Accessibility links

ABŞ rəsmiləri altı nəfəri İŞİD-ə qoşulmaq cəhdində ittiham edib


ABŞ hökumətinin nümayəndələri Minnesota ştatında İslam Dövləti qrupuna qoşulmaq üçün Suriyaya səfər etməyi planlaşdıran altı nəfəri həbs edib.

Minnesotada Somali amerikalılarının icmasına mənsub olan altı nəfərə qarşı terror təşkilatına yardım göstərmək cəhdi ittihamı irəli sürülüb.

Bazar ertəsi açılan cinayət işində adları çəkilən şəxslər Məhəmməd Farah, Adnan Farah, Əbdürrəhman Daud, Guled Ömər, Hanad Musse və Zakariya Əbdürrəhmandır. Onların hamısı Minnesotada yaşayır.

ABŞ prokuroru Endrü Luger onların 10 aydır Birləşmiş Ştatları tərk edib İslam Dövləti qrupuna qoşulmaq planı üzərində işlədiyini deyib.

Prokurorlar 19 və 21 yaşlarında olan altı nəfərin bir-birini tanışdığını və onlar arasında dostluq və tanışlıq münasibətlərinin olduğunu bildiriblər. Altı nəfərin dördü bazar günü Minneapolis, daha ikisi isə Kaliforniya ştatında San Diyeqo şəhərində həbs edilib.

Cinayət işində altı nəfərin Nyu-York və San Diyeqo şəhərlərindən Türkiyəyə səfər edərək oradan Suriyaya daxil olmağı planlaşdırdığı deyilir.

Rəsmilərin bildirdiyinə görə, ABŞ-dannSuriyaya 100-dən çox amerikalının səfər etdiyinə inanılır. Kişilər və qadınlardan ibarət olan bu şəxslərin böyük hissəsi Minnesota ştatında Somali icmasının üzvləridir.

Minnesota ştatının Somali icması 2007 və 2010-cu illərdə gənclərin terrorçu qruplara qoşulması kimi problemlə qarşılaşmışdı. Onlarla gənc Əl-Şəbəb terrorçu qrupuna qoşulmaq üçün Somaliyə səfər etmişdi.

Onlardan ikisinin Somalidə intiharçı hücumunda iştirak etdiyi, bir neçə gəncin döyüşlərdə öldüyü bildirilir.

XS
SM
MD
LG