Accessibility links

Amnesty İnternational Rafiq Tağının qətlindən sonra İranı Cinayət Məcəlləsini dəyişməyə çağırıb


Amnesty İnternational Rafiq Tağının qətlindən sonra İranı Cinayət Məcəlləsini dəyişməyə çağırıb
Amnesty İnternational Rafiq Tağının qətlindən sonra İranı Cinayət Məcəlləsini dəyişməyə çağırıb

Təşkilat bildirir ki, 2006-cı ildə İranın ali dini xadimi azərbaycanlı yazıçı və jurnalist Rafiq Tağının qətlinə fətva verib. Bu, İranın Cinayət Məcəlləsində islahatların vacibliyinə əsas verir.

2006-cı ildə İranın ali dini xadimi azərbaycanlı yazıçı və jurnalist Rafiq Tağının qətlinə fətva verib. Bu günlərdə həmin dini xadimin oğlu qətli alqışlayıb. Bu, İranın Cinayət Məcəlləsində islahatların vacibliyini vurğulamağa əsas verir. Bu barədə bu gün Amnesty International hüquq müdafiə təşkilatı məlumat yayıb.

2006-cı ilin noyabrında R.Tağının “Avropa və biz” adlı məqaləsinin dərcindən sonra ayətullah Fazil Lənkərani onun qətlinə fətva verib. Məqalədə islam tənqid olunur, Şərqlə deyil, Avropa ilə əlaqələrin möhkəmləndirilməsinə çağırış səslənir. Bundan sonra iki iranlı ayətullah - Morteza Bani Fazl və Mohsen Şabestari R.Tağının qətlinə çağırıblar. İran hakimiyyəti ölümə təhrik kimi görünən bu fətvaları heç zaman pisləməyib. 1989-cu ildə də ayətullah Xomeyni britaniyalı yazıçı Salman Rüşdünün barəsində analoji fətva vermişdi və ləğv olunmamışdı. İranın Cinayət Məcəlləsinin 226-cı maddəsinə əsasən qəsdən qətlin törədilməsinə bəraət qazandırıla bilər, o halda ki, islam hüququna uyğun olaraq “əvəz” (qesas-e nafs) kimi törədilsin. İranda qətldə ittiham olunanlar bundan istifadə edirlər. Onlar bildirirlər ki, qurbanları ölümə layiqdir. Qətlə çağıran fətvaların olması bu cür müdafiə üçün əsasdır. Amnesty International İran hakimiyyətini bu müddəanın Cinayət Məcəlləsindən çıxarılmasına, “ölümə layiqdir” anlamının qətlə bəraət qazandırılması üçün istifadə oluna bilməməsinin təmin edilməsinə, İranda və ya digər yerdə qətlə təhrikə, onun planlaşdırılmasına və həyata keçirilməsinə yardımçı olmaqda şübhəli bilinən şəxslərin məhkəməyə cəlb olunmasına çağırır.
Amnesty International Azərbaycanda cinayət işinin açılmasını alqışlayır və ölkə hakimiyyətini onun hərtərəfli, effektiv təhqiqatının təmin olunmasına, cinayətkarın məsuliyyətə cəlb olunmasına çağırır. Həmçinin təşkilat İran hakimiyyətini təhqiqat zamanı Azərbaycan hakimiyyəti ilə əməkdaşlığın təmin olunmasına çağırır.

Rafiq Tağı noyabrın 19-da naməlum şəxs tərəfindən bıçaqlanıb və 4 gündən sonra xəstəxanada vəfat edib. Xəstəxanada verdiyi müsahibədə hücumun onun məqalələrindən narazı olanlar tərəfindən təşkil olunduğunu deyib. Onun sonuncu “İran və qloballaşma qaçılmazlığı” məqaləsində İran hakimiyyəti tənqid olunub. Noyabrın 28-də ayətullah Fazel Lənkəraninin oğlu bəyanatla çıxış edərək R.Tağının öldürülməsini alqışlayıb və bunu layiqli cəza adlandırıb.

Mövzuya uyğun

XS
SM
MD
LG