Accessibility links

Amnesty International Ukraynanın şərqində kütləvi qətl hallarına dair hesabat açıqlayıb


Aparıcı insan haqları qrupu Amnesty İnternational Ukraynanın şərqində həm Rusiya tərəfdarı separatçılar, həm də Kiyev hökumətinin qüvvələrinin ayrı-ayrı kütləvi qətllərə görə məsuliyyət daşıdığını bildirib. Təşkilat bazar ertəsi açıqladığı hesabatda eyni zamanda Rusiya mediası və rəsmilərinin bu kimi məlumatları şişirtdiyini bəyan edib.

Amnesty İnternational hesabatda Ukraynanın şərqində hər iki tərəfin məhkəmədən kənar azı bir qətl törətdiyini deməyə əsas olduğunu bildirib.

Sentyabr ayında Rusiya mediasında Ukrayna hərbi qüvvələrinin nəzarətində olan Donetsk regionunda iki kənddə kütləvi məzarlığın tapıldığı haqda məlumat verilmişdi. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov kütləvi məzarlıqda 400-dən çox cəsədin aşkar edildiyini blidirmişdi.

Lakin Amnesty İnternational təşkilatı kütləvi məzarlığın tapıldığı əraziyə nümayəndə heyəti göndərərək, orada doqquz cəsədin olduğu üç məzarın aşkar edildiyini bildirib. Bu cəsədlərdən beşinin münaqişə zamanı öldürülmüş Rusiya tərəfdarı separatçılara aid olduğu güman edilir.

Qrupun bildirdiyinə görə, qalan dörd cəsədin Kiyevin nəzarət etdiyi qüvvələr tərəfindən məhkəməsiz öldürülmüş insanlara aid olduğuna dair güclü dəlil var.

Amnesty İnternational Rusiya tərəfdarı üsyançılara məxsus mənbələr, eləcə də Rusiya mediası və rəsmilərinin cəsədlərin sayı və törədilmiş müharibə cinayətlərinin həcmi ilə bağlı şişirdirilmiş məlumatlar verdiyini bildirib.

Qrupa əsasən, separatçı qüvvələr Ukraynanın şərqində Luqansk rayonunda yaz və yay aylarında bir neçə adamı edam edib.

Aprel ayında münaqişə başlayandan Ukraynanın şərqində 3500 insanın öldürüldüyü bildirilir.

XS
SM
MD
LG