hərəkatının həbsdə olan üzvü Zaur Qurbanlının müdafiəsinə qalxıb.

Sevil Nuriyeva müdafiəsini Zaur Qurbanlının xəstəliyi ilə əsaslandırır, həbsdə saxlanmaq ona əziyyət verir. O, hamını Zaur Qurbanlının müdafiəsinə qalxmağa, onun anasını və yaxınlarını dəstəkləməyə çağırıb.

“Bu gənc üçün azadlıq istəyirəm”, deyə telejurnalist bildirib.

Qeyd edək ki, son zamanlar getdikcə daha çox incəsənət və şou-biznes nümayəndəsi müxalifət fəallarının və siyasətçilərin müdafiəsinə qalxır.

Yerli medianın yazdığına görə, Zaur Qurbanlı talassemiya xəstəliyindən əziyyət çəkir.

Vəkil Aslan İsmayılov isə Facebook səhifəsində yazıb ki, son bir həftədir ölkə KİV-lər hüquqlarını müdafiə etdiyi Zaur Qurbanlının xəstəliyindən yazır.

“İlk gündən onun xəstəliyi haqqında məlumatlı olsam da bu barədə danışmamağımın səbəbi Zaurun bunu istəməməsi olub. Bu gün də o, azadlığa çıxmaq naminə bu məsələdən istifadə etmək fikrində deyil. Hərçənd ki, onun xəstəlikləri ilə qapalı şəraitdə saxlanmasının özü işgəncədir. Onun daim həkim nəzarətində və açıq havada olması həyatda qalması üçün vacib şərtdir. Zaurun Cəza Çəkmə Məntəqəsində də özünü qürurlu, mübariz aparması, orada olan nöqsanlardan yazılı şəkildə Cəzaçəkmə Müəssisəsinin rəhbərliyinə müraciətlərindəki inadkarlıq istənilən insanda ona hörmət oyadır.

Bu gün Zaurun işinin istintaqını aparan xüsusilə mühüm işlər üzrə böyük müstəntiq İbrahim Ləmbəranskiyə telefon açıb onun nə vaxta qədər əsir saxlanacağını, niyə həbsindən 3 ay keçməsinə baxmayaraq heç bir istintaq hərəkəti aparılmadığını soruşdum. Müstəntiq sanki, Zaur onlara məxsus bir əşyaymış kimi, "nə vaxt uyğun sayacağıq onda da bir hərəkət edəcəyik" dedi. O iş üzrə həbs olunmuş gənclərin heç bir suçu olmasa da, bəzilərinin üzünə yalançı şahid, ciblərinə narkotik qoymaqla formal olaraq sübut toplamağa çalışmışlar.

Zaurla bağlı isə nə şahid ifadəsi, nə də digər sübut var. Ona görə də Zaurun məhz siyasi fəaliyyətinə görə orada girov saxlandığı fikrindəyəm. Müstəntiqin bilə-bilə xəstə, heç bir günahı olmayan istedadlı, vətənpərvər gəncin həbsdə saxlanması ilə bağlı cavabı mənim kimi heç vaxt içində qəzəb, intiqam hissi olmayan birində də gələcəkdə bu şəxslərdən hər qanunsuzluğun hesabını sormaq fikrini ciddiləşdirdi. Bu gün bütün qanunsuz göstərişləri icra edənlərin bu barədə düşünmələri lazımdır", deyə vəkil qeyd edir.

N!DA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Zaur Qurbanlı aprelin 1-də saxlanıb. Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsi ona qrşı Cinayət Məcəlləsinin 228.3 maddəsi ilə (Mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) ittiham irəli sürüb.

Zaur Qurbanlı həbs edilən 7-ci N!DA-çıdır. Belə ki, martın 7-də N!Da-nın fəalları Bəxtiyar Quliyev, Məmməd Əzizov və Şahin Novruzlu , martın 14-də Rəşad Həsənov həbs edilib. Martın 30-da Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsi “N!DA”çı Üzeyir Məmmədli və Rəşadət Axundovu həbs edib. N!DA fəallarının hamısı Cinayət Məcəlləsinin 228.3-cü maddəsi ilə ittiham olunur.

Show comments

XS
SM
MD
LG