Accessibility links

Sevinc Babayevanın oğlu: “Anamı Gülər Əhmədova zəhərlədi!”


Sevinc Babayeva oğlu Ayxan Məmmədovla
Sevinc Babayeva oğlu Ayxan Məmmədovla

Ayxan Məmmədov bildirib ki, anası Türkiyəyə getməmişdən öncə Bakıda zəhərlənib.

Azərbaycan parlamentində deputat yerlərinin satışı üzrə işdə vacib şahid olan Sevinc Babayevanın müəmmalı ölümü ilə bağlı onun oğlu Ayxan Məmmədovdan AZPOLITIKA.info-ya sensasion məktub daxil olub. Saytın dərc etdiyi məktubu diqqətinizə çatdırırıq:

“Mən, Məmmədov Ayxan Eldar oğlu, sizə yazıb bildirmək istəyirəm ki, mənim anamın - Babayeva Sevinc Telman qızının ölumünün səbəbkarı Gülər Əhmədovadır!

Hələ yay ayları idi. Anam evə gəldi, halı çox pisləşmisdi. Evdə qusdu. Mənə dedi ki, Gülərlə həmin gün görüşüblər, gedib bir yerdə çorək yeyiblər. Sonra da bildirdi ki, Elşadla ovaxtkı söhbətin videosu yayılacaq. Anama dedim ki, sən heç nədən narahat olma, sənlik heç nə yoxdu, pulu kim yeyib, qoy o da narahat olsun. Anamla Gülər neçə il idi danışmırdılar. O söhbətə görə Gülərlə düşmən olmuşdu. Səhəri gün anamın halı daha da pisləşdi, anam dedi ki, Gülər mənə zəhər verib. Sentyabrın 25-də gecə anam mənə zəng vurdu, dedi ki, gəl, “Domsovet”ə - Gülər Əhmədovanın yanına. Çox həyəcanlı səslə danışırdı. Dedim, ana, gəl evə, mən də evə gedirəm, orada danışaq.

Evə gələndə anam dedi ki, Elşad Abdullayevin söhbəti ilə bağlı Gülər ona təklif edib ki, 3 günlük Türkiyəyə get, səni orda mənim adamlarım qarşılayacaqlar. Anama dedim ki, inanma, o aldadır səni, amma qulaq asmadı. Gülər Əhmədova sadəcə bu oyunda vaxt qazandı”.

Daha sonra Ayxan Məmmədov məktubunda yazır:

“Dəfələrlə Gülərə zəng vurub, dedim ki, anamı geri gətizdir, necə ki, göndərmisən. Anamı orda Gülər Əhmədovanın adamları qarşılamışdı - Səlcuq adlı bir şəxs. Mən özüm noyabrın 10-da xalamla birlikdə anamın yanına getmişdim, bizi hava limanında Gülərin adamları qarşıladı. Anam orda çox pis vəziyyətdə idi. Ona yalvardım ki, gəl, geri qayıdaq, Gülər səni qurban vermək istəyir. Gülər anamla bu nömrəylə danışdı: 051-993-36-36. Gülər ona dedi ki, Sevinc, gəlmə, sənə "stop" qoyublar. Beləcə anamı qorxuzdu. O bilirdi ki, mənim anam yeganə şahiddi. Amma mən də hər şeyi bilirəm! Anamın əlyazmaları var, Türkiyədə olarkən mən onları oxudum. 3 vərəq yazı idi, hamısı türk polisindədir".

Qeyd edək ki, Ayxan Məmmədovun adından bu məktub redaksiyyamıza daxil olandan sonra məktubda göstərilmiş nömrə ilə əlaqə saxladıq. Ayxan Məmmədov məktubun ona məxsus olduğunu təsdiqləyərək, əlavə məlumatlar da verdi.

Ayxan Məmmədovun sözlərinə görə, Bakıda anasının vəziyyəti pisləşəndən sonra onu aparmadığı xəstəxana, həkim qalmayıb. Amma heç kim anasının səhhətində qəfildən yaranmış, qusma və başağrısı ilə müşaiyyət olunan xəstəliyin səbəbini izah edə bilməyib:

"Əvvəlcə "Tusi" klinikasına getdik, sonra apardıq "Semaşko"ya, orda bir gün qaldı. Həkimlər nə olduğunu müəyyənləşdirə bilmədilər. Dedilər, aparın Diaqnostika Mərkəzinə. Müxtəlif analizlər verdik, həkimlər xeyli məsləhətləşəndən sonra məni çağırıb dedilər ki, nə olduğunu başa düşə bilmirik. “Neftçilər” xəstəxanasında da həkimlərdən eyni cavabı aldıq. “Gömrük” xəstəxanasında da çarə tapılmadı..."
Elə deyirdi ki, Sevinc, sən əsas şahidsən, bura gəlsən, məni tuta bilərlər. Deyirdi narahat olma, Ramiz Mehdiyevlə danışmışam, hər şey yaxşı olacaq, Bakıya gəlib rahat yaşayacaqsan.


A.Məmmədovun sözlərinə görə, Sevinc Babayeva Türkiyədə də həkimə gedib, amma vəziyyət pisləşdiyindən, səhhəti ikinci plana keçib:

"Mən Bakıya qayıtdım ki, nəsə satım pulunu Türkiyəyə aparım. Çünki onu Gülər Əhmədova özü yollamasına baxmayaraq, anama kömək etmirdi. Elə deyirdi ki, Sevinc, sən əsas şahidsən, bura gəlsən, məni tuta bilərlər. Deyirdi narahat olma, Ramiz Mehdiyevlə danışmışam, hər şey yaxşı olacaq, Bakıya gəlib rahat yaşayacaqsan".

Ayxan Məmmədov deyir ki, hələ xeyli əvvəl özü prokurorluğa gedib, anasını Gülər Əhmədovanın qaçırdığını bildirib. Amma Prokurorluqda onun söylədiklərinə əhəmiyyət verməyiblər. Heç Sevinc Babayevanın vəfatından sonra da Ayxan Məmmədov prokurorluğa çağırılmayıb, heç bir ifadə verməyib: «Türkiyə prokurorluğuna isə ifadə vermişəm”.

Ayxan Məmmədovdan Türkiyədə Məhkəmə Tibbi Ekspertizasının rəyinin necə olduğunu da soruşduq və o, bu rəyin, təxminən, bir ay-ay yarım müddətə hazır olacağını söylədi: “Heç məni bu rəy o qədər də maraqlandırmır. Çünki bizimkilər gedib o rəyi dəyişdirə bilərlər. Anam öz diliylə mənə deyib ki, onu Gülər zəhərləyib! Gülər anama deyirdi ki, Sevinc, səni tutsalar, bunu özümə bağışlaya bilmərəm. O isə deyirdi ki, başa düşmürəm, məni niyə tutmalıdırlar? Gülər bilirdi ki, anamın çox ömrü qalmayıb…

Dekabrın 26-da mən Türkiyəyə gedirdim, hiss etmişdim ki, nəsə olub. Aeroportdan məni buraxmadılar, dedilər ki, “stop” siqnalı verilib. Prokurorluqdan səbəbini soruşdum, dedilər ki, gəl, danışaq. Az sonra da Türkiyədən xəbər aldım ki, anam rəhmətə gedib. İndi də bilmirəm ki, məni ölkədən niyə buraxmırdılar, maraqları nə idi?!”

A.Məmmədov sonda bunları dedi:

"Mən heç vaxt anamın qanını yerdə qoymayacağam. Kim olursa olsun, onunla baş-başa gəlməyə hazıram. Gülər məni yetim qoydu…".

A.Məmmədov indiyədək susmasının səbəbini isə başının anasının dəfn mərasiminə qarışmasıyla izah edib.

Öz növbəsində, Moderator.az saytına eksklüziv açıqlamasında G.Əhmədova Sevinc Babayevanın oğlu Ayxan Məmmədovun anasının ölümündə onun əlinin olması barədə yazdığı məktuba münasibət bildirib.

“Mən təəssüf edirəm ki, Sevinc Babayevanın oğlu mənim barəmdə bu cür fikirlər səsləndirir. Mən əminəm ki, o bu məktubu yazmaqla Elşad Abdullayevin təhdidlərindən qorxub. O şok içindədər. Belə bir bir vəziyyətdə olan insanı təhdid edib, ona yalan sözlər danışdırmaq heç bir dəyərə sığmır”, o qeyd edib.

Gülər Əhmədova bildirib ki, Sevinc Babayevanın ölümü ilə bağlı ekspertizanın nəticəsini gözləyir:

“Mən dəqiq bilirəm ki, Elşad Abdullayev o uşağı qorxudub. Mən oğlum yerində olan bu uşağın dediklərinə cavab qaytarmaq istəmirəm. Amma ona bircə tövsiyyəm var ki, təmkinli olsun”.

Onun sözlərinə görə, bir müddət əvvəl facebook-da onun adından saxta profil yaradılması da bu təxribatın tərkib hissəsidir:

“Mənim adımdan səhifə yaradıb, ağılllarına gələni yazmışdılar”.

Sevinc Babayevanın üzərində başqa bir məsələ ilə bağlı cinayət işinin olduğunu deyən sabiq deputat onun Elşad Abdullayevdən bütün dövlət orqanlarına şikayyəti olduğunu da deyib:

“Elşad Abdullayev onunla bərbar onunla işləyən daha iki qadını müflis etmişdi. Onunla işləyən insanları aldadıb qaçıb getdi. Sevinc Elşaddan ona verdiyi pulları ala bilmirdi. Nəticədə minlərlə valideyin qarşısında bu insanlar qaldı. Məndə Sevinc Babayevanın mesajları var. O bu mesajları Türkiyəyə gedəndən sonra yazıb. Mən həmin mesajları saxlayıram. Müvafiq orqanlara da təqdim edəcəyəm”.

Sevinc Babayevanı onun ölkədən çıxarması barədə iddialara gəlincə, Gülər Əhmədova bunları deyib:

“Hüquq-mühafizə orqanlarında Sevinc Babayevanın ölkədən necə getməsi barədə məlumat var”.

G.Əhmədova Sevinc Babayevanın Elşad Abdullayev tərəfindən təhdid olunmasına sübut kimi bir müddət əvvəl yayılan videonu xatırladıb.

“Həmin videoda Sevinc bir çox mətləblərə aydınlıq gətirir”, o bildirib.
XS
SM
MD
LG