Accessibility links

ABŞ konqresmenləri Xocalı faciəsi haqda danışıb


Bill Shuster
Bill Shuster

ABŞ konqresmenləri Bill Şuster və Stiv Kohen Konqresin Nümayəndələr Palatasının iclaslarında qanunvericilərin diqqətini Xocalı faciəsinin 21-ci ildönümünə çəkiblər.

Fevralın 5-də Nümayəndələr Palatasının iclasında danışan Pensilvaniya konqresmeni Bil Şuster 1992-ci ilin fevralın 26-da Azərbaycanın Xocalı şəhərində baş vermiş faciəyə kifayət qədər diqqət verilmədiyini qeyd edib. “Lakin bizim seçkili rəsmilər kimi az tanınan və tanıdılması lazım olan həqiqətlərə işıq sala bilmək imkanımız var. Azərbaycanın dostu kimi mən həmkarlarıma Xocalıda baş vermiş faciəni heç vaxt unutmamalı olduğumuzu xatırlatmaq istəyirəm”-deyə konqresmen Şuster bildirib.

Bill Şuster Xocalıda baş vermiş faciənin Boston Globe, Washinqton Post, New York Times və Financial Times, habelə Avropa və Rusiyanın media vasitələrində işıqlandırıldığını bildirib. Amerika qanunvericisi Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinin hazırda Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini və Xocalının etnik azərbaycanlı əhalinin ən çox qətlə yetirildiyi yer olduğunu vurğulayıb. Bill Şuster Human Rights Watch təşkilatının Xocalı faicəsini Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən böyük qətliam kimi səciyyələndirdiyini Nümayəndələr Palatasında həmkarlarının diqqətinə çatdırıb.

Çıxışının sonunda Pensilvaniya konqresmeni Azərbaycanı Briləşmiş Ştatların güclü strateji tərəfdaşı və dostu adlandırıb və çıxışını bu sözlərlə bitirib: ”Xocalı faicəsi bəşəriyyətə qarşı cinayətdir və mən həmkarlarımı faciənin ildönümü qeyd edilən vaxt mənə qoşulub azərbaycanlılarla bir dayanmağa çağırıram.”

Steve Cohen
Steve Cohen
ABŞ-ın Tennessi ştatından konqresmen Stiv Kohen Konqresin Nümayəndələr Palatasının fevralın 6-da keçirilən iclasında Xocalı ilə bağlı qanunvericilərə məlumat verib. Konqresmen Kohen deyib ki, hazırda Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında olan Xocalı Ermənistan-Azərbaycan münaqişəsinin gedişində etnik azərbaycanlı əhalinin ən böyük kütləvi qırğına məruz qaldığı yerdir.

Amerika qanunvericisi yeddi min əhalisi olan şəhərin tamamilə dağıldığı, qadınlar və uşaqlar daxil olmaqla 613 adamın qəddarlıq və işgəncə ilə öldürüldüyü, 1275 adamın girov götürüldüyü, 150 adamın itkin düşdüyü və 487 adamın isə şikəst olduğunu qeyd edib. O, faciə qurbanlarının 76-nın yeniyetmə gənc olduğunu, səkkiz ailənin tamamilə məhv edildiyini, 25 uşağın hər iki, 130 uşağın isə valideynlərindən birini itirdiyini vurğulayıb.

“Xocalı faciəsinin ildönümü bizə Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması istiqamətində səyləri ikiqat artırmalı olduğumuzu xatırladır. Birləşmiş Ştatlar ATƏT-in Minsk Qrupunun həmsədri kimi uzun müddətdir sürən bu münaqişənin nizamlanması üçün səyləri gücləndirməlidir”-deyə konqresmen Kohen bəyan edib.

ABŞ qanunvericisi Azərbaycanı dünyanın mühüm və mürəkkəb bir regionunda Birləşmiş Ştatların güclü müttəfiqi adlandırıb. “Mən həmkarlarımı mənə və azərbaycanlı dostlara qaolularaq, Xocalıda baş vermiş faciəni anmağa çağırıram”-deyə Tennessi konqresmeni Stiv Kohen bildirib.
  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG