Accessibility links

Azərbaycan Ziyalılar Forumu hökuməti və vətəndaşları dəyişikliklərə çağırır


Ziyalılar Forumu

Ziyalılar Forumu

Qurum hakimiyyətin ziyalılara qarşı təqib kampaniyasını pisləyir, problemlərin həlli üzrə tədbirlərin əsas istiqamətlərini təklif edir


Azərbaycan Ziyalılar Forumu (AZF) hakimiyyətin bu quruma qarşı təqib kampaniyasını pisləyən bəyanatla çıxış edib və ölkənin problemlərinin həlli üzrə tədbirlərin əsas istiqamətlərini təklif edib.

“Ziyalılar Forumunun üzvlərini susdurmaq, vətəndaş mövqeyimizdən çəkindirmək məqsədilə hakimiyyət bizə qarşı açıq və kobud təzyiqlərə başlayıb. Lakin, bunun təsirsiz olduğunu, əksinə Forumun öz fəaliyyətini genişləndirməkdə davam etdiyini gördükdə hakimiyyət, ağ yalanlara, mahiyyətcə əxlaqsız və çirkin üsullara əl atmaqla Azərbaycanın tanınmış ziyalılarına qarşı açıq “mənəvi terrora”, “qara piar” kampaniyasına rəvac verib. Hakimiyyət bu davranışı ilə eyni zamanda, ictimaiyyətin diqqətini ölkə və dünya KİV-lərində korrupsiyaya dair dərc olunmuş jurnalist araşdırmalarından, məlum “video qalmaqallardan” yayındırmağa çalışır. Çünki bu materiallar sayəsində dünya ictimaiyyətinə bir daha sübut olunub ki, Azərbaycanda hakimiyyətin bütün qolları - qanunvericilik, icra və məhkəmə hakimiyyəti müxtəlif kriminal qrupların əlində alətə çevrilib, klanların hökmranlığı və korrupsiyaya əsaslanan siyasi sistemdə legitimlik əlaməti qalmayıb”, - bəyanatda deyilir.

Hakimiyyət ictimai rəyi, həm də bu yaxınlarda qəbul edilmiş qanun dəyişikliklərindən yayındırmağa çalışır. Bu düzəlişlər hakimiyyəti tənqid edən hər bir kəsə qarşı geniş miqyaslı repressiyalar üçün “hüquqi” əsas yaradır.

Hakimiyyət əslində bu suallardan yayınmağa çalışır ki, Yaxın Şərqdə, Avropadakı onlarca villa, ofşor zonalarda dövlət rəhbərlərinin yaxınları və qohumlarının, hətta yetkinlik yaşına çatmayan uşaqlarının adına rəsmiləşdirilən onlarca şirkət hansı pullara alınıb?

Hakim elita Azərbaycan torpağının altında və üstündə olan hər şeyi, faktiki olaraq ya özəl mülkiyyətinə çevirib, ya da onu nəzarət altına almaqla ölkə iqtisadiyyatını şəxsi maliyyə maraqlarına tabe etdirib.

Hakimiyyət istəyir ki, ictimaiyyətə Avropa Şurasında “kürü diplomatiyası” ilə bağlı qalmaqalı, eləcə də “Eurovision” və Beynəlxalq İnternet Forumunda baş verən biabırçılıqları unutdursun. Bu qalmaqallar açıq-aşkar göstərir ki, yalnız daxili siyasi həyatda deyil, beynəlxalq aləmdə də Azərbaycan hakimiyyəti özünün nüfuzunu itirmək üzrədir.

“Ziyalılar Forumunun üzvlərini daşnaklarla “mifik” əlaqələrdə ittiham edən hakimiyyət belə bir faktı ictimaiyyətdən gizlətməyə çalışır ki, rəsmi danışıqlar prosesində qeyri-peşəkar və düşünülməmiş addımları ilə Dağlıq Qarabağın müstəqilliyinin tanınması kampaniyasına başlamaları üçün ermənilərin əlinə kart-blanş verib”, - sənəddə bildirilir.
Eyni zamanda bəyanat müəllifləri hesab edir ki, Azərbaycan xalqı, Azərbaycan cəmiyyəti üçün bu təhlükəli durumdan çıxmağın yalnız bir hüquqi, sivil və effektiv çıxış yolu var - xalqın hakimiyyəti formalaşdırmaq hüququnun təmin edilməsinə nail olmaq.
Buna görə də ölkəmiz üçün, indiki və gələcək nəsillər üçün gələn il Azərbaycanda keçiriləcək prezident seçkiləri çox önəmli, taleyüklü hadisədir.

Azərbaycan Ziyalılar Forumu vətəndaş cəmiyyətinin görkəmli nümayəndələri, QHT rəhbərləri, gənclər təşkilatlarının fəalları, tanınmış politoloq və hüquqşünaslarla çoxsaylı görüşləri nəticəsində ədalətli və şəffaf seçkilərin keçirilməsinin ictimai layihəsini hazırlayıb.

Bir çox ölkələrin real təcrübəsinə əsaslanan bu layihəyə seçki nəticələrini bütün mümkün saxtalaşdırmalardan qoruyan müasir metodlar daxil edilib. Buraya yerli və beynəlxalq müşahidəçilərin işi, exit-polların keçirilməsi, səslərin paralel sayılması və s. üsullar daxildir.

Ziyalılar Forumu sosiologiya, hüquq, politologiya və iqtisadiyyat sahəsindəki ekspertlərlə birlikdə seçkilərdən dərhal sonra ölkə rəhbərliyinin effektiv işləyəcəyinə imkan verəcək proqramların hazırlanmasına başlayıb.

Bu proqramlar artıq avtoritarizmdən demokratiyaya uğurlu keçid edən bir çox ölkələrin beynəlxalq təcrübəsinə əsaslanır.

Ziyalılar Forumunun yaxın zamanlarda ictimai təqdimatını keçirməyi nəzərdə tutduğu həmin proqramların əsas istiqamətləri bunlardır:

- hakimiyyətin istənilən səviyyəsində korrupsiyasının qarşısının alınması, vətəndaşların hüquq və azadlıqlarının təminatı, hakimiyyətin qolları arasında effektiv balans yaradan yeni siyasi-hüquqi sistemin qurulması;

- postneft mərhələsinə hesablanan və insanların sosial rifahını, ölkənin dayanıqlı inkişafını təmin edən yeni sosial-iqtisadi modelin tətbiği;

- Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycanın ərazi bütövlüyü və süverenliyini bərpa etməyə qadir olan yeni siyasi strategiyanın işlənib hazırlanması.
Azərbaycan cəmiyyətinin yeniləşmək istəyini, həmçinin tarix və gələcək nəsillər qarşısındakı məsuliyyətini nəzərə alan Ziyalılar Forumu ölkənin bütün vətəndaşlarını, ictimai-siyasi qüvvələrini demokratik dəyişikliklər naminə birləşməyə çağırır.
XS
SM
MD
LG