Accessibility links

Amerika mətbuatının icmalı


Hazırda Amerika mətbuatında müzakirə olunan 2 əsas məsələ yeni Soyuq Müharibə və enerji təhlükəsizliyidir.
Nyu York Times-a görə, yeni soyuq müharibənin başlamaması üçün məsuliyyət prezident Medvedevin üzərinə düşür. Qəzet yazır ki, Qərbdən tamamilə üzünü çevirmiş Rusiya çox zaman elə Qərbin təyziqi altında apardığı demokratikləşmə, korrupsiyayla mübarizə fəaliyyətini arxa plana çəkə bilər.
Washington Post prezident Medvedevin Gürcüstandakı münaqişə bölgələrinin müstəqilliyini tanımaq qərarını əsassız sayır. Qəzet yazır ki, Rusiya liderinin gətirdiyi arqumentlər keçmişdə Avropada buna oxşar açıqlamalar verən rejimləri yada salır. "Bu açıqlamalar qələbə sərxoşluğuna qapılmış dağılan bir imperiyanı yenidən canlandırmaq yuxusunu görən avtoritar bir hökumətin dedikləridir". Qəzet yazır ki, Rusiya Qərbin bəyanat verməkdən başqa bir iş görə bilməyəcəyinə çox zəif və bölünmüş vəziyyətdə olduğuna inanır. Şərhdə deyilir ki, əgər heç nə edilməsə Rusiya Gürcüstandan əsla çəkilməyəcək- və məsələ bununla da qurtarmayacaq.
Newsweek International jurnalı isə diqqəti Azərbaycana yönəldərək, məşhur politoloq Corc Kennanın bir kəlamını sitat gətirir ki, "Rusiyanın qonşuları onun ya düşməni, ya da vassalı ola bilərlər". Qəzet yazır ki, xüsusilə son hadisələrin fonunda Azərbaycandan Qərbə gedən enerji kəmərləri "daha salamat yol deyil". Qəzet narahatdır ki indi hətta Gürcüstan dəhlizinin hesabına yaxşı investisyaların qoyulduğu Azərbaycan da üzünü Rusiyaya tuta bilər. Azərbaycanın rəsmiləri bildirib ki, ölkənin bütün qaz ehtiyatının Rusiyaya satılması barədə Moskvanın təklifini ciddi şəkildə öyrənirlər. Əgər Bakı buna getsə, - yazır qəzet - Avropanın başqa marşrutla əldə etməyə can atdığı qaz əldən çıxacaq.

XS
SM
MD
LG