Accessibility links

Səhiyyə Nazirliyi: Qazdan zəhərlənmədən ölən olmayıb (yenilənib)


Qaz
Qaz

Lökbatan qəsəbəsində kütləvi zəhərlənmə olub

Martın 5-də Lökbatan qəsəbəsində qazdan zəhərlənmədən ölən olmayıb. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, qazdan zəhərlənmə ilə 115 nəfərə tibbi yardım göstərilib. Onlardan 70 nəfərə ambulator yardım göstərilib, 45 nəfər isə Respublika Toksikologiya Mərkəzinə gətirilib. Toksikologiya Mərkəzində isə bütün xəstələrə tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Yerli media Natalya Məmmədovanı dünən qazdan zəhərlənmə baş verərkən dünyasını dəyişdiyini yazır. Səhiyyə Nazirliyinin mətbuat xidməti Məmmədovanın qazdan zəhərlənmədən ölmədiyini deyir. “Yəqin onun ölümünün səbəbini ekspertiza müəyyən edəcək”, Qədirli bildirib.

***
Martın 5-də axşam saat 19 radələrində Bakının Lökbatan qəsəbəsində qazdan kütləvi zəhərlənmə olub. Yerli medianın məlumatlarına görə yüzdən çox insan zəhərlənmə diaqnozu ilə müxtəlif xəstəxanalara çatdırılıb və azı 2 nəfər ölüb. Yerli sakinlər ölənlərin sayının çox olduğunu bildirir.

Maraqlıdır ki, hadisənin baş verməsindən 15 saatdan çox vaxt keçməsində baxmayaraq hələ də rəsmi qurumlar baş verənlərlə bağlı rəsmi məlumat yaymayıb. Nə Fövqəladə, nə Səhiyyə nazirliklərinin, nə də Dövlət Neft Şirkətinin rəsmi saytlarında məlumat yerləşdirilməyib. Bu qurumlar rəsmi məlumat da yaymayıb.

Respublika Prokurorluğunun mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər ki, hazırda müstəntiqlər hadisə yerində araşdırma aparırlar. Yaxın saatlarda prokurorluq rəsmi məlumat yayacaq.

Səhiyyə Nazirliyinin mətbuat xidməti də yaxın saatlarda məlumat yayılacağını bildirib.

Bakı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası məlumat verməkdən imtina edir.

Respublika Toksikoloğiya Mərkəzindən Amerikanın Səsinə deyiblər ki, mərkəzə qazdan zəhərlənmə ilə Lökbatan qəsəbəsindən 43 xəstə daxil olub. Onların hamısına tibbi yardım göstərilib və evlərinə buraxılıb.

İlkin məlumata görə, zəhərlənmə Bakının Qaradağ rayonunda Lökbatan qəsəbəsində təbii qaza normadan artıq odorant maddəsinin vurulmasından baş verib. Odorant maddəsi qaz sızmasını müəyyən etmək üçün təbii qazın tərkibinə vurulur. Bu maddə iyili olduğundan insanlar qaz sızmasından xəbərdar olur. Odorant normadan çox olanda mərkəzi sinir sisteminə təsir edir, insanlarda huşun itirilməsi, ürək bulanması, ölüm halları yaradır.
XS
SM
MD
LG