Accessibility links

Bu günlər İran Azərbaycanının Zəncan şəhərində yerləşən qurğuşun və sink zavodunun (fabrikası) əhalinin sağlamlığına təhlükə törətməsi və sənaye obyetkinin şəhərdən uzağa köçürülməsi məsələsi yenidən diqqət mərkəzindədir.

İranın xəbər agentliklərinin yaydığı məlumata görə, Zəncan şəhərinin İran parlamentindəki deputatı Möhsün Əlimərdani zavodun şəhər yaxınlığında olmasını "çox təhlükəli" adlandırıb. “Onlar zavodu köçürməklə bağlı söz verirlər, ancaq əməl yoxdur”- deyə məsullara etiraz edən deputat əlavə edib ki, “bu, Zəncan vilayətinin köhnə problemi və ağrısıdır.”

Zavodun tullantılarının sağlamlığa zərərli olması ilə bağlı söhbətlər və yazılar 10 il öncədən yayılmağa başlasa da, yerli jurnalistlərin dediyinə görə, fabrika müdirləri son zamanlara qədər bunu qəbul etmək istəmirdilər. İndi isə Qurğuşun və Sink Zavodu problemlərin keçmişə aid olduğu və artıq həll edildiyini iddia edir.

Ancaq Zəncanın Ekologiya idarəsinin ekspertləri hələ də zavodun bölgənin torpağı və sularını kirlətdiyinə və əhalinin sağlığına zərər verdiyinə inanırlar.

Ekologiya idarəsinin sədri Əmir Məhdəviyaninin dediyinə görə, bölgədəki bitkilər və meyvə bağları da korlanıb. O, əlavə edib ki, müəssisə yaxınlındakı bağların meyvələri yeyilməməlidir.
XS
SM
MD
LG