Accessibility links

Frank-Valter Ştaynmayer: Ümid edirik ki, Azərbaycan Avropa dəyərlərini inkişaf etdirəcək [Video]


Frank-Valter Ştaynmayer: Ümid edirik ki, Azərbaycan Avropa dəyərlərini inkişaf etdirəcək
please wait

No media source currently available

0:00 0:04:13 0:00

Frank-Valter Ştaynmayer: Ümid edirik ki, Azərbaycan Avropa dəyərlərini inkişaf etdirəcək

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer bu gün Bakıda apardıqları danışıqların yekunu olaraq birgə mətbuat konfransı keçirib. Frank-Valter Ştaynmayer prezident İlham Əliyevlə də danışıqlar aparıb.

Görüşlərdə iki ölkə üçün böyük maraq doğuran məsələlər, o cümlədən Yaxın Şərq böhranı ətrafında fikir mübadiləsi aparılıb.

Elmar Məmmədyarov bildirib ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 3 milyard dollara yaxın olub və bu istiqamətdə işlər davam etdirilməlidir.

Nazirin sözlərinə görə regional məsələlər, Suriya Türkiyə, Iran, Ukrayna məsələləri də müzakirə mövzusu olub. Həmçinin təhsil sahəsində əməkdaşlığa da toxunulub.

Nazir Ştaynmayer bildirib ki, Almaniya Azərbaycanla ikitərəfli əməkdaşlığı, o cümlədən Avropa Ittifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində əməkdaşlığı gücləndirmək istəyir.

"Azərbaycan iqtisadi cəhətdən sürətlə inkişaf edir və Almaniya üçün əhəmiyyətli ölkədir. Azərbaycan bizim üçün strateji baxımdan Şərq və Qərb arasında körpü rolunu oynayır, həmçinin enerji baxımından vacib ölkədir. İqtisadi münasibətlərimiz dərin və genişdir. Almaniyanın regionda Rusiyadan sonra yalnız Azərbaycanda Ticarət Palatası fəaliyyətdədir və palatanın artıq 140 üzvü var. Cənub Qaz Dəhlizi təkcə gələcəyə yönələn deyil, həm də ambisiyalı və maliyyə tutumlu bir layihədir. Bu layihə ikitərəfli əməkdaşlığımıza böyük perspektivlər açır".

Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer
Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer

Ştaynmayer həmçinin Azərbaycanın Avropa Şurasına sədrlik etdiyini xatırladıb. “Bakı həm də Avropanın zəngin dəyərlərinin daşıyıcısıdır. Bu gün yerli vətəndaş cəmiyyəti təmsilçiləri ilə görüşdə də bir daha bunu gördüm. Ümid edirik ki, Azərbaycan Avropa dəyərlərini özündə daha da inkişaf etdirəcək və həm də bu dəyərlərin ötürülməsində körpü rolunu oynayacaq”, o qeyd edib.

Nazir deyib ki, Almaniya regional münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prosesləri diqqətlə izləyir.

“Ukrayna münaqişəsi aylarla bizi məşğul edir, Dağlıq Qarabağ münaqişəsinə də Avropa perspektivindən narahatlıqla baxırıq. Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə oktyabrın 27-də keçiriləcək görüşünə ümidlə baxırıq və bu görüşün donmuş mövqelərin yumşalmasına gətirəcəyinə, prosesin davamlı həllinin tapılmasına gətirəcəyinə ümid edirik".

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayer
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayer

O əlavə edib ki, Avropa Ittifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi təcrübəli alman diplomantıdır və bu məsələdə Almaniyanın, Aİ-nin rolunu görmək istəyir.

Azərbaycanın Haqqın.az saytının Almaniyada dinc toplantıların dağıdılması və 4 jurnalistin həbsdə olması ilə bağlı sualının cavabında Ştaynmayer deyib ki, “sizin müşahidələr Almaniya ilə bağlı həqiqəti əks etdirmir. Almaniya dünyada toplantılarla bağlı ən liberal ölkədir. Sizin fikriləriniz düzgün deyil. Almaniyada polis yalnız nümayişçilər zorakılığa əl atdığı zaman hərəkət edə bilər. Biz həm də çalışırıq ki, başqa ölkələrdə dinc toplantılara qarşı zorakılıqlar olanda fikir bildirək”.

Nazir Elmar Məmmədyarov isə almaniyalı jurnalistin sualının cavabında deyib ki, Azərbaycanı tənqid edənlər düzgün hərəkət etmirlər, Almaniya mətbuatında dərc edilən məqalələr də sifarişlidir.

Onun fikrincə, bəzi qüvvələr Azərbaycanın inkişafına ikili standartla yanaşır.

"Azərbaycan öz yolunu dəyişməyəcək və bu yolla davam edib daha güclü ölkə olacaq".

Hazırda Azərbaycanın Avropa Şurasına sədrlik etdiyini vurğulayan nazir deyib ki, bu, qurum insan hüquqları baxımından önəmli institutdur. Azərbaycan sədrliyi müddətində təkcə insan haqları deyil, antikorruppsiyaya dair də tədbirlər keçirir.

Staynmayer Ottavada baş verən terror aktından da danışıb.

“Bu terrorla bağlı yayılan fotolar çox qorxuncdur. İnsanlar həyatını itirib. Həyatını itirənlərin ailələrinə və qohumlarına baş sağlığı verirəm. Terrorun səbəbləri barədə geniş məlumata malik deyiləm. Amma, terrorçular tezliklə məhkəmə qarşısında cavab verəcək”.

O İŞİD-lə bağlı danışarkən deyib ki, Almaniya İraqın şimalında kürd qüvvələrini dəstəkləyir.

“Almaniya İraq əhalisinə humanitara yardımları davam etdirəcək. Həm də kürd qüvvələrinə hərbi, texniki, silah və sursatla yardım edir və edəcək. Şimali İraqda əlavə hərbi təlimlərin keçirilməsini də araşdırırıq. Hazırda Ərbildə ehtiyaclar və imkanlar araşdırılır. Araşdırma komissiyası qayıtdıqdan sonra təlimlərlə bağlı qərar verəcəyik”, Ştaynmayer qeyd edib.

XS
SM
MD
LG