Accessibility links

Zərdüşt Əlizadə: Mübarək ya bu gün, ya da sabah hakimiyyəti tərk edəcək


Zərdüşt Əlizadə: Mübarək ya bu gün, ya da sabah hakimiyyəti tərk edəcək

Zərdüşt Əlizadə: Mübarək ya bu gün, ya da sabah hakimiyyəti tərk edəcək

Politoloq Misirdə xalqın qalib gələcəyinə, demokratik seçki yolu ilə hakimiyyəti formalaşdıracağına əmindir. O Hüsnü Mübarəklə Misir-İsrail müharibəsi zamanı eyni qərargahda işləyib. Misir xalqının müstəbidi müdafiə etməyəcəyini bildirir. Cənab Əlizadə ərəb dünyasında son dövrlər baş verənləri geniş şərh edib.

Ərəbşünas politoloq Zərdüşt Əlizadə Amerikanın Səsi radiosuna müsahibəsində Misirdə və ərəb dünyasında son dövrlər baş verən inqilabi situasiyanı şərh edib. O 1969-71-ci illərdə Misir Hərbi Hava Qüvvələrinin qərargahında işləyib. Həmin dövrdə vətənpərvər, ağıllı və bacarıqlı sayılan general Hüsnü Mübarəklə görüşləri olub.

Sual: O illəri necə xatırlayırsınız? Hüsnü Mübarək necə hərbiçi idi? Sizə necə təsir bağışlayıb?

Cavab: O çox cəsarətli, ağıllı və vətənpərvər general idi. Bir çox müşavirələri tərcümə edirdim. O, zaman Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı Əli Bağdadi idi. Hüsnü Mübarək qərargah rəisi işləyirdi. Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı isə Məhəmməd Əli Fəhmi, qərargah rəisi Məhəmməd Səid Əbdülvahab idi. Hüsnü Mübarək Misir generallarının qaymağı hesab olunurdu. Çox işlək, çalışqan və vətənpərvər idi. Misir - İsrail cəbhəsində ən uğurlu döyüşən iki qüvvə də məhz Hava Hücumundan Müdafiə Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları idi. Çünki İsrail aviasiyasının mütləq üstünlüyü var idi. Gündə bir neçə dəfə Misirin şəhərlərinə, kəndlərinə, zavodlarına, qoşun qüvvələrinə bomba zərbələri endirirdi. Buna “əldən salma müharibəsi” deyirdilər. Çox ağır durum yaranmışdı. İsrailin üstünlüyü ilə döyüşlər davam edirdi.

Sual: Hüsnü Mübarəkin indiki hərəkətlərini necə qiymətləndirirsiniz?

Cavab: Çox gözəl deyim var. Deyir ki, hakimiyyət insanı korlayır, mütləq hakimiyyət isə mütləq korlayır. İndi 30 il hakimiyyətdə olmuş, xalqla əlaqəsini itirmiş, mütləq rejimdə işləyən adam necə ola bilər? Təəssüf ki, vətənpərvər və cəsur bir general dönüb olub mənfur qaniçən. Misir xalqını əsarətdə saxlayır, ərəb ümmətinin mənafeyinə zidd siyasət yeridir.

Sual: Misirdə baş verənlərə münasibətiniz necədir? Müxalifət iqtidar münasibətlərinin perspektivlərini necə görürsünüz?

Cavab: Bir neçə ay öncə Misirdə Azərbaycansayağı parlament seçkiləri keçirildi. Seçkilər saxtalaşdırıldı, müxalifətdən parlamentə heç kim düşmədi. Hətta, müxalifət seçkilərin ikinci turunu boykot etdi. Hakim partiya, Misirin YAP-ı parlamentdəki deputat yerlərini yüz faiz götürdü. Hələ, o zaman Misir səfirinə dedim ki, bu çox təhlükəlidir. O mənə bildirdi ki, xalq səs verib, xalq yeganə olaraq Misirin YAP-ını sevir. Mən dedim ki, çətin belə olsun. Hadisələr də bunu göstərdi. O rejim ki, müxalifətlə, xalqla danışmır, danışmaqdan imtina edir, yalnız gücə, polis gücünə, kəşfiyyat, əks-kəşfiyyat gücünə üstünlük verir, əzir, vurur, qadağan edir, onun axırı yoxdur. Misir və Tunis hadisələri bunu bir daha göstərdi.

Mən, 2007-ci ildə Yəməndə olanda dəhşətə gəlmişdim. Küçələrdə nə qədər çox dilənçi, işsiz, sərgərdan, bədbəxt insanlar var idi. Əli Əhməd Saleh də hazırda 30 ildir hakimiyyətdədir, oğlu Əhmədi yerinə hazırlayırdı. Xalqın inqilabi yürüşündən sonra məcbur oldu desin ki, növbəti dəfə prezidentliyə namizədliyini verməyəcək və oğlu prezident olmayacaq. Mübarək də artıq məcbur olduqdan sonra deyir ki, özü və oğlu Camal prezident namizədi olmayacaq. Amma, artıq gecdir, xalq boğaza yığılıb və istefa tələb edir. Ölkədə total korrupsiya, total zülm rejimi, milli mənafeyin güdaza verilməsi xalqı qəzəbləndirib.

Sual: Misirlə bağlı beynəlxalq ictimaiyyətin mövqeyini necə qiymətləndirirsiniz?

Cavab: Tunis məsələsində Avropa çox ehtiyatlı mövqe tutub. Xalq qalib gəldikdən sonra başa düşdü ki, bir qədər ifrat ehtiyatlı mövqedə olub. Misir məsələsində Avropa daxili işlərə qarışmadan Mübarəkin istefasını tələb etmədən, islahatların zəruriliyini vurğulayır. Bu isə hökumətin xalqın mövqeyinə keçməsi deməkdir. Diplomatik tərcüməsi odur ki, Mübarək islahatçı olsa idi, 30 il ərzində bunu edərdi. Yəni, Mübarək islahatçı deyil. Ona görə də islahatlar keçirilməsini və güc işlədilməməsini tələb edir. Xalqa qarşı zor işlətmirsənsə, onun tələbinə tabe olmalısan. Bir sözlə, Mübarəkin getməsini hamı tələb edir. Amerika isə islahatlara getmədiyi, insan hüquqlarına hörmət etmədiyi, xalqın tələbini eşitmədiyi üçün daha açıq şəkildə Mübarəkin getməsini tələb edir.

Sual: Maraqlı situasiya yaranıb. Ərəb dünyasında 25-30 il ərzində xalqın səsini eşitməyən hakimiyyətlərə qarşı mübarizə başlayıb. Buna oxşar rejimlər, MDB məkanında da var. Bu ərazilərdə etiraz dalğaları qalxa bilərmi?

Cavab: Tipoloji oxşarlıqlar çox güclüdür. Ərəb ölkələrində və bəzi MDB ölkələrində hakimiyyətlərin mahiyyətləri eynidir. Antixalq zümrə, ailə-klan maraqlarına xidmət edən, dövlətdə zülm və yalan aparatına söykənən hakimiyyətlərdir. Amma bir fərq var. Ərəb ölkələrində ərəb ümməti, ərəb birliyi deyilən bir məfhum var. Müxtəlif ölkələrdə yaşasalar da, özlərini vahid bir ərəb ümmətinin tərkib hissəsi sayırlar. Amma, MDB məkanında belə birlik yoxdur. MDB-dəki rejimlərin fəqərə sütunu Rusiyadakı avtoritar Putin-Medvedyev rejiminə bağlıdır. Rusiyada da xalq artıq boğaza yığılıb. Rusiyada sürətli dəyişikliklər başlayarsa, MDB-dəki avtoritar rejimlər bir-birinin ardınca yıxılacaq və xalqla hesablaşan demokratik rejimlərlə əvəz olunacaq.

Sual: Misirin siyasi gələcəyini necə görürsünüz? Mübarəkin sonu ola bilərmi?

Cavab: Mübarək getməlidir və gedəcək. Mən buna əminəm. Artıq son imkan kimi sentyabradək qalmasını istəyib. Xalq isə buna imkan vermir. Bəziləri qorxudur ki, islam radikalları hakimiyyətə gələcək, İsrailə qarşı müharibə başlayacaq, hamı zorla şəriət qanunları ilə yaşadılacaq. Mən buna inanmıram. Əvvəla, Müsəlman Qardaşları Tunisdə də, Misirdə də bəyan edib ki, onlar hakimiyyətə can atmır, ölkənin demokratikləşməsini istəyir. Əgər, cəmiyyətin demokratik və qərblə əlaqəli cinahı uğurlu islahatlar aparsa inanıram ki, Müsəlman Qardaşlarının seçki yolu ilə hakimiyyətə gəlməsi ehtimalı çox az olacaq. Yeni, qərbə söykənən hakimiyyətlər xalqın rifahını yaxşılaşdıran islahatlar apararsa ərəb dünyasında İrandakı kimi islama söykənən rejimlərin hakimiyyətə yiyələnməsi ehtimalı sıfıra enər. Tunisin 22 il Britaniyada mühacirətdə olan dini liderlərindən biri deyib ki, dünyəvi dövləti islami insan yaradıcılığına uyğun hesab edir. O deyib ki, Tunisi Avropa ənənəli çoxpartiyalı siyasi sistemin idarə etməsini istəyir, qadınların kişilərlə, o cümlədən siyasi sahədə bərabər hüquqlarını tanıyır. Hər halda, bu bəyanatı Avropanın xristian demokratları deyil, Tunisin islam demokratları verib.

Misirdə də Müsəlman Qardaşları prezidentliyə namizəd irəli sürməyəcəklərini bəyan edib. Onlar Məhəmməd Bəradeyini müdafiə edir. Bəradeyi Nobel sülh mükafatı laureatı, Amerika siyasətini dəstəkləyən bir adamdır. Amma, bir fərq olacaq. Yeni hökumət Ənvər Sədat və Mübarək dövründə olduğu kimi Fələstin məsələsinə biganə qalmayacaq. Onlar İsraildən Fələstin ərəblərinin beynəlxalq hüquqda təsbit olunmuş hüquqlarını tanımasını tələb edəcək. O sənədlər nədir? Ərəb Liqası İsraildən tələb etdi ki, 1967-ci ildə işğal etdiyi əraziləri boşaltsın, ərəb dövlətləri onun müstəqilliyini tanısın. İsraildə isə bir ovuc dini radikalla incildə göstərilən bir ovuc yəhudi torpağını özəlləşdirmək istəyir. Qanunsuz olaraq orada evlər tikirlər, məskunlaşırlar. Bütün dünya bir ovuc dini radiaklın əlində qalıb. Amerika da deyir, bu düzgün deyil. Onu da saymırlar. Bunun bir sonu olmalıdır. Əminəm ki, Misirin yeni hakimiyyəti İsrailə müharibə elan etməyəcək, Kemp Devid sülh müqaviləsinə hörmət edəcək. Ancaq, Qəzzanın blokadasına son qoyulacaq.

Sual: Misirdə qarşıdurma vətəndaş müharibəsinə keçə bilərmi?

Cavab: Vətəndaş müharibəsini istisna edirəm. Çünki, Mübarəkin tərəfdarları daşla, bıçaqla, xəncərlə, tapança ilə hücuma keçdilər. Bir neçə gün qabaq təyin edilmiş yeni baş nazir qarşıdurmaya son qoyulmasını tələb etdi. Xalqın iradəsini ifadə etməsinə mane olunmamasının vacibliyini bəyan etdi. Bu isə baş nazirin xalqın tərəfinə keçməsi deməkdir. Ordu artıq Mübarək tərəfdarlarının Təhrik meydanına hücumlarının qarşısını alıb. Mübarəki indiki anda səmimi qəlbdən müdafiə edən yoxdur. Mübarəkin tərəfdarları yalnız canilər, xəfiyyələr və rüşvətxorlardır. Bunlar Misir xalqı deyil. Mən Misir xalqı ilə iki il səngərdə qumun üstündə çörək kəsmişəm. Misir xalqının nə qədər vətənpərvər olduğunu çox gözəl bilirəm. Onlar müstəbidi heç zaman müdafiə etməz. Bu səbəbdən də vətəndaş müharibəsini istisna edirəm. Mübarək bu gün, ya da sabah gedəcək. Misir xalqı keçid hökuməti quracaq. Əminəm ki, keçid hökuməti demokratik seçki keçirib vətənpərvər hökumət quracaq.

XS
SM
MD
LG