Accessibility links

ABŞ səfirliyi: Amerikaya qarşı iddialar əsassızdır


ABŞ-ın Azərbaycandakı səfirliyi bir sıra media vebsaytlarında yayılmış "Con Kerrinin Konqresdəki ofisindən idarə olunan anti-Azərbaycan kampaniyası" başlıqlı yazıya cavab verib. Səfirliyin açıqladığı bəyanatda deyilir:

"ABŞ Səfirliyi bu yaxında dərc olunan və ABŞ-Azərbaycan münasibətlərini hədəfə alan media məqalələrindən agahdır. Birləşmiş Ştatların Azərbaycan hökumətini devirmək istiqamətində işləməsi barədə iddiaları tamamilə əsassızdır və bizim dövlətlərimiz arasında iyirmi ildən artıq mövcud olan əməkdaşlığa qeyri-ədalətli yanaşmadır. Birləşmiş Ştatlar Azərbaycanın müstəgilliyinin ilkin çağlarından Azərbaycanla çiyin-çiyinə dayanaraq, Əsrin Kontraktını dəstəkləmək də daxil olaraq, Azərbaycanın suverenliyinin və uğurunun təminatına fəaliyyətlər göstərmişdir.

Bizim əməkdaşlığımız zaman boyu yalnız genişlənmişdir. Amerika Azərbaycanın BMT-ın Təhlükəsizlik Şurasında təmsil olunduğu vaxtdan Azərbaycanla sıx şəkildə işləmişdir. Birləşmiş Ştatlar 1992-ci ildən bəri Azərbaycana humanitar yardım da daxil olmaqla deyəri 1,3 milyard ABŞ dollarından artıq yardımlar göstərmişdir. Sözügedən yardımlar müxtəlif sahələrə yönəlmişdir və bu sırada sağlamlığın qorunması və sanitariya, 5000 nəfərdən çox azərbaycanlının ABŞ-da təhsilinin və təliminin təminatı, Azərbaycan qadınlarının biznesdə və digər sahələrdə rolunun gücləndirilməsi, fermerlərə gəlirlərinin artırılması və işlərinin səmərəsinin artırılması üçün texniki yardım və Azərbaycana qlobal təhlükəsizliyin təminatında və terrorçuluğa qarşı mübarizədə öz dəyərli rolunu oynamağa dəstək verən hərbi əməkdaşlıqdır.

Bizim Azərbaycana göstərdiyimiz dəstək ABŞ hökumətinin ən yüksək səviyyələrindən gəlir. Dövlət Katibi Kerri Prezident Əliyevlə həm görüşlər zamanı, həm də əlaqə saxlayaraq tərəfdaşlığımızın gücləndirilməsini müzakirə edib. Sübhəsiz ki, Birləşmiş Ştatlar Azərbaycanla tərəfdaşlıq edərək Azərbaycanın mümkün dərəcədə müstəqil, sabit, zəngin və demokratik gələcəyinin təminatı öhdəliyinə sadiqdir", bəyanatda qeyd edilir.

Marie Harf
Marie Harf

ABŞ Dövlət Departamentinin gündəlik brifinqində Azərbaycanla bağlı sualları cavablandıran Marie Harf haqqında söz gedən məqalədəki ittihamların "tamamilə əsassız və həqiqətdən uzaq" olduğunu bildirib. "Azərbaycanın suverenliyi və müstəqilliyinə olan dəstəyimiz təkcə sözlərlə məhdudlaşmayıb," deyə xanım Harf bildirib.

Daha sonra məhbus jurnalist Xədicə İsmayılovaya verilən töhmətlə bağlı reaksiyanı açıqlayan Dövlət Departamentinin sözçüsü öz düşüncələrini ifadə etdiklərinə görə həbs olunan bütün şəxslərin azadlığa buraxılmasına çağırıb. Azərbycan hökumətini "öz vətəndaşlarının universal hüquqlarına hörmət etməyə və onlara öz fikirlərini sərbəst ifadə etmək imkanı verməyə" çağırıb.

APA Analitik Mərkəzinin araşdırması kimi təqdim olunan "Con Kerrinin Konqresdəki ofisindən idarə olunan anti-Azərbaycan kampaniyası" başlıqlı yazıda ABŞ hökumət rəsmiləri və təşkilatları Avropa Olimpiya Oyunları ərəfəsində İlham Əliyev hökumətinə qarşı qara-piar kampaniyası aparmaqda günahlandırılır. Yazıda ABŞ Dövlət Katibi Con Kerri "islamafob" və "ermənipərəst" kimi, azərbaycanlı demokratik fəallar isə "beşinci kolon" kimi təqdim olunur.

Rəsmi dövlət qəzeti "Azərbaycan" 17 apreldə "Obama-Kerri cütlüyü: “müstəsnalığın” islamofob və ermənipərəst fəsadları" başlıqlı redaksiya məqaləsində ABŞ administrasiyasını sərt tənqid edib.

Arif Yunus, Leyla Yunus, İntiqam Əliyev və Rəsul Cəfərov beynəlxalq hüquq təşkilatları tərəfindən vicdan məhbusları kimi tanınıb.
Arif Yunus, Leyla Yunus, İntiqam Əliyev və Rəsul Cəfərov beynəlxalq hüquq təşkilatları tərəfindən vicdan məhbusları kimi tanınıb.

Prezident İlham Əliyev hökuməti və onun nəzarəti altında olan media orqanları mütəmadi qaydada Azərbaycanın demokratik göstəricilərinə tənqidi münasibət sərgiləyən dövlətləri və siyasi fəalları ermənipərəstlikdə ittiham edir və onların Azərbaycanın imicini korlamağa cəhd etdiklərini iddia edir.

Hazırda beynəlxalq hüquq təşkilatlarının vicdan məhbusları kimi tanıdıqları onlarla jurnalist və siyasi fəal Azərbaycanda həbsdədir. Ötən günlərdə hüquq müdafiəçiləri Rəsul Cəfərov və İntiqam Əliyev ağır cəzalarla məhkum olunublar.

Hüquq müdafiəçiləri 2012-ci il prezident seçkilərindən sonra Azərbaycanda repressiyaların vüsət aldığını deyirlər. Jurnalistləri Müdafiə Komitəsi Azərbaycanı ən çox senzura edən 10 ölkə sırasında tanıyıb. Freedom House-un açıqladığı son hesabatda Azərbaycan azad olmayan ölkə kimi tanınır və vəziyyətin bu ölkədə daha da pisləşdiyi qeyd olunur.

XS
SM
MD
LG