Accessibility links

Zöhrab İsmayıl: Vergi islahatları aparılmalı, idxal prosesindəki inhisarlar aradan qaldırılmalıdır


Beynəlxalq təhlilçilər iqtisadiyyatı əsas etibarilə neftdən asılı olan Azərbaycanda manatın devalvasiyaya uğracayağı ilə bağlı əvvəllər də proqnozlar verirdi. Neft qiymətlərinin kəskin düşməsinin Azərbaycan iqtisadiyyatında 6,7 faiz enmə ilə nəticələnəcəyi gözlənilir. İqtisadçı ekspert, Miçiqan universitetində tədqiqatçı Zöhrab İsmayıl manatın son devalvasiyası, neftin qiymətinin düşməsinin Azərbaycan iqtisadiyyatına təsirləri və iqtisadi islahatların keçirilməsinin vacibliyindən danışıb.

Zöhrab İsmayıl manatın devalvasiyasını şərtləndirən səbəbləri izah edərək, dollar tələbatının qarşılana bilməməsi prosesinin bir il bundan əvvəl başladığını qeyd edib.

“İlk növbədə neftin qiymətdən düşməsi ilə bağlı Azərbaycan hökumətinin gəlirlərinin azalması prosesi bir ildən artıqdır gedir. Azərbaycanın dövlət büdcəsində gəlirlərin azalması, daha doğrusu, neft gəlirlərinin azalması istər-istəməz ödəmələr balansında tarazlığının pozulmnasına gətirib çıxarmalı idi. Çünki bilirsiniz ki, Azərbaycan iqtisadiyyatının elə bir sahəsi yoxdur ki, birbaşa, ya da dolayısı ilə neftdən asılı olmasın. Yəni bu gəlirlərin azalması istər-istəməz xarici valyutaya olan tələbatın qarşılanmasına imkan verməyəcəkdi və manat devalvasiyaya uğramağa məhkum idi.”

“Əgər 2014-cü ilin yekunlarını götürsək, ümumi daxili məhsulun 44 faizi, dövlət büdcəsinin gəlirlərinin 66 faizi, ixracatın isə 92 faizi neft sektorundan asılıdır. Yalnız bu rəqəmlər bizim hansı duruma düşəcəyimizi təsvir edir.”-Zöhrab İsmayıl

Azərbaycanda prosesin daha ağrılı getdiyini vurğulayan Zöhrab İsmayıl deyib ki, hökumət bir tərəfdən valyuta rezervlərinin bir hissəsini itirib, o biri tərəfdən, manatın məzənnəsini saxlaya bilməyib. “İl ərzində iki dəfə devalvasiya getdi. Yəni faktiki olaraq iki devalvasiyanın yekunu bundan ibarət oldu ki, manat öz dəyərini təxminən 97 faiz itirdi.”

Manatın son devalvasiyası neft qiytmətlərinin rekord həddə düşməsi fonunda baş verir. Ekspertlər neftin qiymətinin bir barrel üçün 20 dollara düşə biləcəyini proqnozlaşdırır. Zöhrab İsmayıl iqtisadiyyatı güclü şəkildə neftdən asılı olan Azərbaycan üçün bunun ciddi nəticələri ola biləcəyini deyib.

“Əgər 2014-cü ilin yekunlarını götürsək, ümumi daxili məhsulun 44 faizi, dövlət büdcəsinin gəlirlərinin 66 faizi, ixracatın isə 92 faizi neft sektorundan asılıdır. Yalnız bu rəqəmlər bizim hansı duruma düşəcəyimizi təsvir edir.”

İqtisadçı ekspert deyib ki, neft qiymətlərinin düşməyə davam etməsi manatın öz dəyərini dəfələrlə itirməsi, Mərkəzi Bankın valyuta ehtiyatlarının tükənməsinə gətirib çıxara və eyni zamanda neft fondunun ehtiyatlarının bir hissəsinin xərclənməsi ehtiyacını yarada bilər.

"Azərbaycan iqtisadiyyatının elə bir sahəsi yoxdur ki, birbaşa, ya da dolayısı ilə neftdən asılı olmasın. Yəni bu gəlirlərin azalması istər-istəməz xarici valyutaya olan tələbatın qarşılanmasına imkan verməyəcəkdi və manat devalvasiyaya uğramağa məhkum idi.”-Zöhrab İsmayıl

Zöhrab İsmayıl manatın devalvasiyası nəticəsində qiymətlərin artmasının təbii olduğunu deyib: “Azərbaycanın daxili bazarı tamamilə idxaldan asılıdır. Müəyyən ərzaq məhsullarını çıxmaq şərtilə daxili bazarda satılan məhsulların demək olar hamısı xaricdən gətirilir. Azərbaycanda hətta kibrit belə istehsal olmur. Bu baxımdan ölkəyə gətirilən malların devalvasiyadan sonra bahalaşması təbiidir. Bu bahalaşma elə devalvasiyasının faizinə adekvat olacaq. 48 manat dəyərdən düşübsə, qiymətlərin də elə təxminən bu həcmdə artması gözlənilir.”

İqtisadçı ekspert bunun qarşısının alınması yollarından danışaraq, ilk növbədə idxal prosesində rəqabətin artırılması və idxalda monopoliyaların aradan qaldırılmasına ehtiyac olduğunu vurğulayıb.

Zöhrab İsmayıl manatın devalvasiyasından sonra qiymətlərin artdığı şəraitdə insanların çətin duruma düşə biləcəklərini deyib. “İnsanlar bu gündən, sabahdan başlayaraq, dünən 1 manata aldığı məhsula bu gün 1 manat 48 qəpik ödəmək məcburiyyətindədir. Bu sözsüz ki, onların xərclərini artıracaq. Kredit alan insanlar üçünsə vəziyyət ikiqat çətin olacaq. Əgər onlar kreditləri dollarla alıblarsa, bu onlar üçün çıxılmaz vəziyyət yarada bilər. Çünki indi onlar 48 faiz çox qazanmalıdırlar ki, onu dollara dəyişib öz kreditlərini ödəsinlər. Onu necə qazana bilərlər? Biz görürük ki, bütün bu qiymət artımına, devalvasiyaya baxmayaraq, hökumətin maaşları artırmaq fikri yoxdur.”

“Vergi islahatları aparılmalıdır. İkinci bir məsələ,sadəcə olaraq, idxal prosesindəki inhisarlar aradan qaldırılmalıdır."-Zöhrab İsmayıl

İqtisadçı ekspert deyib ki, gələn ilin büdcəsinə də nəzər saldıqda belə bir artımın baş verəcəyinin nəzərdə tutulmadığı görünür.

Zöhrab İsmayıl iqtisadi islahatların keçirilməsinin vacibliyini vurğulayıb. “Vergi islahatları aparılmalıdır. İkinci bir məsələ sadəcə olaraq idxal prosesindəki inhisarların aradan qaldırılmalıdır. Əgər rəqabət mühiti olarsa, iş adamları sərbəst şəkildə istədiyi malları, bazarın, insanların tələb elədiyi malları ölkəyə gətirib çıxara bilsələr və sərbəst şəkildə sata bilsələr, bu, müəyyən mənada indiki böhranın qarşısını almaq üçün tədbirlər sayıla bilər. Amma bununla bütün məsələlərin həll olunacağını düşünmək sadəlövhlük olardı. Çünki investisiyalar olmalıdır. Əgər iqtisadiyyata qoyulacaq investisiyalar artmayacaqsa, onda iqtisadiyyatın produktivliliyinin artması barədə söhbət gedə bilməz.”

Lakin Zöhrab İsmayıl islahatların çətin olacağını düşündüyünü deyib.“Qanunun aliliyi yoxdursa investisiyalardan, özəl sektorun inkişafındn danışmaq yersizdir. Hüquq ona təminat vermirsə, ədliyyə sistemi bu özəl mülikiyyətə, biznesə təminat vermirsə, insanlar hansısa bir iş quracaq, biznes yaradacaq kimsə gəlib onların əlindən alacaq. İnsanlar bunu bilir və ona görə də ona getməyəcək. Ona görə bu islahatlar ən azından həm də hüquqi islahatlardır. Ədliyyə sisteminin sağlamlaşdırılması qanunun aliliyinin təmin olunmasını tələb edir. Amma indiki dövrdə bu real görünmür.”

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Show comments

XS
SM
MD
LG