Accessibility links

Bloq: De-kommunizasiya


Keçmişi xatırlamayanlar onu təkrarlamağa məhkumdurlar, deyə ispan filosof Santayana müşahidə etmişdi. Belə görünür ki, bu günlər Ukraynada rəsmilər keçmişin təkrarlanmaması üçün əllərindən gələni edirlər. De-kommunizasiya kimi tanınan dövlət siyasəti totalitar sovet irsinin müasir Ukraynadan silinməsinə xidmət edir. Ağrılı keçmişin kabuslarını dəfn edən ukraynalılar yeni gələcəyə yol açmağa ümid bəsləyirlər.

İslahatpərəst ukraynalılar gələcəyə yolu Sovet irsi və Rusiyanın ölkə üzərində ideoloji hegemonluğu ilə vidalaşmaqda görürlər.
İslahatpərəst ukraynalılar gələcəyə yolu Sovet irsi və Rusiyanın ölkə üzərində ideoloji hegemonluğu ilə vidalaşmaqda görürlər.

“Boz sənaye görkəmi, çoxmərtəbəli mənzil binaları ilə tanınan doğma şəhərim Dnepropetrovska qayıdış həyəcan dolu bir təcrübə deyil,” Yevgen Vorobyov FP məcmuəsində yazır. “Amma bu günlər qulağıma ailə və dostlarımdan dəyişikliyin gəlişi haqda söz-söhbət dəyir. Belə görünür ki, şəhərə yeni ad qoyulacaq.” 1926-cı ildə bu adı almış şəhər Dnepr çayı ilə Qriqoriy Petrovski adlı kommunist məmurun adlarını özündə təcəssüm etdirir. Söhbət 1932-33-cü illərdə beş milyonadək ukraynalının acından qırıldığı və tarixə Holodomor kimi düşmüş kriminal dövlət kampaniyasının “qəhrəmanlarından” olan məmurdan gedir.

Onlarla yeni təklif arasında əsas namizəd Dniproslav (Dnepri şərəfləndirən) sayılır. Belə ki, ukraynalıların çar dönəmində imperatriça Yekaterinanın şərəfinə “Katerinoslav” adına qayıtmaq niyyətləri yoxdur. Maydan İnqilabından bəri yeni Ukrayna avtokratiya mənbəyi saydığı Rusiya ilə bağları sürətlə qırmağa can atır. Elə kommunizm irsi ilə haqq-hesab çəkilməsi də bu səylərin tərkib hissəsidir.

Putin Kremlinin nəzərində kommunist keçmişi iqtisadi proqres, sosial nizam və ən mühümü, Nasist Almaniyası üzərində qələbə çağıdır. Artan sayda ukraynalılar üçünsə bu dövr aclıq, terror və Ukrayna milli iradəsinin əzilməsi deməkdir.

9 apreldə Ukrayna parlamentinin qəbul etdiyi “de-kommunizasiya” paketinə daxil olan qanunlardan biri sovet dönəmindən qalma şəhər və qəsəbə adlarının dəyişdirilməsini nəzərdə tutur. Parlamentin qərarına əsasən ölkədə bütün sovet simvolları nasist simvolları ilə bərabər tutularaq qadağan olunacaq. Ukrayna Milli Xatirə İnstitutu təxmin edir ki, adlarının dəyişilməsinə ehtiyac olan 28 şəhər, 800 kənd var. Bu növ məntəqələr hazırda Ukraynada toponimlərin 3 faizini təşkil edir. Müstəqil olmasından 24 il ötməsinə baxmayaraq Ukraynada hələ də “Lenin”, “Qırmızı Oktyabr” adına onlarla kənd-qəsəbə qalıb.

“Hər bir islahatın bədəli var,” deyə Xatirə İnstitutunun direktoru Volodımir Vyatroviç AzadlıqRadiosuna bildirir. “Amma hesab edirəm ki, bu bədəli ödəməyə dəyər, çünki ölkə məhz belə dəyişir. Biz de-kommunizasiya prosesindən keçmiş Şərqi Avropa ölkələrinin təcrübəsinə baxırıq – və görürük ki, bunu etməklə onlar normal, demokratik dövlətçiliyə doğru xeyli irəliləyiblər. O biri tərəfdən Rusiya və Belarus kimi ölkələrdə de-kommunizasiya olmayıb. Orada, əksinə, Sovet keçmişinin bərpası gedir. Bu ölkələrə avtoritarizmə doğru hərəkət edirlər.”

Təsadüfi deyil ki, Vladimir Putin hökumətinin Ukraynada aparılan de-kommunizasiyaya reaksiyası sərtdir. Kreml Ukrayna hökumətini kommunist irsini ədalətsiz şəkildə qaralamaqda günahlandırır, həmin dönəmdə baş verən nailiyyətləri insanların yaddaşından silmək cəhdinə itiham edir. Bəzi hallarda Moskva və onun tərəfdarları ukraynalıların sovet keçmişi ilə hesablaşmasını nasizmlə eyniləşdirir. “Putin Kremlinin nəzərində kommunist keçmişi iqtisadi proqres, sosial nizam və ən mühümü, Nasist Almaniyası üzərində qələbə çağıdır. Artan sayda ukraynalılar üçünsə bu dövr aclıq, terror və Ukrayna milli iradəsinin əzilməsi deməkdir,” AzadlıqRadiosundan Robert Coalson yazır.

Dövlət təbliğatının sayəsində ilə bir çox ruslar İosif Stalini ölkə tarixinin ən görkəmli şəxsiyyəti hesab edirlər.
Dövlət təbliğatının sayəsində ilə bir çox ruslar İosif Stalini ölkə tarixinin ən görkəmli şəxsiyyəti hesab edirlər.

Rusiyanın özündə Stalinin tarixi şəxsiyyət kimi bərpası dövlət səviyyəsində dəstəklənir. Rəsmi mətbuat orqanlarından tutmuş məktəb dərsliklərinədək hər yerdə milyonlarla insanın erkən məhvinə bais olmuş sovet diktatoru müsbət şəxsiyyət kimi təqdim olunur, onun uğurları vəsf edilir. Həmin rəhbərin sovet vətəndaşlarına gətirdiyi repressiya, aclıq və səfalət haqda isə heç nə deyilmir. Gücləndirilmiş təbliğat rus ictimaiyyətinin Stalinə münasibətində öz effektini büruzə verir. Belə ki, Levada Mərkəzinin apardığı sorğuya əsasən rusların 37 faizi Stalinə müsbət şəxsiyyət kimi baxır.

Burada nostalji effektini də nəzərdən qaçırmaq olmaz. “Ümumi sovet hədəfləri insanlara öz məşəqqətlərini anlatmaqda, həyatlarına məna verməkdə yardımçı idi,” Britaniya tarixçis Orlando Figes Pıçıldayanlar kitabında yazır. Bu cür yanaşma həm də Stalinin cinayətlərində iştirak etmiş böyük bir nəslin özünə psixoloji haqq qazandırmasına xidmət edirdi. Sovet İttifaqının Nasist Almaniyası üzərində qələbəsi bu süjet xəttinin beyinlərə yeridilməsində xüsusi rol oynayır. Əgər nasistlər şər idilərsə, demək sovetlər dünyanı bu şərdən qurtaran xeyir idilər. Ona görə də, kim bu dönəmə və onun simvollarına qarşı çıxırsa, o da elə nasistlərin tayıdır.

Keçmiş heç vaxt ölmür – o, heç keçmiş də deyil.
William Faulkner

Müstəqil tarixçilər razılaşır ki, Stalinin bəşəriyyətə qarşı törətdiyi cinayətlər həm miqyas, həm də qəddarlıq dərəcəsi baxımdan Adolf Hitlerin cinayətlərindən geridə qalmır. Yüz minlərlə günahsız insanın edamına fərman vermiş diktatorun yürütdüyü siyasət təkcə fərdlərin yox, bəzi hallarda bütöv millətlərin faciələri ilə müşayiət olunub. Kollektivizasiya kampaniyası zamanı özəl mülkiyyətin büsbütün məhv edilməsi, kəndlilərin “kulak” damğası altında edam olunması, siyasi baxımdan azacıq da olsa hakimiyyətə təhlükə hesab edilən adamların ailəliklə gedər-gəlməzə sürgün edilməsi, total vahimə, aclıq və yoxsuzluq Stalin və nisbətən məhdud mənada ondan sonrakı sovet idarəçiliyinin başlıca xüsusiyyətləri idi.

O qüvvələr ki, sovet keçmişinin bu cəhətlərini ört-basdır etməyə çalışırlar, onlar təkcə həqiqəti gizlətmirlər – onlar həm də yeni həqiqət uydurmağa can atırlar. Stalinin idarə-üsulunu tənqid edən hakimiyyət üçün həmin üsullardan istifadə etmək imkansız olur. Amerikalı yazıçı William Faulkner əbəs yerə müşahidə etməmişdi ki, “keçmiş heç vaxt ölmür – o, heç keçmiş də deyil.” Keçmişin bugünkü nəsil tərəfindən necə qavranması, həmin keçmiş haqda beyinlərdə oturuşan hekayə sovet dövrünün praktikalarını yaşatmağa çalışan qüvvələr üçün mühümdür. Onların indisi beşillik planlı, keçici bayraqlı, əməkdar artistli, şöhrət ordenli hekayələr üzərində qurulub, indiki və gələcək nəsilləri azdırmağa xidmət edir. Əgər qızıl standart bu cür keçmişdirsə, onda gələcəyə gedən yol da eyni metodlardan, eyni idarəçilikdən keçir. Ukrayna kimi totalitarizmin destruktiv yükündən qurtulmağa çalışan cəmiyyətlər üçün bu ana xətt uğrunda cərəyan edən mübarizə sadəcə tarixi-elmi amac yox, həm də olduqca mühüm əhəmiyyət kəsb edən siyasi bir amacdır.

XS
SM
MD
LG